“Paşinyan əvvəl deyirdi ki, Qarabağın statusu Azərbaycan Konstitusiyası ilə tənzimlənməlidir, indi başqa hava çalır”.
Bunu Ermənistan tərəfinin nataraz siyasəti timsalında Azərbaycanı bəzi məsələlərdə günahlandırmasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynli bildirib ki, Paşinyan və onun ətrafı ölmüş ATƏT-in Minsk qrupunu diriltmək istəyir:
“Ermənistanın əsas niyyəti Minsk qrupunu diriltmək və onun vasitəsi ilə qondarma “Dağlıq Qarabağ” ideyasını gündəmə gətirməkdir. Rusiya elan etdi ki, Minsk qrupunun fəaliyyətinə xitam verilib. İclas keçirildi, iclasda Rusiyanın nümayəndəsi iştirak etmədi.
Paşinyan nataraz fikirlər söyləyir. Azərbaycanı müharibəyə hazırlaşmaqda və Ermənistanı blokadada boğmaqda ittiham edir. Azərbaycan Ermənistanı blokadadan çıxarmaq üçün kommunikasiyaların açılmasını, sülh müqaviləsinin imzalanmasını təklif edir. Ordunun möhkəmlənməsi müdafiə xarakterli tətbirlərin görülməsi anlamı daşıyır. Çünki Ermənistan kimi xəbis bir qonşumuz var. Ona görə də hər zaman hərbə hazır olmalıyıq. Müharibəyə hazırlaşan bir ölkə işğaldan azad edilmiş torpaqlarda bu cür nəhəng quruculuq işləri aparardı?
Azərbaycan istənilən danışıqlara gedir. Azərbaycan istəyir ki, tezliklə sərhədlər delimitasiya olunsun, kommunikasiyalar açılsın və sülh müqaviləsi imzalansın. Ermənistan bunu istəyirsə, ortaya siyasi iradə qoymalıdır.
Paşinyanın bu ikiüzlü, riyakar mövqeyi ilə uzağa getmək olmaz. Məsələləri uzadan Ermənistandır. Müharibə Azərbaycana lazım deyil”.
Səxavət Məmməd
www.yenicag.az