Qafqazın yeni dəhliz MÜBARİZƏSİ: "İran Bakının müstəqil siqnalını qəbul etmir"
“İran ona aid olmayan məsələləri qabardır. Bütün bunlar da təbii olaraq münasibətlərimizdə müəyyən problemlər yaradır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

O, İranın xarici işlər nazirinin müavini Abbas Əraqçinin “Azərbaycan və İranın ümumi maraqları və müəyyən fikir ayrılıqları var” bəyanatını şərh edib.
Politoloq bildirib ki, Azərbaycanla İran arasında fikir ayrılıqları bir neçə məsələ ilə bağlıdır.
“Birinci əsas fikir ayrılığı İranın Azərbaycanın müstəqil siyasət yürütməsini qəbul etmək istəməməsidir. Düşünürlər ki, prinsipial qərarlar qəbul edilərkən İranın mövqeyi və yanaşması da nəzərə alınmalıdır. Hansı ki, bu məsələlərdən biri də İsraillə münasibətlərdir.
Azərbaycanın İsraillə əməkdaşlıq etməsi, İsraildən müəyyən silahlar alması İran tərəfindən qəti şəkildə qəbul edilmir. Həmçinin İsrailin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işlərində iştirak etməsi də İranı narahat edir. Əlavə olaraq, İran iddia edir ki, İsrail həmin ərazilərdə guya kəşfiyyat mərkəzləri qurur. Belə iddiaların isə həqiqətlə heç bir əlaqəsi yoxdur.
İkinci mühüm fikir ayrılığı Zəngəzur dəhlizi ilə bağlıdır. İran Azərbaycanla Naxçıvanı birləşdirən yolun onun ərazisindən keçməli olduğunu hesab edir. Başqa bir dəhlizə isə ehtiyac yoxdur deyir. Lakin bunun qəbuledilməz fikir olduğunu anlayan İran müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin əleyhinə çıxmağa çalışır. İddia edir ki, bu, Ermənistanın suverenliyinə ziddir.
Qısacası, İran ona aid olmayan məsələləri qabardır. Bütün bunlar da təbii olaraq münasibətlərimizdə müəyyən problemlər yaradır. Ümid edirik ki, zaman keçdikcə reallıq hissi önə çıxacaq və İranla Azərbaycan arasında bu kimi fikir ayrılıqları aradan qalxacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












