“Ermənistan üçün arxivlərin açılması, …”

media-hightechnic-468x90

jjjjjjjjjjjjjjjÖtən həftə Bakıda erməni saxtakarlıqları ilə bağlı yeni faktların açıqlanması İrəvanda isterik reaksiyaya səbəb olub. Hələ XX əsrin əvvəlində rus sovet tarixçisi İosif Orbelinin aşkarladığı tarixi saxtakarlıq faktlarının ictimailəşməsinə tutarlı cavab tapa bilməyən Ermənistan tərəfi, “Voskanapat” analitik mərkəzinin direktoru kimi təqdim olunan Levon Məlik-Şahnazaryan adlı birisini ortaya atıb. O isə, öz növbəsində, guya Azərbaycanın yalanlarını ifşa etmək üçün erməni institutlarını İ.Orbelinin elmi irsini nəşr etdirməyə çağırıb.

“Görünür, Ermənistanda hiss ediblər ki, artıq onların çoxəsirlik saxtakarlıq sisteminin bünövrəsi laxlayır. Mənim “Qafqaz Albaniyası xalqlarının tarixi və mədəni irsi insan hüquqları kontekstində” konfransında səsləndirdiyim faktlara belə qeyri-adekvat reaksiya da bundan irəli gəlir”, – deyə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov “Region Plus”a müsahibəsində bildirib.

Sektor müdiri qeyd edib ki, hələ üç il əvvəl o, İ.Orbelinin 1919-cu ildə bütün tirajı yığışdırılmış “Qanzasar və Avotsptuk kitabələri” adlı əsərini Sankt-Peterburq arxivlərindən tapıb üzə çıxaranda da ermənilər oxşar reaksiya vermişdilər.

“Əvvəlcə erməni tərəfi iddia edirdi ki, Orbelinin, ümumiyyətlə, belə kitabı olmayıb. Amma mən onu tapdıqdan sonra ermənilər Petroqraddakı daşqın nəticəsində kitabın şriftlərinin itdiyini, bu üzdən də, onun çap olunmadığını söyləməyə başladılar. Biz bunun da yalan olduğunu üzə çıxardıq – həmin il Petroqradda, ümumiyyətlə, daşqın olmayıb, şriftlər – kitabın literləri isə heç də ermənilərin dedikləri yerdə saxlanılmırmış. Bundan sonra erməni tərəfi kitabın olduğunu etiraf etdi, hətta guya bizi “ifşa” etmək üçün onun rus dilinə tərcümə olunacağını da bildirdi. Lakin bu tərcümə hələ də ortada yoxdur” – F. Axundov bildirib.

O qeyd edib ki, Orbeli öz kitabında hazırda işğal altındakı torpaqlarımızda yerləşən Qanzasar monastır kompleksinin daş kitabələrinin ondan əvvəlki tərcümələrində yanlışlıqların olduğunu öz əli ilə aydın şəkildə yazıb. Söhbət XIX əsr kilsə xadimləri Calalyants, Şaxatunyants və Barxudaryants tərəfindən edilmiş tərcümələrdən gedir. Onlar bu işi erməni kilsəsinin sifarişilə görüb və bunun müqabilində kilsədən rütbə almışdılar.

Bunu üzə çıxarmaqla əslində erməni saxtakarlıq sisteminin bünövrəsinə ciddi zədə vurduğunun fərqinə varmayan İ.Orbeli 1922-ci ildə öz əlilə yazdığı məktubda kitabının hələ də işıq üzü görməməsindən gileylənir.

F.Axundov onu da vurğulayıb ki, erməni tərəfi alban katolikosunun patriarx rütbəsinə malik olduğunu hər vəchlə gizlətməyə çalışır və əgər L.Melik-Şahnazaryan buna şübhə edirsə, adıçəkilən kilsə xadimlərinin əsərlərini və 2009-cu ilədək dəfələrlə nəşr edilmiş erməni müəlliflərinin digər oxşar işləri ilə tanış olsun.

“Erməni saxtakarlarını qabaqcadan xəbərdar etmək istərdim ki, bizim xahişimizlə bir sıra xarici ölkə mütəxəssisi Qanzasardakı müqəddəs İoan kilsəsinin baş yazısını oxuyub və onların hamısı bir ağızdan bildirir ki, orada “alban katolikosu Nersesin patriarxlığı dövründə” yazılıb. Patriarx rütbəsi isə Alban kilsəsinin müstəqil olduğundan və İsa peyğəmbərin həvaliləri tərəfindən birbaşa səlahiyyət aldığından xəbər verir. Qanzasarın baş kitabəsindən görünür ki, alban katolikosları patriarx rütbəsini orta əsrlərdə də qoruyub-saxlayıblar.

Bundan başqa, Rusiyadan əldə edilmiş arxiv materiallarından məlum olur ki, alban katolikosunun patriarx rütbəsi Qarabağda düz XIX əsrin əvvəllərinədək onlarda qalıb və yalnız sonradan ləğv edilib, alban məbədləri isə Eçmiadzin erməni kilsəsinə verilib” – deyə F. Axundov vurğulayıb.

O bildirib ki, hazırda onun xahişilə əcnəbi və azərbaycanlı alimlərdən ibarət qrup Orbeli tərəfindən Qanzasarda toplanmış yazıların tərcüməsilə məşğuldur. Araşdırmaların yekunu olaraq Orbelinin əsəri və yazıların tərcümələri nəşr etdiriləcək. O zaman Ermənistan hakimiyyətinin tarixi saxtalaşdırmaq yolu ilə öz xalqını necə aldatdığı tam sübuta yetiriləcək.

F.Axundov, həmçinin vurğulayıb ki, faktiki olaraq Qarabağ məbədlərini tədqiq etməkdən daşınması müqabilində İ.Orbeliyə başgicəlləndirən vəzifə yüksəlişi təmin edilib. O, bir sıra başqa vəzifələrlə yanaşı həm də Ermənistan SSR Elmlər Akademiyasının ilk prezidenti postunu tutub. Görünür, hansısa qüvvələr bu gənc alimin böyük potensialını Ermənistanın özünə sərf edən məcraya yönəldə biliblər.

“O ki qaldı L.Məlik-Şahnazaryanın erməni alimlərini İ.Orbelinin elmi irsini nəşr etdirməyə çağırmasına, çox istərdim görüm ki, onlar danılmaz faktları bu dəfə necə yozacaqlar. Lakin Ermənistan üçün arxivlərin açılması dəhşətli yuxu kimidir və bu səbəbdən onlar, yəqin ki, bu çağırışı da qulaqardına vuracaqlar. Necə ki, illərdir qondarma “erməni soyqırımı” məsələsinin araşdırılması üçün Türkiyənin arxivləri tarixçilərin üzünə açmaq çağırışına məhəl qoymurlar” – F. Axundov bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600