İrandakı etirazlarda ölənlərin sayı artdı
İranda iqtisadi problemlər səbəbindən başlayan və təxminən bir aydır davam edən etiraz aksiyalarında ölənlərin və saxlanılanların sayı ilə bağlı yeni rəqəmlər açıqlanıb.
Yenicag.az Haberler.com-a istinadən xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) mövzu ilə bağlı son məlumatları paylaşıb.
Məlumata görə, etirazlar zamanı ölənlərin sayı 3 308-ə yüksəlib, 24 266 nəfər isə saxlanılıb.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib./Oxu/












