Göyçayda orta məktəb direktoru intihara cəhd göstərib.
Yenicag.az saytına daxil olan məlumata görə, 9 saylı orta məktəbin direktoru Akif Qəribov özünə qəsd edib. O, bu gün axşam saatlarında çalışdığı təhsil ocağının həyətində damarlarını kəsib. Hadisədən xəbər tutan yaxınları dərhal onu Göyçay rayon xəstəxanasına çatdırıblar. Əməliyyat edilən xəstənin koma vəziyyətində olduğu bildirilir.
Məlumata görə, A.Qəribovdan kimsə xeyli miqdarda rüşvət tələb edib. O da buna etiraz əlaməti olaraq, intihara əl atıb. Sakinlər rüşvət faktoruna görə, icra hakimiyyətinin başçısından – Mehdi Səlimzadədən şübhələndiklərini bildiriblər.
Göyçayda eyni gündə daha bir məktəb direktoru ilə bağlı dəhşətli hadisə qeydə alınıb. Belə ki, Çayarxı kənd ümumi məktəbinin direktoru Şamilov Mübariz Müzəffər oğlunun da ürəyi tutub. Müayinə üçün Bakıya aparılan direktor orada keçinib. Ondan da böyük məbləğdə pul tələb ediblərmiş.
Bir daha qeyd edək ki, rayonda icra başçısının məktəb direktorlarından yeni ilə kimi böyük məbləğdə rüşvət istədiyinə dair iddialar səsləndirilməkdədir.
Hər iki faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.