İranda ETİRAZ DALĞASI: "Molla rejiminin taleyini güneyli soydaşlarımız müəyyənləşdirəcək"
“İrandakı aksiyalara güneyli soydaşlarımız qatılacağı təqdirdə, molla rejimi düşə bilər”.
Bunu İranda keçirilən etiraz aksiyaları barədə Yenicag.az-a danışan “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı bildirib.
Partiya sədri qeyd edib ki, etirazlar gözlənilən idi:
“Hicab məsələsindən sonra İranın molla-fars rejimi bütün mümkün imkanlardan istifadə edib daha da genişlənən bu aksiyaların ciddi nəticələr verəcəyindən çəkinərək repressiyaları artırıb bir çox insanı ya həbsxanaya saldırdı, ya da öldürdü. Nəticə etibarilə, molla rejimi müvəqqəti də olsa, hakimiyyəti qoruyub saxladı. İran həm də İsraillə müharibədə ciddi zərbə almışdı. Fars-molla rejiminin yüksək ranqlı ruhaniləri və ailələri istisna olmaqla, xüsusilə də bizim soydaşlarımız İsrailə qarşı hər hansı bir etiraz aksiyası keçirmədi. Bu, əslində, bir mesajdır. Bu o deməkdir ki, İran rejiminin sütunları çökmək üzrədir. Çürümüş bir hökumət üçün vətən anlayışı o qədər də əhəmiyyət kəsb etmir. Təsəvvür edin ki, bu rejim nə qədər insanı pis hala salıb, soydaşlarımızın milli hüquqlarını pozaraq edamları azadlıq mücahidləri ilə doldurub, yenə də öz mövqeyindən əl çəkmir. Pezeskian da çalışır ki, rejim əhaliyə qarşı yumşaq davransın, müəyyən islahatlar keçirsin, rejimin ömrünü bir az da artıra bilsin. Lakin onun da sözünə baxan yoxdur. Çünki əsas söz sahibi ali dini rəhbər və onun aparatıdır. Onlar da dini diktaturanın yaradıcıları və daşıyıcılarıdır. Onları hər hansı bir etirazla hakimiyyətdən uzaqlaşdırmaq çox çətindir”.
F. Ağamalı aksiyaların başlamasının səbəbinin İranda sosial vəziyyətin çətinləşməsi olduğunu qeyd edib:
“Son dövrlər İranda davam edən aksiyalar təkcə dolların İran valyutasına nisbətdə ucuzlaşması deyil, İran valyutasının dəyərinin tamamilə itirməsidir. Bir kiloqram ət almaq üçün bir torba İran pulu ödəmək lazımdır. Əhalinin sosial vəziyyəti çox acınacaqlıdır, özbaşınalıq baş alıb gedir, insan hüquqları, demək olar ki, yoxdur”.
Partiya sədri qeyd edib ki, aksiyaların nəticəsini azərbaycanlılar müəyyən edəcək:
“Bizim soydaşlarımızın da hüquqları pozulur, onların haqq səsi boğulur, bəziləri asılaraq öldürülür, bəziləri zindana atılır. Düşünürəm ki, fars-molla rejimi son günlərini yaşayır. İndi burada çox vacib amil var. Əgər bu aksiyalar genişlənməsə, yenə də rejim əvvəlki kimi varlığını qoruyacaq. Bu isə yalnız bizim 30 milyondan çox soydaşlarımızın etiraz aksiyalarına münasibətindən asılıdır. Əgər Güney Azərbaycanın böyük şəhərlərində etiraz aksiyaları başlasa və davamlı xarakter daşısa, İran rejiminin fatihəsi oxunacaq. İzləyək, biz də biganə deyilik məsələyə. Təkcə qonşu kimi yox, 30 milyon soydaşlarımızın taleyindən narahat olduğumuz üçün. Onların vəziyyətinə biganə qala bilmərik. Düşünürəm ki, jurnalistlər də bu məsələyə biganə qalmamalıdır”.
Nurlan Cəfəri












