ABŞ-IN VENESUELADA GÖZLƏNİLƏN HÜCUMDAN İMTİNASI: Çin-Rusiya "BÖYÜK OYUNU" qurdu
“Çin və Rusiya Maduronun hökumətdə qalması üçün Trampla razılaşmış ola bilər.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.
Politoloq Tramp və Maduro arasında baş tutan son telefon görüşməsinin detallarını ətraflı izah edib:
“Maduro ilə Tramp arasında telefon danışığının baş tutduğu həm Venesuelada, həm də ABŞ-da təsdiqlənib, amma bu telefon danışığında konkret hansı məsələlərin müzakirə olunması sualı açıq qalıb. Nə Tramp, nə də Maduro bu telefon danışığının məğzini açmayıblar. Venesuela ətrafında son dövrlərdə ciddi gərginlik müşahidə olunur, düzdür, bunu müxtəlif aspektlərdə izah edənlər də var. Bu məsələ həm də digər münaqişə vəziyyəti ətrafında sülh prosesinin aktuallaşdığı bir dövrə təsadüf edir.
Eyni zamanda, hesab olunur ki, Venesuelanın çox zəngin neft ehtiyatları ABŞ-ın diqqət mərkəzindədir. Maduro da ABŞ-a təklif etmişdi ki, neft yataqları birgə işlədilsin və ya ABŞ tərəfindən işlədilsin. ABŞ tərəfindən isə bununla bağlı hər hansı bir reaksiya verilmədi. Həmçinin, Venesuela limanlarında ABŞ-ın hərbi gəmilərinin yerləşdiyi haqqında məlumatlar mövcuddur. Dünyanın ən böyük aviadaşıyıcısı olan ABŞ-a məxsus gəmilər Venesuela sahillərində öz yerini tutub. ABŞ-ın hər an Venesuelaya zərbələr endirəcəyi fikirləri də irəli sürülüb.
Buna baxmayaraq, bu, baş verməyib və ümumiyyətlə, vəziyyəti yaxından izləyənlər o təsəvvürdədirlər ki, Karakasda ABŞ-ın hücumunu heç əhali də ciddi qəbul etmir. Trampın səsləndirdiyi bəyanatlardan belə nəticə çıxırdı ki, ən azından lokal raket hücumları edəcəkdi, amma bu da baş vermədi. Görünən odur ki, tərəflər arasında hərbi toqquşma baş verməyəcək. Telefon danışığının baş tutması və gələcəkdə növbəti danışığın baş tutma ehtimalı onu göstərir ki, Venesuela ilə ABŞ arasında müzakirə kanalı açıqdır.”
E. Mirbəşiroğlu Venesuelada ABŞ-ın təzyiqi ilə prezident dəyişikliyi ehtimalını dəyərləndirib:
“Maduronun hakimiyyəti tərk edib-etməyəcəyindən danışsaq, qeyd etməliyəm ki, o, bir neçə gün öncə ictimaiyyət arasında göründü və sonadək mübarizə aparacağını bildirdi. Digər bir məqam ondan ibarətdir ki, Çin və Rusiya Venesuelaya çox yaxından dəstək olur. Güman etmək olar ki, Venesuela ilə bağlı bu ölkələrin vasitəsilə hər hansı razılaşma olub. İctimai şəkildə hakimiyyətdən gedəcəyinə dair heç bir eyham vurmayıb. Bu baxımdan bu gün Maduro hökumətinin yaxın zamanda hakimiyyətdən gedəcəyini təxmin etmək çətindir.
İllər əvvəl də Venesuelada Maduronun hakimiyyətdən gedəcəyi an məsələsi idi, Xua Xuaido özünü prezident elan etsə də, Maduro hakimiyyətdə qaldı. Bu gün də ola bilsin ki, Tramp sona qədər qətiyyət göstərmədi və Maduro ilə hansısa məsələdə ortaq nöqtə tapıldı. Bu ehtimal da var ki, Venesuela sahillərindəki hərbi gəmilər vəziyyətin daha da ciddi olacağına dəlalət edə bilər.”
Nurlan Cəfəri












