"Dilimizin modernləşdirilməsi üçün sistemli yanaşmaya ehtiyac var" - Sahibə Qafarova
“Dilimiz bizim tarixi yaddaşımız, dövlətçiliyimizin təməli, milli mənəviyyatımızın özəyidir”.
Yenicag.az xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova 2025-ci il dekabrın 8-də parlamentdə keçirilmiş “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı səsləndirib.
Spiker xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr edilən tədbirdə qeyd edib ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Milli Məclisin sədri vurğulayıb ki, dövlət başçısının bu çağırışı dil məsələsinin təkcə dövlət orqanlarının deyil, bütün cəmiyyətin üzərinə düşən milli məsuliyyət olduğunu göstərir.
Qeyd olunub ki, bu çağırışlar bir daha göstərir ki, Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, bu dil bizim milli yaddaşımızın aynasıdır, mənəvi irsimizin daşıyıcısı, dövlətçilik təfəkkürümüzün formalaşdığı bir məkandır. Dilimizin yaşaması və inkişafı millətimizin yaşaması və inkişafı deməkdir. Bu dil əsrlərin hikmətini, şairlərin sözünü, düşüncə adamlarının ideyalarını, millətin ruhunu daşıyır.
Azərbaycan dilinin bu gün inkişaf etdiyini söyləyən Sahibə Qafarova bununla belə qlobal proseslərin qarşıya yeni tələblər qoyduğunu bildirib. Onun sözlərinə görə, dünya dəyişir, yeni texnologiyalar icad olunur və dilimizin həm qorunması, həm də modernləşdirilməsi üçün sistemli yanaşmaya ehtiyac yaranır.
Spiker Sahibə Qafarova vurğulayıb ki, biz öz dilimizi qoruduqca güclənəcəyik. Biz bu dili inkişaf etdirdikcə dünyada yerimizi daha qətiyyətlə möhkəmləndirəcəyik. Bu dilin gələcəyinə sahib çıxmaqla, biz əslində Azərbaycanın gələcəyinə sahib çıxırıq.












