“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan 20-3.5-ci yeni maddədə Azərbaycan vətəndaşlığı olmayanlar kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək.
Məsələni Yenicag.az-a şərh edən İKT eksperti Osman Gündüz yeni maddənin qüvəyyə minməsini məntiqli hesab edir:
“Son bir neçə ildir ki, Azərbaycanda kibertəhlükəsizliklə bağlı mütəxəssislərin hazırlanmasına ciddi diqqət yetirilir. Artıq ölkəmizdə bununla bağlı xüsusi məktəblər formalaşıb. Bir-iki ay bundan öncə də İsrail ilə birlikdə Azərbaycanda kibertəhlükəsizlik mərkəzi açıldı. Mərkəzdə yaxın 1-2 il ərzində min nəfərə qədər mütəxəssisin yetişdirilməsi nəzərdə tutulub. Bundan öncə də bizdə bir neçə ildir ki, universitetlərdə bu istiqamətdə kadrlar hazırlanır. Eyni zamanda Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Vətəndaşların Xidmət Sosial İnnovativ Dövlət Agentliyi qurumları xüsusi məktəblər formalaşdırıblar”.
O.Gündüz yaxın zamanlarda Azərbaycanda bu istiqamətdə xeyli sayda peşəkar kadrların hazırlanacağını proqnozlaşdırıb:
“Kibertəhlükəsizlik Milli Təhlükəsizliyin tərkib hissəsidirsə, orada yerli kadrlara üstünlük verilməsi məntiqlidir”, – deyə Osman Gündüz bildirib.
Sadiq Cavadov
www.yenicag.az