!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsir götürülən zabit: "Arxadan ermənilər atır, qan itirməkdən də gözlərim görmürdü"

!Reklam – Yazi

1993-cü il iyun ayının 12-də erməni silahlı qüvvələri Mərzili, Yusifcanlı və Qiyammədinli istiqamətində hücuma keçib.

Azərbaycan tərəfi bu hücumun qarşısını alarkən, BMP 1 vasitəsilə düşmən tankını məhv edib.

Burada diqqət çəkən əsas məsələlərdən biri isə, bu hadisədən bir az əvvəl, ermənilərin tankla “şturmes”i vurmasından sonra zabitlərimizi əsir götürməsi olur. BMP 1-in tankı vurması nəticəsində xilas olan  zabitlərdən biri də Nail Kazımovdur.

Yenicag.az Nail Kazımovla reportajı sizə təqdim edir.

Kazımov Nail Ələkbər oğlu. 17 iyun 1970-ci ildə Beyləqan rayonunda doğulub. Texniki universitetin maşınqayırma fakültəsini bitirib. Universiteti bitirdikdən sonra, 1992-ci ilin mart ayında könüllü olaraq ordu sıralarına qoşulub. Rütbəsi leytenant olub. 1998-ci ildə tərxis olub.

– Ordu sıralarına necə qoşuldunuz?

– Universiteti bitirdikdən sonra sənədlərimi Milli Təhlükəsizlik Nazirliyinə vermişdim. Naxçıvanda xidmət etməli idim. Evdən razı olmadılar. Getmədim, sənədlərimi geri götürdüm. Üz tutdum, o vaxt Sahil metrosunun yanında yerləşən Respublika Hərbi Komisarlığına. Evdəkilərə əsəbləşmişdim. Zabit kimi orduya getmək istədiyimi dedim. Məni hərbi komisarın yanına buraxdılar.  Onun bir köməkçisi var idi, rütbəsi kapitan, özü də rusdilli idi. Mənə baxıb gülürdü. Sual verdilər ki, haradansan, hansı zonanı istəyirsən? Cavab verdim ki, “Beyləqanda yaşayıram. Ailəmin Naxçıvanda xüsusi xidmətə başlamağıma icazə vermədilər”.  Mənə vaxt verdilər ki, get evə, düşün, sonra gəl. Etiraz edib, orduya yazılmaq istədiyimi təkidlə bildirdim. Komissar Ağdama 708 saylı hərbi hissəyə zəng elədi: “Ssizə cavan bir kadr göndərəcəyəm. Ancaq evə gedəcək, novruz bayaramını keçirib, sonra gələcək”. Evə qayıtdım, heç kimə demədim. Bayram axşamı bildirdim ki, mənim paltarlarımı hazırlayın, səhər tezdən getməliyəm. Evdə çox narazıçılıq etdilər, ancaq gec idi. Səhər tezdən durduq, atam maşını ilə məni Ağdam rayonu Əfətli kəndinə apardı. Orada məni qarşılayıb, əmrimin verildiyini dedilər.

– 708-də hansı vəzifədə idiniz?

– Artileriyanın kəşfiyyat rəisi vəzifəsində xidmətə başladım.

– Gəlin, 1993-ci il, iyun aynın 12-də baş vermiş döyüşlərdən danışaq.

