Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarətindədir” - Səxavət Məmməd cəbhədən xəbər verir

“Döyüşün şiddəti o həddə çatdı ki, Madagiz və onun bitdiyi yarğan, qarşısındakı yüksəklik tozdan, qara tüstüdən, alovdan görünmürdü”

Bu sözləri döyüş bölgəsində əməliyyat şəraitini dəyərləndirən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd deyib.

Səxavət Məmməd qeyd edib ki, ermənilər gecə saatlarında xüsusilə, Ağdam və Tərtər rayonlarının müxtəlif yaşayış məntəqələrini artilleriyadan atəşə tutublar:

“Davam edən hərbi əməliyyatların müşahidəsi və təhlili belə deməyə əsas verir ki, müharibə hələ indi başlayır. Şiddətinə görə döyüşlərin bəlkə də ən ağır günü dünən oldu. Düşmən dünən təqribən saat 13:45-ə qədər Tərtərin rayon mərkəzi də daxil olmaqla, bir sıra kəndləri atəşə tutdu. Bizim artilleriya bölmələrimiz isə bu müddətdə Ağdərə istiqamətində Madagiz, Qlobus, Umudlu və Şahbulağa dəqiq zərbələr endirdilər.

Dünən saat 14-00-dan düşmənin Tərtərə bir mərmisi də düşmədi. Səbəb çox sadədir: Başları canlarının hayına qalmışdı. Artilleriya bölmələrimiz sözün tam mənasında düşmənin başına od yağdırırdı. Döyüşün şiddəti o həddə çatdı ki, Madagiz və onun bitdiyi yarğan, qarşısındakı yüksəklik tozdan, qara tüstüdən, alovdan görünmürdü.

Bu zərbələr nəticəsində düşmənin 6 texnikasının vurulduğunu şəxsən müşahidə etmişəm. Daha sonra dəqiqləşdirəndə, bu rəqəmin 30-dan çox olduğu məlum oldu. Seyidsulan istiqamətində isə tankların, “BMP-2”-lərin savaşı getdi. O ərazidə axşam saat 19-00-dan sonra yenidən artilleriya döyüşü başladı.

Gecə saat 23:20-dən etibarən Ağdamın Baharlı qəsəbəsi çox ciddi artilleriya atəşinə məruz qalıb, qəsəbədə hazırlanmış sığınacaqlar sakinlərin həyatını xilas edib”.

Əməkdaşımızın sözlərinə görə, bu gün səhər saatlarından etibarən, artilleriya döyüşləri yenidən intensivləşib:

“Müdafiə Nazirliyinin açıqladığı kimi, hazırda cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin düşməndən təmizlənməsi üçün əməliyyat keçirilir.

Bu gün səhər saatlarından etibarən, düşmən Tərtər rayonunun mərkəzi də daxil olmaqla, bir neçə kəndini yenidən atəşə tutub. Azərbaycan ordusu isə düşmənin Ağdərə və Madagiz istiqamətlərindəki mövqelərinə artilleriya zərbələri endirir. Hazırda mənim izlədiyim yerdən Ermənistan tərəfinin həmin istiqamətdə çox sayda hərbi texnikasının sıradan çıxarıldığı aydın müşahidə edilir. Bu, eyni zamanda, düşmənin canlı qüvvə itkisinə də məruz qalması deməkdir. Hazırda əməliyyat şəraitinə nəzarət tam olaraq Azərbaycan ordusundadır və başlanmış əməliyyat plan üzrə davam etdirilir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

650
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100