Dalana dirənən müharibə, yerində sayan SÜLH PROSESİ: "Rusiya–Qərb qarşıdurması daha da dərinləşə bilər"
“Bölgədə indiki məqamda sülhün əldə olunması qlobal güclərin “dünyanın yenidən iki qütbə bölünməməsi” təklifləri ilə ziddiyyət təşkil edir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Zeynal Fətullayev bildirib. 
Z. Fətullayevqeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı müharibəyə ədalətli və davamlı həll yolu tapılmalıdır:
“Müharibənin dayandırılması üçün danışıqlara başlamaq zəruridir, lakin bunun qarşısında ciddi maneələr mövcuddur. Rusiya və Ukrayna arasında əsas çətinlik ondan ibarətdir ki, tərəflərin irəli sürdüyü şərtlər bir-biri ilə uzlaşmır. Rusiya hazırda nəzarətində saxladığı ərazilərdən geri çəkilmək niyyətində deyil, hətta geri çəkilməmək bir yana, atəşkəsi belə müzakirə mövzusu etmək istəmir və birbaşa sülh müqaviləsinin imzalanmasını tələb edir. Rusiyanın tələbləri sırasında Ukraynanın hələ işğal edilməmiş ərazilərinə dair iddialar da yer alır ki, bu da təbii olaraq Kiyev tərəfindən qəbul edilə bilməz.
Ukrayna Prezidenti Vladimir Zelenski üçün bu şərtlərə razılaşmaq mümkün deyil və bu, siyasi baxımdan da, dövlət maraqları baxımından da yolverilməzdir. Rusiya atəşkəsə yanaşmır, çünki mövcud vəziyyətin “dondurulması” onun işğal etdiyi əraziləri faktiki olaraq legitimləşdirə bilər. Beləliklə, yaranmış situasiya bir növ dalana dirənmiş vəziyyətdir”.
O qeyd edib ki, illərdir davam edən müharibə hər iki tərəfin resurs bazasını tükəndirib:
“Hazırda hər iki ölkə bir-birini tükəndirən mövqe müharibəsi aparır. Artıq nə Ukrayna öz torpaqlarını tam şəkildə azad edə bilir, nə də Rusiya yeni ərazilər işğal etməyə nail olur. Mövcud şərait hər nə qədər Rusiyanın xeyrinə kimi görünsə də, Moskva Ukraynanı tam şəkildə məğlub durumuna sala bilmir, Ukrayna isə təslim olmaqdan uzaqdır. Bu mənzərə göstərir ki, tərəflərdən heç biri qısa müddətdə həlledici hərbi üstünlük əldə edə bilməyəcək və müharibə uzunmüddətli geosiyasi qarşıdurmaya çevrilə bilər. İndiki şəraitdə sülh və ya atəşkəslə bağlı hər hansı razılaşma kağız üzərində Rusiyanın xeyrinə kimi görünə bilər, lakin bu cür razılaşma qlobal güclərin “dünyanın yenidən iki qütbə bölünməməsi” təklifləri ilə ziddiyyət təşkil edir. Bu halda Rusiya–Qərb qarşıdurması daha da dərinləşə bilər və beynəlxalq təhlükəsizlik sistemi ciddi şəkildə sarsılar”.
V. Zelenskinin istefa edəcəyi barədə şayiələrə fikir bildirən siyasi şərhçi bunun qeyri-real olduğunu deyib:
“Ukrayna Prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda istefa verəcəyi gözlənilmir. O, hazırda ölkəni müdafiə etməyə və müqaviməti davam etdirməyə çalışır. Düzdür, ABŞ tərəfindən müəyyən təzyiqlər mövcuddur, lakin bu təzyiqlər Zelenskinin istefasına yox, onun sülh danışıqlarında daha yumşaq mövqe sərgiləməsinə və müəyyən şərtləri qəbul etməsinə yönəlib. Yeni il ərəfəsində Zelenskinin istefa verməsi real görünmür, belə bir addım onun ölkəni ağır vəziyyətdə qoyub geri çəkilməsi kimi qiymətləndirilərdi və bu nə onun siyasi gələcəyi, nə də komandasının nüfuzu üçün arzuolunan deyil.
Bütün çətinliklərə baxmayaraq, hazırda Ukraynada ən yüksək ictimai dəstək məhz Zelenskiyə məxsusdur. Şübhəsiz ki, bəzi beynəlxalq güc mərkəzləri onun fəaliyyətindən narazıdır və onun siyasi səhnədə qalmasını istəmirlər. Lakin yekun qərarı həm Zelenski, həm də Ukrayna xalqı verəcək. Gözlənilir ki, yaxın aylarda Ukraynada daxili siyasi dinamika daha da kəskinləşsin və bu həm Qərbin, həm də region ölkələrinin siyasətinə təsir göstərsin”.
Nurlan Cəfəri












