“Ermənistan qarşıdurmaya gediləcəksə, öz dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq”.
Bu sözləri Ermənistan Azərbaycan arasında münasibətlərin tənzimlənməsi yolunda atılan addımlar və növbəti ildə gözlənənləri Yenicag.az-a şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev deyib.
O, bildirib ki, Ermənistandan pozitiv heç nə gözləmək olmaz:
“2024-cü il yekunlaşır, bu il də sülh müqaviləsi imzalanmadı. Ermənistan verdiyi sözə əməl etmədi, götürdüyü öhdəlikləri yerinə yetirmədi. Əksinə, fürsətdən istifadə edib arxasında olan qüvvələr vasitəsi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası apardı. 2025-ci ildə Ermənistandan başqa siyasət gözləmək olmaz. Paşinyan üçün əsas sülh müqaviləsi imzalamaq deyil, onun üçün əsas vaxt qazanmaq, siyasi rəqiblərini sıradan çıxarmaq, hərbi, iqtisadi, siyasi baxımdan güclənməkdir. Siyasi baxımdan rəqiblərini sıradan çıxarıb, hərbi baxımdan xeyli dərəcədə silah-sursat alıblar, iqtisadi baxımdan da Rusiya ilə iqtisadi əlaqələr baxımından xeyli qabağa gedib. Paşinyanın əsas istəyi 2025-ci ili başa vurmaq, prosesi 2026-cı ilə qədər uzatmaq istəyir. Çünki 2026-cı ildə seçkilər olmalıdır. 2025-ci ilə bəhanələrlə yola versələr, 2026-cı ildə bəhanə edəcəklər ki, seçkilər keçirilir, addımlar atmaq olmaz. Ona görə də Ermənistandan pozitiv heç nə gözləmirəm”.
Millət vəkilinin sözlərinə görə, Ermənistana yalnız təzyiqlər qarşısında güzəştə gedə bilər:
“Ermənistan təzyiqlərə dözməyərək Qazax rayonunun 4 kəndini geri qaytarmalı oldu. İndiki halda da, əgər dünyada, bölgədə vəziyyət dəyişəcəksə, Ermənistan geri çəkilmək məcburiyyətində qalacaq. Ermənistanı kənardan müəyyən qüvvələr qızışdırır ki, təxribatlar etsinlər. Əgər təxribat olacaqsa, Azərbaycan cavabını verəcək. Bütün hallarda, hərbi toqquşmaları istisna etmirəm. Ermənistan silahlandırılır, bundan əlavə erməni tərəfini təxribatlara təhrik edirlər. Belə olan halda sərt cavab da veriləcək”.
“Ermənistandan pozitiv bir şey gözləməsəm də, hadisələrin Azərbaycanın maraqlarına uyğun cərəyan edəcəyinə də inanıram. Çünki Azərbaycan hərbi, siyasi, iqtisadi baxımdan Ermənistandan qat-qat güclüdür. Azərbaycanın müttəfiqi Türkiyə bu bölgədə daha açar rolu oynayır. Suriya hadisələri bunu göstərdi. Bundan sonrakı mərhələdə də iri güclər də Türkiyənin mövqeyi ilə razılaşmalı olacaqlar. Zəngəzur dəhlizinin açılmasında Türkiyənin, Azərbaycanın, türkdilli ölkələrin öz maraqları var. Çinin, İngiltərənin isə öz maraqları var. Bütün hallarda, Ermənistana sülhə məcburetmə siyasətini ardıcıllıqla davam etdirməliyik”, – BAP sədri əlavə edib.
“Ermənistan dövlətinin tək çıxışı yolu Azərbaycan tərəfinin təklif etdiyi beynəlxalq hüququn prinsipləri ilə əlaqələr qurmalıdır. Türkiyə və Azərbaycana qarşı torpaq iddiasından əl çəkməlidir. Bu bölgədə hüzur olmalıdır. Əgər Ermənistan bunları etməyəcəksə, qarşıdurmaya gediləcəksə, Ermənistan öz dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaq”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd
www.yenicag.az