– Ermənilər həmin gün iki istiqamətdən – Şelli və Mərzili istiqamətindən hücuma keçmişdilər. Əvvəlcə məni Şelli istiqamətinə göndərdilər ki, orada dəqiq koordinatları verim, erməni tankları vurulsun. Şellidə idik, döyüş gedirdi, ancaq çox ciddi hücum yox idi. Bizimkilər erməniləri yerinə oturda bilmişdi. Yeni əmr gəldi ki, Novruzluya getməliyik. Novruzluda məktəbin qarşısına yığışmışdılar. Hərbi hissə komandiri Talıb Məmmədov gəldi. Bizə dedilər ki, ermənilər Mərzili, Yusifcanlı, Qiyaməddinli kəndinə giriblər, kəndləri viran qoyurlar. Bizdə “şturmes” var idi. O dövrdə bahalı raket sayılırdı. Deyilənə görə, onu Karyer Qasım pulla alıb, hərbi hissəyə veribmiş. Tapşırıq verildi ki, Mərziliyə gedib, orada mövqe seçib, ermənilərin hücuma keçən 12 tankını vurmaq lazımdır. Vəziyyət elə alındı ki, mən də Talıb Məmmədovun UAZ-ına oturası oldum. Novruzlunun Yusifcanlı, Qiyaməddinli tərəf çıxacağına çatanda bir ev var idi, orada bir çəlimsiz əsgər dayanmışdı. Əlində də bir ədəd qumbaraatan və cəmi bir mərmisi vardı. Bizə, məruzə etdi ki, erməni tankları gəlir. Talıb Məmmədov dedi ki, qorxma, biz də buradayıq. Tank gəlir, ancaq atəş açmır. Açığı tankın vahiməsi nəyə desən dəyər. UAZ-ın sürücüsü maşına minib, ərazidən uzaqlaşdı.  Talıb Məmmədov dedi, əsgər, hazır ol, tankı vur. Əsgərin əli əsdi, mərmi çinar ağacına dəydi. Bir mərmi var idi, o da boşa getdi, qaldıq tankın əlində. Talıb Məmmədov qışqırdı ki, qaçın. Ancaq biz onun yanından ayrılmadıq. Nə qədər qışqırdısa da, onu tək qoymadıq. Üçümüz də kəndin kənarındakı üzümlüyə girib qaçmağa başladıq. Talıb Məmmədovla mənim əlimdə tapança var, əsgərdə isə heç nə yoxdur. Tank əzə-əzə gəlir arxamızca. Gah sağa qaçırıq, gah sola qaçırıq. Komandir qışqırdı ki, siz ikiniz bir istiqamətdə qaçın, mən başqa. Talıb Məmmədovun da komandir olduğu bilinirdi – əynindəki formanın rəngi, səliqəliyi, papaq. Bilirdi ki, tank onu qoyub, bizim arxamızca gəlməz. Yenə yanından uzaqlaşmadıq. O hara gedirdisə, biz də onunla qaçırdıq. İyun ayının 12-i, isti hava, susuzluqdan canımız çıxır. Birdən gördük ki, tank dönüb geri qayıtdı. Düzünü deyim ki, tankdan bizə bir dənə də olsun güllə atılmadı. Sadəcə qovurdu. O vaxt belə bir mod var idi, tankla adamın belinə çıxıb, yerində sağa,sola döndərirdilər. Bəlkə də, o tankın niyyəti elə bu imiş. Qaça-qaça çınqıl yolla Novruzluya gəldik. Ermənilər Yusifcanlı və Qiyaməddinlidə bir neçə evi yandırmışdı.

– Yusifcanlıda 3 nəfəri – Mirzə, Ənnağı, Kəklik adlı şəxsləri əsir götürmüşdülər.

– Evlərin dağıdıldığını bilirdim, ancaq əsirlərdən xəbərim yox idi.

– Davam edin…

– Erməni tankları dərə ilə Mərzili istiqamətinə getdi, biz gəldik Novruzluya. Burada “şturmes”i gətirdilər. Kəşfiyyat məlumat verdi ki, Mərzilinin məktəbində Füzuli Məmmədovun komandirlik etdiyi 3-cü batalyon yerləşir.  Bizə tapşırıq verildi ki, “şturmes”i yerləşdirək və erməni tankları gəldikcə onlar vuraq.

– Kəşfiyyatın veridiyi məlumat doğru çıxdı?

