“Ərdoğanla Putin danışıqlar prosesində ağlabatan güzəştlərə gediblər” – Politoloq

Rusiya prezidenti Vladimir Putin dünən Moskvada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Prezidentlərin Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclası çərçivəsində baş tutan görüşündə əsasən, Suriyada yaranmış vəziyyət, bu ölkələrin hərbi fəaliyyətinin koordinasiyası müzakirə olunub.

Politoloq Fikrət Sadıxov Yeniçağ.Ru-ya müsahibəsində Rusiya və Türkiyə prezidentlərinin son görüşünün ikitərəfli münasibətlərin perspektivini dəyərləndirib.

– Ərdoğan toplantıdakı çıxışında bu ölkələr arasında normallaşma prosesinin başa çatdığını, həmin ifadəni bir daha işlətmək istəmədiyini deyərək, qarşılıqlı etimadın yaranmasını arzuladıqlarını bildirib. Sizcə, hazırda Ankara üçün Moskva ilə əməkdaşlıq nə dərəcədə vacib və sərfəlidir?

– Məlum təyyarə hadisəsindən sonra bu ölkələrin münasibətləri pozulmuşdu və indiki proses həqiqətən də, münasibətlərin yenidən qaydaya salınmasına yönəlib. Bu qarşıdurma yetərincə davam etdi. Ona görə də yuxarıda qeyd olunan fakt tərəflər arasında qarşılıqlı etimad və fəaliyyətə təsirsiz ötüşməyib. Şübhə etmirəm ki, Ankara ilə Moskvanın yenidən yaxınlaşmasına və əməkdaşlığına geopolitik fon təkan verib. İş ondadır ki, Türkiyənin Qərblə, xüsusilə, ABŞ-la münasibətlərinin kəskinləşməsi, o cümlədən, Gülənin ekstradisiya məsələsi və Ərdoğanın amerikalıların çaldığı havaya oynamaq istəməməsi Türkiyə-Rusiya yaxınlaşmasını şərtləndirən katalizator oldu. Fikrimcə, hər hansı fors-major hadisə baş verməsə, bu ikitərəfli əlaqələr müsbət zəmində də genişlənəcək.

– Kürd amilini nəzərə alsaq, Türkiyə Suriyada aparılan koordinasiyalı hərbi əməliyyatlar zamanı bu əməkdaşlıqdan hansı üstünlüyü qazanacaq?

– Hesab edirəm ki, Ərdoğanın Putinlə danışıqlarında kürd məsələsi heç də sonuncı sıralarda olmayıb. Yeri gəlmişkən, Ərdoğan özü də konfransda bu barədə danışdı. Onun sözlərinə görə, “tərəflər bu problemi müzakirə ediblər. Bu, Suriya ərazisindən Türkiyə üçün təhlükə yaradan terror təşkilatıdır və bu barədə danışdıq”. Məncə, tərəflər aparılan danışıqlarda ağlabatan güzəştlərə gediblər. Təcrübədən də göründüyü kimi, Rusiyanın və Qərb dövlətlərinin Suriyada kürdləri dəstəkləmələri Türkiyənin maraqlarına, onun ərazi bütövlüyünə neqativ təsir göstərir.
Məlumdur ki, Ankara üçün kürd məsələsi vacib və prinsipialdır – bunu Moskva da bilir. Türkiyə prezidentinin konfransda bu barədə danışması belə düşünməyə əsas verir ki, tərəflər məsələdə müəyyən anlaşmaya nail olublar. Eyni zamanda, zənnimcə, bundan sonra Suriyadakı hərbi əməliyyatlar prosedurunda müəyyən dəyişikliklər olacaq. Mümkündür ki, Moskva danışıqlarının nəticəsi olaraq, Ərdoğan Kremli Suriyadakı kürd silahlı qruplaşmalarına dəstəyin dayandırılmasının vacibliyinə inandırıb.

– İclasın əsas nəticələrindən biri də Türkiyə ilə Rusiyanın hərəyə 500 milyon dollar sərmayə ilə 1 milyard dollar həcmində birgə investisiya fondu yaratmasıdır. Bu fondun yaradılması iki ölkənin iqtisadiyyatına necə təsir göstərəcək?

– Həmin investisiya fondu hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Bu, qarşılıqlı investisiya olaraq, həm də yeni birgə layihələrin hazırlanması və icrasına, yeni müəssisələrin yaradılmasına yol açır. Bu, həm də hər iki ölkənin birgə iqtisadi inkişafına təkan verəcək mühüm amildir. Fondin yaradılması həm də qarşılıqlı etimadın dərinləşməsinə zəmin yaradacaq. Əgər hansısa birgə fondlar və ya layihələr yaradılırsa, bu, hər iki tərəfin rifahına xidmət edir. Birmənalı şəkildə deyə bilərik ki, iki ölkə arasında meydana gələn əvvəlki gərginlik uğurla aradan qaldırılıb.

– Türkiyənin Qərb, Avropa İttifaqı və Körfəz ölkələri ilə iqtisadi əlaqələri fonunda Ankara üçün Moskva investisiyaları nə qədər vacibdir?

-Türkiyə ilə iqtisadi əməkdaşlıq Rusiya üçün çox vacibdir. Çünki bu işbirliyi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsirini azaltmaq üçün Moskvaya yeni imkanlar yaradır. Moskva bu imkanı əldən vermək istəmir və öz iqtisadi vəziyyətini düzəltməyə çalışır. Bu, bir çox sahələrdə – Suriyada fəaliyyətin koordinasiyası, turizmin genişləndirilməsi, humanitar əlaqələr və s. özünü göstərir. Qeyd edim ki, strateji məsələlər hər iki ölkə üçün öndə gəlir və bu əməkdaşlıq həmin dövlətlər üçün faydalı olacaq.

Yeniçağ.Az