Elşad Musayev: “20 Yanvar həm hüzn, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir”

media-hightechnic-468x90

 

“20 Yanvar hadisələri Azərbaycan tarixində xüsusi və əvəzsiz yer tutur”.

Bu fikirləri millət vəkili Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

media-img_2703

Deputat bildirib ki, 20 Yanvar təkcə hüzn günü deyil, eyni zamanda Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda göstərdiyi qəhrəmanlığın rəmzidir. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan xalqı əliyalın şəkildə böyük bir imperiyaya SSRİ-yə qarşı mübarizəyə qalxmışdı:

“Azərbaycanda güclü xalq hərəkatı var idi və bu hərəkatın əsas məqsədi ölkənin azadlığa çıxması idi. SSRİ-nin tərkibində olan digər respublikalarda Pribaltika ölkələrində, Gürcüstanda da oxşar proseslər gedirdi. Lakin Azərbaycanda xalqın qarşısını almaq üçün Sovet rəhbərliyi, başda Mixail Qorbaçov olmaqla, qətliam törətmək qərarı verdi”.

Elşad Musayev xatırladıb ki, 1990-cı il yanvarın 20-də sovet ordusu tanklar və ağır silahlarla dinc əhalinin üzərinə yeridildi, nəticədə 147 nəfər şəhid oldu:

“Əliyalın insanların üzərinə vəhşi şəkildə hücum edildi. Xalqımız şəhidlərini böyük sevgi və ehtiramla dəfn etdi. Biz həmin hadisələrin canlı şahidləriyik – həm xalq hərəkatının, həm də 20 Yanvar gecəsində xalqın nümayiş etdirdiyi sarsılmaz duruşun”.

Millət vəkili qeyd edib ki, Şəhidlər Xiyabanı xalqın öz şəhidlərinə verdiyi yüksək dəyərin rəmzidir və etiraz aksiyaları 20 Yanvardan sonra da davam edib:

“Nəticə etibarilə Azərbaycan müstəqilliyini qazandı. Bu gün bəziləri müstəqilliyin qazanılmasında 20 Yanvarın rolunu kiçiltməyə çalışır, deyirlər ki, Azərbaycan onsuz da müstəqil olacaqdı. Bu yanaşma dolayısı ilə şəhidlərimizin müqəddəs ruhunu incidir”.

Deputat vurğulayıb ki, əgər xalq azadlıq uğrunda canından keçməyə hazır olmasaydı, müstəqillik də asanlıqla əldə olunmazdı:

“İnsanlar niyə əliyalın sovet tanklarının qarşısına çıxdılar? Çünki azadlıq və müstəqillik istəyirdilər. Biz müstəqilliyimizi məhz bu fədakarlıqlar hesabına qazandıq”.

Sonda Elşad Musayev bir daha 20 Yanvarın həm hüzn, həm də qəhrəmanlıq günü olduğunu qeyd edərək bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa