Əliyev-Putin görüşünə Türkiyədən REAKSİYA: “Rusiyanın diqqətini yenidən Azərbaycana yönəlib”
Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib. Görüş zamanı Putin ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı başsağlığını çatdırıb, telefon danışığı zamanı üzr istədiyini xatırladıb. Rusiya lideri hadisənin araşdırmasının davam etdiyini və yaxın zamanda yekunlaşacağını bildirib.
Həmçinin deyib ki, həmin gün Rusiya hava məkanına müdaxilələr olub və Hərbi Hava Qüvvələri tərəfindən atəş açılıb; atəş təyyarəyə yönəlməsə də, qəlpələr təyyarəyə dəyib. Putin kompensasiyaların ödəniləcəyini və məsul şəxslərin cəzalandırılacağını vurğulayıb.
Yenicag.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, politoloq professor Hasan Oktay bildirib ki, bu bəyanatlar Cənubi Qafqazda regional balans və maraqların yenidən diqqət mərkəzinə gəlməsini göstərir.
O qeyd edib ki, 44 günlük müharibədən sonra imzalanan 10 noyabr üçtərəfli bəyanatı sülh sazişi ilə tamamlanmadığı müddətdə, bölgəyə marağı olan bütün güclərin diqqətini çəkəcək:
“Rusiyanın Cənubi Qafqaz siyasəti çarlıq dövründən başlayaraq Sovet və Federativ Rusiya dövrlərində də davam edib. Ermənistan-Azərbaycan arasında üçtərəfli sülh sazişi ilə bu siyasət sona çatmalı idi, lakin kifayət qədər cəsarətli addımlar atılmayıb.
Azərbaycanın enerji resursları və Avropanın bu enerji mənbələrinə çıxışı ABŞ-nin rolunu aktivləşdirib. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşərək Cənubi Qafqazda sülhə vasitəçi olmağa çalışıb. Bu isə Rusiyanın diqqətini yenidən Azərbaycana yönəldib”.
Professor Oktay əlavə edib ki, Türkiyə, Ermənistan və Azərbaycan arasında üçtərəfli sülh təmin olunmadığı müddətdə hər bir imperialist güc bölgədə öz maraqlarını həyata keçirməyə çalışacaq. Trampın bu yanaşması həm Rusiyanın, həm də İranın diqqətini regiona çəkib:
“AZAL-a məxsus təyyarənin vurulması məsələsində əvvəllər Rusiyanın reaksiyası minimal idi. Lakin, Tacikistandakı görüşdə bölgədəki maraqlarını qorumaq üçün Putin İlham Əliyevə diqqət göstərməyə başlayıb. Bu, Azərbaycan üçün son dərəcə önəmlidir, çünki ölkə regionda güclü dövlət kimi inkişaf edir”.
Professor vurğulayıb ki, Azərbaycan bölgədə güclü dövlətə çevrilmək istəyirsə, Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması vacibdir. Əks halda, Rusiyanın təkbaşına bölgəyə qayıtması, Cənubi Qafqazda əldə olunan bütün uğurlardan geri dönməyə səbəb olacaq.
Məsimə Məmmədova