Elmlər Akademiyası ləğv edilsin? – Təklifə reaksiyalar

media-hightechnic-468x90

скачанные файлы (12)Elmlər Akademiyasının alimi Faiq Ələkbərov “Reytinq” qəzetinə verdiyi müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası ləğv olunmalı olduğunu və ordakı institutların da müvafiq universitetlərin tərkibinə daxil edilməsi təklifini irəli sürmüşdür. Bəs digər gənc alimlər necə düşünürlər?

Məsələ ilə bağlı elm xadimlərinin fikrini öyrənməyə çalışdıq.

 

 

Əkrəm Həsənov.İlahiyyat üzrə fəlsəfə doktoru: Akademiya baglanmasın! Müasir dövrümüzdə Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması məsələsini gündəmə gətirməyi anlaya bilmirəm. Reallıq bundan ibarətdir ki, Milli Elmlər Akademiyasında saysız-hesabsız elmi fəaliyyətlə məşğul olmayan insanlar vardır. Bu şəxslər illərdən bəri olaraq az məvacib almalarını bəhanə gətirərək işləmək, elmi yeniliklər etmək, kitablar yazmaq, sahələri üzrə araşdırmalar aparmaq, məqalələr yazmaq, elmi pillələri qalxmağa səy etmək kimi yeniliklər etmirlər. Akademiyada bu məsələnin həlli mümkündür. Biz bilirik ki, sırf sahələri üzrə aktiv olan, kifayət qədər elmi araşdırmalar aparan gənclərimiz barmaqla sayılacaq qədər azdır. Belə gənclərin çoxu da, az məvaciblə ailələrini təmin edə bilmədikləri üçün elmdən və elmi dərəcələrdə yarışmaqdan uzaqlaşırlar. Çünki bu gün biz elm sahəsində çalışsaq da çox hallarda cəmiyyətin elmə olan biganəliyini də görürük. Bu biganəlik bir çox elmlə məşğul olan gəncləri elmi həvəsdən salır. Mən düşünürəm ki, Elmlər Akademiyasının tarixi adını saxlamaqla, həqiqətən də bir az oturub az da olsa, elmi fəaliyyətlə məşğul olmayan, illərdir bu sahədən aldığı məvacibə uyğun elmi fəaliyyətlə maraqlanmayan, adı olub özü elmi idarədə olmayan şəxsləri ixtisar edərək biz Akademiyanın nüfuzunu, hörmətini, ciddiyyətini qoruyub saxlaya bilərik. Xüsusi ilə digər bütün qurumlar da Milli Elmlər Akademiyası ilə sıx təmasda olmalı, öz sahələri üzrə gənc, orta və yaşlı alimlərlə müxtəlif məsələlərdən məsləhətlər almalıdırlar. Bu gün təəssüf edirik ki, hamının özü ilə məşğul olacağı bir həyatı yaşamaq istəyirik. Bu isə heç də ürək açan deyil. Çox vacib sahələr vardır ki, bizim dövlət və özəl qurumlarımız Milli Elmlər Akademiyasının mütəxəssislərini, alimlərini önə çəkməlidirlər. Mənim öz sahəm dinə aid olduğu üçün, ilahiyyat üzrə universitet diplomum, ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəm olduğu üçün də dinlə bağlı aidiyyatlı qurumların öz tədbirlərində, məclislərində, konfranslarında bizi də yada salmalarını istərdim. Mənim kimi Akademiyada çalışan müxtəlif sahələrin gənc, orta və yaşlı nümayəndələri də bunu arzu edirlər. Onlar öz sahələri üzrə aidiyyatlı qurumların səhlənkarlığını gördükdə elmi fəaliyyəti lazımsız hesab edir, məhz bu diqqəti görmədikləri üçün də gənclərimiz elmdən qaçırlar.

Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Bakı Elm Festivalı-2014”ün açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək alimlərimizin ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdıqlarını, həmçinin, elmi nailiyyətlərin təbliğində önəmli yer tutmalarını vurğulayaraq gəncləri elmə olan həvəslərini artırmalarını da tövsiyə etdi. Orada çıxış edən digər dövlət rəsmilərinin nümayəndələri də elmin və xüsusi ilə Akademiyanın böyük məktəb olduğunu bildirdilər. Bütün bunlar ona görə olur ki, ictimaiyyət elm adamlarının əlindən tutsun. Onlarla maraqlansınlar. Bu məsələdə bütün dövlət və özəl sektorlar böyük bir məsuliyyət daşıyırlar. Mən ümid edirəm ki, biz elmimizi, elmi gəncliyimizi qiymətləndirməliyik, elmdə olanları həvəsləndirməli, onlara maliyyə dəstəyi göstərməli, onları sahələri üzrə cəmiyyətin içərisində saxlamalıyıq. Biz Akademiyanı ləğv etmək əvəzinə ciddi islahat etməli, cəmiyyətimizin aparıcı qüvvəsi kimi bütün məsələlərdə alimlərimizi ön plana çəkməliyik. Belə olsa cəmiyyətin də elmə olan diqqəti artar. Bu məsələdə biz ümid edirik ki, gələcək illərdə daha mükəmməl elmi nailiyyətlərimizdə bütün vətəndaşlarımız biz alimlərin yanında olacaqlar.
Mən öz sahəmə aid deyə bilərəm ki, bizim Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çox qiymətli əlyazma xəzinəmiz qorunub saxlanılır, tədqiq edilir, orada orta əsrlərə aid müxtəlif sahələrdə əsərlər tətqiq olunur, təsvir olunur, tərcümə olunur, elə vaxtlar olur ki, bir il ərzində institumuz saysız-hesabsız elmi əsərlər, tərcümələr, tətqiqatlar aparır. Ümumilikdə Akademiyada nəşr olunan ədəbiyyatdan isə müxtəlif elm sahələri üzrə mütəxəssislər mənbə kimi istifadə edirlər. Belə bir halda əgər biz Akademiyanı ləğv etsək bəs onda bu elmi əsərləri ali məktəblər, orta məktəblər, digər sahələrin mütəxəssisləri haradan və necə əldə edib öz sahələrini inkişaf etdirəcəklər. Bütün bunlar mənim öz subyektiv fikirlərimdir. Fikirlərimlə kimsə razı olmaya bilər. Hamıya uğurlar arzu edirəm.
Səadət Şıxıyeva. AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru: “AMEA əməkdaşlarının çox düşünüb müzakirə etdiyi bir məsələ ilə bağlı mənə də müraciət etdiyiniz üçün sizə təşəkkür edirəm. Əslində AMEA ilə tədrisin əlaqəsi uzun müddətdir ki, müzakirə obyektidir. Elm və təhsilin bugünkü durumu belə bir əlaqələndirməyə zərurət olması qənaətini yaradır. Əslində Akademiya tipli, mərkəzləşdirilmiş elmi-tədqiqat institutları başqa dövlətlərdə də fəaliyyət göstərir və burada istiqamətə uyğun olan mütəxəssislər cəmləşdirilərək sırf elmi fəaliyyətlə məşğul olurlar. Amma bu ciddi alimlərin – alim kimi görünən böyük bir kütlənin deyil – məhz seçilmiş və azsaylı elm adamlarının toplandığı, elmi nəşrlərin, konfransların təşkili ilə məşğul olan elmi heyətin fəaliyyət yeri olur. AMEA-nın bugünkü durumu ciddi və köklü islahatlara ehtiyac olduğunu, müəyyən sahələrdə ixtisaslı kadr çatışmazlığını, əməyə görə dəyərləndirmədə tənasübün pozulduğunu və ümumiyyətlə ciddi problemlərin mövcudluğunu söyləməyə əsas verir. Bu kimi məsələlər kosmetik dəyişikliklərlə aradan qalxa bilməz. AMEA əməkdaşlarının fəaliyyətinin nəticələrinin dərsliklərdə əksini tapa bilməməsi, bizim yeni faktlar əsasında təkzib etdiyimiz məlumatların hələ də dərsliklərdə mühafizəkarlıqla qorunması da təhsilin səviyyəsinə mənfi təsir göstərir. Alimin sırf tədqiqatla məşğul olması dəyərli nəticələrin ortaya qoyulmasına münbit şərait yaratdığı kimi, o nəticələrin tədris prosesinə cəlbi tədrisin keyfiyyətini artırar. Əslində magistratura təhsilinin AMEA ilə əlaqələndirilməsi, gələcək alimlərin tədqiqat müəssisələrində uyğun sahələr üzrə ustad dərsləri alması təhsildə müsbət mənada keyfiyyət dəyişikliyinə şərait yaradar.”
