“Ukraynaya qoşun göndərmək qədər axmaq və ağılsız heç bir hərəkət ola bilməz. Şərqi Almaniyada ifrat sağın qələbəsi də çoxlarına təəccüblü görünə bilər. Lakin 1989-cu ildə Qərbi Almaniya Şərqi Almaniya istəmədən, onların heç bir dəstəyi olmadan BMT-nin bu üzvünü anneksiya etdi”.
Yenicag.az xəbər verir ki, bu sözləri Fransa sosialistlərinin lideri, solçu Xalq Cəbhəsi fraksiyasının həmsədri Jan Luk Melanşon “LCI” telekanalında müsahibəsi zamanı söyləyib.
O, söyləyib ki, Şərqi Almaniya Qərbi Almaniyanın qurbanıdır və ilk dəfə post müharibə dövrünün nizamı orada pozulub.
“Kosovodan Krıma qədər olan bütün problemlərin kökü Şərqi Almaniyanın anneksiyasında yatır. Biz fransızlar almanları o qədər sevirik ki, iki Almaniyanın olmasını arzu edirik. Fransa dövləti Avropa büdcəsi istiqamətində bir sıra tələblərlə çıxış etməlidir. İfrat sağın qələbəsi bizim üçün ölüm hökmü olacaq. Bütün bunların günahı Emmanuel Makronun axmaq, ağılsız və mənasız siyasətində yatır. Fransa xalqını Xalq Cəbhəsini dəstəkləməyə, Fransanı xilas etməyə çağırıram. Biz müharibənin Fransaya sıçramasına imkan verməyəcəyik!” – solçu lider deyib.
Xatırladaq ki, Melanşonun sözügedən açıqlamasına cavab gecikməyib. Belə ki, hazırda Almaniyanın ana müxalifət partiyası sayılan Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz yerli media ilə söhbətində qeyd edib ki, Melanşonun fikirləri çox təhlükəli ideyalardır.
“Almaniya xalqının və dövlətinin birləşməsi Soyuq müharibəyə son qoymuş və Berlin divarının dağıdılması ilə dünyanı vahid hala gətirmiş tarixi hadisədir. Burada Almaniya xalqının vahid mövqeyi və iradəsi əsas rol oynayıb. Melanşon Almaniya ərazi bütövlüyünü mübahisələndirərək, Avropa üçün təhlükəli mövqe ortaya qoyub”, – deyə o bildirib.
Rafi Müslümov
www.yenicag.az