– Kəşfiyyat gələndən sonra ermənilər hücum edib, 3-cü batalyonu məktəbdən çıxardaraq ora yerləşib. Bundan da xəbərimiz yox. Mərziliyə girəndə vıyıltı səsləri gəldi. Vüqara dedim ki, deyəsən, kənddə erməni var. Gülüb zarafat etdi ki, “o tərəfdə tank arxanca düşüb, hələ onun qorxusu səndən keçməyib”. Mərzilidə dörd yol ayrıcı var, oranı keçib sağa dönəndə məktəbə yol gedir. Gördük orada “Kamaz”, tank və adamlar dayanıb. Dönəndə gördük ki, məktəb tərəfdən üstümüzə sürətlə tank gəlir. Tankın da üstündə 15-ə yaxın hərbçi var. Vüqar dedi ki, bu kimdirsə bizi ayaqlayacaq. Tankla UAZ-ımız burun-buruna dayandı, tank lüləyini UAZ-ın üstünə qoydu. Tankın üstündəkilərin səsini eşidəndə başa düşdük ki, bunlar ermənilərdir. Maşını mühasirəyə aldılar. İçlərində ruslar da vardı. Bir balaca boy rus vardı, maşından düşəndə avtomatın lüləsi ilə qarnıma o qədər vurmuşdu ki, qarnımı hiss etmirdim. O an “şturmes”i gətirən TQAC dördyol ayrıcından çıxdı. Çıxmağı ilə tank onu vurdu.

– Vüqar necə vuruldu?

– UAZ-dan düşəndə Vüqar erməniləri atəşə tutdu. Avtomatı atıb, tapança ilə arxaya güllə ata-ata qaçdı. Tankın üstündəki DŞKA ilə kürəyindən güllə elə gəlmişdi ki, bütün içalatı çöldə qalmışdı. Üçümüz kürək-kürəyə durmuşduq. Mən də Ağdamın bütün artileriyasının xəritəsini qarnıma qoymuşam. Ermənilər üstümüzü yoxlayırlar. Silahımız yox idi. Biri qarnımıza vurur, biri belimizə, balaca rus qarnımı dağıtmışdı. Susuzluqdan ölürük. Mən də elə bir şans axtarıram ki, xəritəni gizlin yerə atım. Bir qədər sonra başa düşdük ki, bizi Qarakəndə aparacaqlar. Bizi qatdılar tankın qabağına, əllər boyun ardında gedirik.  Ələkbər Mərzili kəndindəndir. Arada tank qaz verir, elə bilirik üstümüzə çıxıb ayaqlayacaqlar. Qəfil atəş açıldı, tankı vurdular. Həmin vaxt qəlpə alnıma dəydi. Tankın sepi çıxdı, yerində fırlanmağa başladı. Tankın üstündəkilər yerə töküldü. Sonradan bildik ki, tankı BMP 1 vurub.

