!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ekologiya və ətraf mühitin mühafizəsi: Hansı mühüm addımlar atılıb? - TƏHLİL

!Reklam – Yazi

Ətraf mühitin qorunması müasir dünyamızın həll etməli olduğu vacib məsələlərdən biridir. Ekologiyanın çirklənməsi yalnız insanlara deyil, canlı və cansız aləmə təsir edə biləcək mühüm amillərdən biridir.

Hazırda dünyanı narahat edən əsas ekoloji problemlərdən biri qlobal istiləşmədir. Mövzu ətrafında dünyanın beyin mərkəzləri fəaliyyət göstərir, həll yolunu tapmağa çalışır.

Müharibələrin də dünyanın ekoloji tarazlığının pozulmasında pis mənada böyük rolu var. Bir çoxumuzun ikinci dünya müharibəsi zamanı atılan atom bombalarının izlərinin hələ də qaldığından məlumatı var. Atılan bu addım nəticəsində ərazinin ekologiyası zədələnib, canlı aləm tamamilə məhv olub. İkinci dünya müharibəsindən sonra ekologiyanın mühafizə olunmasında atılan mühüm addımlardan biri atom silahlarının beynəlxalq miqyasda qadağan olunması üçün imzalanan müqavilədir.

Gördüyünüz kimi, ekoloji problem və ətrafın qorunması yalnız Azərbaycanı narahat edən mövzu deyil. Yarana biləcək hər hansı problem nəinki bizə, bütün dünyaya təsir edə bilər. Bu səbəbdən mövzu ətrafında birlik olmalı, beynəlxalq əməkdaşlıq edilməlidir.

1962-ci ildə BMT-də “Ekoloji inkişaf və təbiətin mühafizəsi” haqqında qətnamə qəbul olunub. Qəbul olunmuş qətnaməyə əsasən ətraf mühitin qorunması bu təşkilata üzv bütün dövlətlərin vəzifəsidir.

Mövzu ilə bağlı Yenicag.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli bildirib ki, artıq Azərbaycan dünyanın tək yox tərkib hissəsidir.

Qloballaşan və gündən-günə modernləşən dünyanın ekologiyası insan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir:

“Azərbaycan istər beynəlxalq konvensiyalara, istərsə də daxili düzənə uyğun olaraq ətraf mühitin və ekologiyanın qorunması üçün mümkün olan hər bir addımı atır.

Çox təəssüf ki, Azərbaycan SSRİ tərkibində olduğu zaman ekologiyamıza ciddi zərər dəyib. Xüsusən Abşeron yarımadasında ətraf mühit nəzərə alınmadan neft istehsalı torpaqların çirklənməsi ilə nəticələnib. Əlavə olaraq isə dənizdə də neft istehsalı Xəzərin ekologiyasının pozulmasına gətirib çıxarıb. Həmçinin SSRİ dövrü neft-kimya fabrik-zavodlarının Sumqayıta daşınması havanın əhəmiyyətli dərəcədə zəhərlənməsinə səbəb olub.

Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan ətraf mühitin və ekologiyanın mühafizə olunmasında uğurlu addımlar atıb. Balaxanıda tullantıların təmizlənməsi üçün tikilən zavod, Böyükşor gölünün ətrafına yaşıllıq salınması və s. dövlətimizin ətraf mühitin qorunması üçün gördüyü işlərdir. Lakin bu yolda hələ də istəyimizə nail olmamışıq. İstəyimizə tam nail olmaq üçün cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır. Baxçalarda, məktəblərdə, universitetlərdə gənclərə ətraf mühitin qorunmasının vacib olduğu aşılanmalıdır. Ətraf mühiti qorumaq yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yox, hər birimizin vəzifə borcudur.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində ermənilər ətraf mühiti çirkləndirib. Meşəliklər, tarixi abidələr məhv edilib. Torpaqlarımızı işğaldan azad etdikdən sonra da ermənilərin təbiətə qarşı vəhşicəsinə davrandığının şahidi olduq. Meşələri qırıb, yandırmaları dəfələrlə mediada işıqlandırıldı. Əlavə olaraq Azərbaycan sərvətlərinin talanmasına qarşı eko-fəalların keçirdiyi aksiya sayəsində dünya ictimaiyyətinə ermənilərin təbiətə qarşı necə qəddar olduğu bir daha çatdırıldı”.

Qorxmaz İbrahimli onu da qeyd edib ki, ətraf mühitin qorunmasında geniş formada təbliğat işləri aparılmalıdır:

“Ətraf mühitin qorunması üçün polietilen torbalar yığışdırılmalıdır. Onların pulla satılması böyük nəticə verəcək addım deyil. Polietilen torbalardan istifadə tam məhdudlaşdırılmalı, əvəzində isə kağız və parça torbalar istifadə olunmalıdır.

Bundan başqa, həmçinin sudan qənaətlə istifadə edilməli və çirkləndirilməməlidir. Küçələrə, meşələrə, ümumiyyətlə ətraf mühitə siqaret kötüyü və digər tullantılar atılmamalıdır.

Ekologiyamızın və ətraf mühitin qorunmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz təkliflərini səsləndirməli, parlamentdə mövzu ilə bağlı müzakirə aparılmalı, məktəblərdə, universitetlərdə mövzu ilə bağlı dərsliklər hazırlanmalıdır. Gəncləri ağac əkmə aksiyalarına dəvət etməli, ətraf mühitin qorunmasında onlarında qatqısının olduğu öyrədilməlidir. Təbliğat işləri ilə gənclərin təbiətin qorunmasında və mühafizə edilməsində məsuliyyəti artırıla bilər”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanmışdır.

COP29

www.yenicag.az

1268
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv