"Microsoft AI" rəhbərindən kritik XƏBƏRDARLIQ: "Süni intellekt nəzarətdən çıxa bilər"
“Microsoft AI”nin baş icraçı direktoru Mustafa Süleyman süni intellekt texnologiyasının gələcəyi ilə bağlı ciddi narahatlıqlarını dilə gətirərək müvafiq tənzimləmələr aparılmasa, sistemlərin bir neçə il ərzində nəzarətolunmaz həddə çatacağını bildirib.
Yenicag.az xəbər verir ki, Süleyman bu barədə BBC-yə verdiyi müsahibədə danışıb.
O qeyd edib ki, yaxın beş il ərzində bu sahədəki irəliləyişlərin həddindən artıq sürətlə baş verəcəyini və hazırda bu inkişafdan narahat olmayanların prosesin ciddiliyini anlamadığını vurğulayıb.
Süleymanın sözlərinə görə, bir çox sahədə insan performansını geridə qoyan “super zəka” arzusu böyük risklər daşıyır və insanların maraqları ilə uyğunlaşmayan bir sistemin bəşəriyyəti məhv edə biləcəyi qaçılmazdır. Bu təhlükə artıq iş bazarında da özünü göstərməyə başlayıb və “Microsoft”un apardığı araşdırmalar süni intellektin xüsusilə ofis işçilərinin peşələrini birbaşa əvəz etdiyini təsdiqləyir.
Hazırda tərcüməçilər, tarixçilər və riyaziyyatçılar ən çox risk altında olan qruplar siyahısında ilk sıralarda yer alır. Süni intellektin artıq layihə idarəçiliyi, strategiya qurma və marketinq kimi mürəkkəb tapşırıqları yerinə yetirə bildiyini qeyd edən Süleyman çağrı mərkəzi əməkdaşlarından sonra vəkil köməkçiləri və kiçik mühasiblərin də yaxın illərdə mövqelərini itirəcəyini proqnozlaşdırır.












