Ərşad Hüseynov: "Avtomobillərin utilizasiyası ilə bağlı vətəndaşların maarifləndirilməsinə ehtiyac var"
Avtomobil və digər mexaniki nəqliyyat vasitələri müəyyən istismar resurslarıana malikdir. Həmin resurslar tükəndikdə bu texnikalar real təhlükəyə çevrilməyə başlayır – ətraf mühitə daha çox zərər dəyir, qəza riski artır, baş verən qəzaların nəricələri daha ağır olur, onlar sıradan çıxdıqda həyətlərdə və küçələrdə yer tutur. Bütün bunlar belə avtomobillərin utilizasiyasını, yəni müasir texnologiyalardan istifadə edilməklə təkrar emalını zəruri edir.
Ölkəmizdə dövlət müstəqilliyinin bərpasından sonra sürətli avtomobilləşmə prosesi bir müddətdən sonra utilizasiyanın zəruriliyini üzə çıxardı. Bu istiqamətdə gedən ictimai müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli, 852 saylı Sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda utilizasiya bu təhlükəsizliyin təmin edilməsinin ayrılmaz tədbirlərindən biri olaraq müəyyən edildi. Bundan sonra utilizasiya prosesinin hüquqi əsası formalaşdırıldı, Utilizasiya Fondu yaradıldı. 2024-cü ilin noyabr ayından isə utilizasiya prosesinə start verildi. Hazırda Bakıda, Abşeron rayonunda və Gəncə şəhərində olmaqla 3 utilizator müvafiq qeydiyyatdan keçərək mexaniki nəqliyyat vasitələrinin utilizasiyası üzrə fəaliyyət göstərməkdədir.
Proses yeni başladığından cəmiyyətin bu proses, onun hədəfləri və mexanizmi barədə məlumatı çox azdır. Elə bu səbəbdən utilizasiyanı həyata keçirəcək təsisatlar da avtomobil sahibləri ilə kommunikası yaratmaqda, prosesin əhəmiyyətini çatdırmaqda müəyyən çətinliklərlə üzləşirlər.
Azərbaycan tarixinə “Yaşıl dünya naminə həmrəylik” ili kimi düşən 2024-cü ildə ölkəmiz dünyanın ən böyük ekoloji tədbirinə – COP 29-a uğurlu ev sahibliyi etdi. Ekoloji zərərlərin ən ciddi mənbələrindən biri mexaniki nəqliyyat vasitələrinin istismarıdır. Ətraf mühitin qorunmasına belə diqqət yetirən ölkəmiz üçün nəqliyyatın zərərli təsirinin azaldılması da ön planda olmalıdır.
Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnformasiya İctimai Birliyi tərəfindən “Nəqliyyat vasitələrinin utilizasiyasının yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması üçün əhəmiyyəti” adlı layihə üzrə bir sıra tədbirlər həyata keçirilmişdir. Layihənin icrası prosesində aparılmış təhlil və araşdırmalardan aydın olmuşdur ki, ölkəmizdə qeydiyyatda olan 1,9 milyona yaxın mexaniki nəqliyyat vasitələrinin təxminən 86%-nin istismar müddəti 10 ildən artıqdır. İstismar müddəti 20 ildən artıq olanlar isə az qala ölkənin nəqliyyat parkının yarısını (təxminən 47%) təşkil edir. Bütün bunlar nəqliyyat parkının ciddi surətdə sağlamlaşdırılması ehtiyacını göstərir. Bu prosesin vacib elementlərindən biri də səmərəli utilizasiya olmalıdır.
Ölkəmizin qanunvericiliyində stimullaşdırıcı elementləri olan utilizasiya variantı nəzərdə tutulur. Onun mexanizmi çox mürəkkəb olmasa da, prosesin yeniliyi səbəbindən cəmiyyətdə yetərincə məlumat olmadığı üzə çıxır. Ona görə də layihənin icrası prosesində mövcud qanunvericiliyin və nəqliyyat vasitəsini utilizasiyaya vermə prosesinin izahına, buna görə nəqliyyat vasitəsi sahibinə verilən güzəştin məbləğinin, ondan istifadə qaydasının şərhinə xüsusi diqqət yetirilib.
Ölkəmizdə utilizasiya prosesinin rəsmi operatoru olan “Təmiz Şəhər” ASC-nin verdiyi məlumata əsasən, 2024-cü ilin noyabrında bu günədək 800-dən artıq avtomobilin utilizasiyaya verilməsi ilə bağlı müraciətlər daxil olub, 500-ə yaxın avtomobil utilizasiyaya verilib. İlk mərhələ üçün yaxşı hesab edilən bu göstəriciləri daha da artırmaq üçün bir sıra istiqamətlərdə işlərin görülməsinə ehtiyac var.
Görüləcək işlərin vacib istiqamətlərindən biri dünyada formalaşmış təcrübəyə və elmi əsalandırılmış yanaşmalara istinad etməklə bu prosesin faydaları barədə cəmiyyətdəki məlumat boşluğunu aradan qaldırmaqdır. İnsanlar əmin olmalıdırlar ki, yol hərəkəti və ekoloji təhlükəsizlik üçün utilizasiya zəruridir. Bu, mənəvi və fiziki olaraq köhnəlmiş, real təhlükəyə çevrilmiş texnikanın dövriyyədən çıxarılmasının mədəni, könüllü və hər kəs üçün faydalı üsuludur.
Layihə çərçivəsində radioda canlı efirdə aparılan müzakirələr zamanı aydın oldu ki, köhnə avtomobillərin utilizasiyaya verilməsini təşviq edən və bunu stimullaşdıran dövlət mexanizminin cəmiyyətə çatdırılması, eyni zamanda yarasız avtomobilin daşıdığı təhlükənin izah edilməsi bu işdə dönüş yarada bilər.
Araşdırmalar göstərir ki, köhnə avtomobillərə ciddi ehtiyacın qalması həm də ictimai nəqliyyatın zəif olmasından qaynaqlanır. Ona görə də layihənin icrası gedişində köhnə avtomobillərin utilizasiyaya verilməsinə ən yaxşı zəmin yaradılması üçün ictimai nəqliyyatın inkişafına da çağırışlar edilib. Müasir dünyada dəbə çevrilmiş yaşıl enerjidən istifadə edən nəqliyyata, sağlam həyat tərzinin ayrılmaz hissəsi olan mikromobilliyə üstünlük verməyə yönələn çağırışlar da aparılan müzakirələrdə daim diqqət mərkəzində olub.
Layihənin icrası gedişində əsas istiqamətlərdən biri də utilizasiya prosesinin sürətləndirilməsinə, onun səmərəliliyinin artırılmasna yönələn ideya və təkliflərin formalaşdırılması olub. “Araz FM”in “Düzgün hərəkət” verilişinin efirində ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə aparılan geniş ictimai müzakirələr zamanı məlum oldu ki, utilizasiyanın həm hüquqi bazasının, həm də təşkilati-texniki tərəflərinin təkmilləşdirilməsinə ehtiyac var. Həm ekspertlər, həm də geniş dinləyici auditoriyası tərəfindən bu istiqamətlərdə maraqlı ideya və təkliflər irəli sürülüb. Həmin ideya və təkliflərin əsas qayəsi utilizasiya prosesini yaxşılaşdırmaq, utilizasiyaya marağı artırmaq və ölkəmizin avtomobil parkının yenilənməsində utilizasiyadan daha səmərəli istifadə etməkdir. Ümumiləşdirmə aparmaqla səsləndirilən əsas təklif və ideyaları belə qeyd edə bilərik:
– utilizasiyaya görə avtomobil sahibinə verilən güzəştin (eləcə də güzəşt əvəzinə ödənişin) məbləğinin artırılması;
– həmin güzəştin (ödənişin) avtomobillərin marka və modellərinə görə fərqləndirilməsi;
– utilizasiyaya avtomobil verən nəqliyyat vasitəsi sahibinə verilən təsdiqedici sənəd əsasında təkcə Azərbaycan istehsalı olan avtomobilləri deyil, həm də digər ölkələrdən idxal olunan avtomobilləri əldə edərkən güzəştlərin tətbiqinin nəzərdə tutulması;
– nəqliyyat vasitəsini utilizasiyaya verən şəxslər üçün onların ehtiyac duyduğu halda yeni avtomobil əldə etmək üçün güzəştli bank kreditlərinin verilməsi mexanizminin müəyyən edilməsi;
– ölkənin bütün regionları (iqtisadi rayonları) üzrə utilizatorların (yəni avtomobilləri utilizasiyaya qəbul edəcək məntəqələrin) təşkili;
– nəqliyyat vasitələrinin uçotdan çıxarılması mexanizminin sadələşdirilməsi və asanlaşdırılması;
– hərəkət edə bilməyən nəqliyyat vasitələrinin utilizasiya məntəqələrinə daşınması xərcinin də Utilizasiya Fondunun vəsaitləri hesabına qarşılanması.
Bunlardan başqa, gələcəkdə utilizasiyaya verilən nəqliyyat vasitələrinin komplektasiyası ilə bağlı müddəaların qanunvericilikdə təsbiti və komplektasiyaya uyğun olaraq utilizasiya ödənişlərinin məbləğinin differensiallaşdırılması ideyası da səsləndirilib.
Aparılan araşdırmaları və ictimai müzakirələri yekunlaşdıraraq düşünürük ki, ölkəmizdə utilizasiya prosesinin təkmilləşdirməsi istiqamətində xeyli işlər görülməlidir. Bu prosesə cəmiyyətin marağını artırmaq üçün maarifləndirmə işi daha da genişlənməlidir. İnsanlar inandırılmalıdır ki, istismara yarasız olan, fiziki və mənəvi köhnəlmiş, açıq-aşkar ekoloji və ümumi təhlükəsizliklə bağlı problem yarada bilən nəqliyyat vasitələrindən can qurtarmağın ən yaxşı yolu həmin nəqliyyat vasitələrinin utilizasiyaya verilməsidir.
Hesab edirik ki, səsləndirilən təkliflər və ideyalar da nəzərə alınmaqla utilizasiya prososinin hüquqi əsasəları və təşkilati məsələləri təkmilləşdirilsə, bu proses ölkəmizdə gözlənilən nəticələri verə bilər, avtomobil parkımız tədricən daha müasir və təhlükəsiz olar.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Müstəqil Nəqliyyatçılar” Məsləhət və İnformasiya İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Nəqliyyat vasitələrinin utilizasiyasının yol hərəkəti təhlükəsizliyi və ətraf mühitin qorunması üçün əhəmiyyəti” layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Hüquqşünas Ərşad Hüseynov