Famin Salmanov. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent: “Son tariximizə nəzər salsaq görərik ki, analoji fikirlər və hətta təşəbbüslər əvvəllər də olub. Lakin 90-cı illərdə Azərbaycanın lideri Heydər Əliyev bu ümumilli məsələni təcrübəsi və qətiyyəti ilə həll edə bildi. Yəni tarix baxımından, belə fikirlər fərdi çıxışlarda ara-sıra təzahür edir.
Lakin bir məsələni diqqətdən kənarda saxlamaq olmaz. Axı bu gün Azərbaycanda fundamental və tətbiqi elmlərlə sözün əsil mənasında məşğul olan qurum, məhz Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan müəssisə və təşkilatlardır. Həmin müəssisə və təşkilatlarda dərin elmi tədqiqatların aparması üçün lazım olan maddi texniki baza və elmi irs respublikanın heç bir universitetində yoxdur.
Bundan başqa, yəqin xəbədarsınız ki, Akademiyanın yeni rəhbərliyi elmin inkişafı naminə Azərbaycan üçün qeyri-ənənəvi olan təşəbbüslər irəli sürür. Elə bu təşəbbüslərin birinin üzərində dayanaq: Elmlə təhsilin vəhdəti. Akademiya çalışır ki, elmin istər ölkədə və ondan xarıcdə imicinin qaldırılması məsələsinə təhsil ocaqları səviyyəsində baxsın. Əsas məsələ elmi tədqiqat apara biləcək kadrların yetişdirilməsilə bağlıdır. Universitetlərdən Akademiyaya gələn tələbə və magistrlərin bilik səviyyəsi onların elmlə məşğul olmasına imkan vermir. Bu məsələnin həllində Akademiya artıq irəliləyişə nail ola bilib. Bir-sıra universitetlərdə Akademiyanın “Baza kaferda”ları artıq yaradılıb. Bu kafedralarda təhsil alan gənclərə elmi araşdırmalar aparan Akademiyanın müxbir və həqiqi üzvləri dərs deyir. Onlar, həm də Akademiyada aparılan elmi tədqiqatlara cəlb olunur və ekspedisiya, laboratoriya tədqiqatlarında iştirak edir. Bir məsələni də qeyd edim ki, bu baza kafedralarda təhsil alan gənclər elmi müsair problemlərini özündə ehtiva edən buraxılış və dissertasiya işlərini yerinə yetirir ki, bu mövzular da Akademiya tərəfindən verilir. Həmin mövzular əvvəlki kimi “şablon”xarakter daşımır, yüksək elmi mahiyyəti və yeni eksperimental və analitik baza əsasında təcrübi araşdırmaları özündə ehtiva edir.
Ona görə mən hesab edirəm ki, bu fikri söyləyənlər Akademiyada çalışsa belə, Azərbaycanın indiki elm və təhsil sahəsindən bir qədər az məlumatlıdır.”
Sübhan Talıblı. AMEA Şərqşünaslıq İnstitutunun Gənc alim və Mütəxəssislər Şurasının sədri: “Universitetlərdə təhsil sisteminin formalaşmasına baxmayaraq, AMEA elm və tədqiqat aparmaq sahəsində həmişə öndə olub və bu gündə öndədir. Vacib olan odur ki, AMEA-da çalışan əməkdaşların maaşları artırılsın, mənzil şəraiti yaxşılaşdırılsın. Bİrdə ki, fikir bildirməzdən, öncə layihə tərtib olunsun, ölkədəki durumla beynəlxalq təcrübə əlaqələndirilsin”

 

Ramil Rüstəmov. AMEA Şərqşünaslıq İnstitunun kiçik elmi işçisi.“Biz əgər Avropanın təhsil və elm sferasına inteqrasiya ediriksə, bəli AMEA ləğv olunmalı tərkibindəki institutlar isə uyğun universitetlərə verilməlidir. Akademiya sistemi heç bir Avropa ölkəsində mövcud deyil, yalnız MDB ölkələrində qalıb. Bizdə həm keçmiş Sovet sistemi, həm də Avropa sistemindən bir az mövcuddur. Biz isə birini seçməliyik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600