Çox qəribə idi, başqa vaxt Qarqar çayında su tapılmazdı. Həmin ərəfədə Qarqar çayında bir su var idi, adamın gözü qaralır. Qabil çaya tərəf qaçdı. Ona qışqırdıq ki, getmə. Ələkbərlə mən yaxınlıqdakı evin darvazasına tərəf qaçdıq.  Qabili çaya tullananda vurmuşdular, cəsədi çaya düşdü. Onun meyidini sonra tapdılar. Qabaqda mən qaçıram, arxamca Ələkbər. Güllə isti-isti olanda adam hiss eləmir, ancaq bir qədər sonra hər şey dəyişir. Hasara çatanda gördüm ayaqlarım yerimir. Elə haldaydım ki, tullana bilməzdim. Odur ki, qarnımı hasara söykəyib, özümü aşırdım. Gördüm ki, yanıma kimsə düşdü. Ələkbər idi, üz-gözümü sildi. Qanın içindəydim. Əlimi qaşlarımın üstündən qoymuşdum ki, qan yana axsın, yolu görə bilim. Ələkbərə dedim ki, “sən qaç, kənddənsən, tanıyırsan buranı. Bizimkiləri tap, əgər bizimkilər kəndi alsalar ya dirim, ya da meyitim burada olacaq, aparsalar da bilirsən ki, burada olmuşam”. Əlkbər etiraz edib, məni ayağa qaldırdı, qolumu keçirdi boyununa başladıq getməyə. Gördüm yeriyə bilmirəm, dedim, burax məni. Yıxıldım, qaldırdı, yenə yıxıldım. Ermənilər də, tankın üstünə çıxıb avtomatdan atəş açırlar. Bizi görmürlər, həyətlərdə ağaclar var idi.  Kənd yeridir, hər yerə dəmir barmaqlıqlar çəkiblər. Mal-heyvan dağıtmasın deyə tikanlı Akasiya ağacı basıdırıblar. Gəlib dirəndik birinci həyətə.  Ələkbər də qolundan yaralanıb. Əli ilə tikanların altını, eşələdi. Dəmiri qaldırdı, dedi, keç. Sürünə-sürünə yarıya qədər keçdim. Özü ağacların başın qırıb, üstündən tullandı. Məni çəkib-çıxartdı. Ayağımı yerə basa bilmirdim, qan itirməkdən gözlərim də görmürdü. Bu vəziyyətdə 10-a yaxın həyət keçdik. Böyük Qoz ağacı vardı, onun arxasına keçdik. “Ələkbər nə görmürəm, nə də ki, ayağım yer tutmur, get bizimkilərə xəbər elə, gəlib onlar aparsın” – üzümü ona tutub dedim.  Bir də baxdıq ki, evin arxasından yalan olmasın danadan hündür bir it çıxdı.  Bir-birimizə baxırdıq. Arxadan da ermənilər atırdı, ancaq ağacın arxasında olduğumuz üçün, güllə bizi tutmurdu.  İt bizə biraz qalmış dikəldi, baxdı, getdi. Artıq taqətdən düşmüşdüm, yerə uzandım. Ələkbər məni sürüməyə başladı. Yalan olmasın haradasa 500 metr məni sürüyə-sürüyə gətirdi. Gəldik ki, bizimkilər düzülüb. Komandirləri bizi tanıdı və Urala oturtdular. Vahimə, qorxu elə basıb ki, hər şeydən şübhələnirik. Birdən gördüm ki, üzümlüyün baş tərəfi ilə tank gedir. Elə bildim ki, bizi qabağına qatıb aparan tankdır. Döndüm Ələkbərə baxdım ki, o, da eyni hissi keçirir. Sürücünün yanında avtomat var idi, onu götürüb pencərəyə qoyub atmaq istəyirdim. Əsgər qışqırdı ki, atma, bizim tankdır.

Hospitala çatdıq. Yaralarımızı sarıdılar, bir-iki qəlpə çıxartdılar. Baş həkim tibb bacısına dedi ki, bu adam yatsa ayılmayacaq. Qan itirmiş adam, göz yumulur, dodağım quruyub, susuzluqdan ölürəm. Tibb bacısına yalvarıram ki, başına dönüm, qurban olum, mənə bir qurtum su ver. Həkim də tapşırıb ki, su vermək olmaz. Pambığı isladırlar, üzümü silirlər, hərdən dilimi çıxarıram ki, pambıqdan dilimə su dəysin, insafsız da pambığı çəkir. Bir müddət sonra həkim tünd qara çay və şokolad verməklərini tapşırdı. Gözüm gedir, tibb bacısı da məni şillələyib oyadır. Beləcə səhər saat 6-a qədər qaldım, sonra helikopterlə Bakıya apardılar.

– Sonradan müharibəyə qayıtdınız?

– 3 ay müalicə aldıqdan sonra qayıtdım gəldim hərbi hissəyə.

– Sizi kimin xilas etdiyinizi nə vaxt bildiniz?

– Açığı bilmirdim. 2017-ci ilin aprel şəhidlərinin ildönümü günü bilmişəm ki, bizi Rizvan Məmmədvəliyevin komandirlik etdiyi BMP-1 xilas edib. Bizi xilas edən atəşi də Fərrux Əsədov açıb.

– Və tərxis olundunuz…

– Başımdan aldığım yaradan sonra qəfil silah səsi gələndə ürəyim gedirdi. Bir neçə dəfə təkrar oldu. Axırda komandir dedi ki, sən burada işləyə bilməzsən. Etiraz etdim ki, qisasımızı almalıyıq. Biləndə ki biz atacağıq, onda heç nə olmurdu.  Komandir qərar verdi ki, mənim yerimi dəyişsin. 1998-ci ildə ordudan tərxis oldum. Axır vaxtlara qədər bayramlarda zırpaket partlayanda yıxılırdım.

Səxavət Məmməd

COP29

www.yenicag.az

7664
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv