“Gülən şəbəkəsinə bağlı qurumda çalışmağım,  sadəcə peşəkar akademik fəaliyyət ilə bağlı olub” – Fərhad Mehdiyev

2016-05-19-01-47-15ferhadTürkiyədə çevrilişə cəhd təkcə qardaş ölkədə deyil, Azərbaycanda da ciddi reaksiya doğurdu. Çevrilişin ilk saatlarında bəzi azərbaycanlı aktivistlərin fərqli mövqe sərgiləməsi sonradan ciddi tənqid olundu. Çevriliş saatlarında yazdığı statuslara görə tənqid olunanlardan biri hüquq elmlər doktoru Fərhad Mehdiyev idi. Çevriliş cəhdinin üzərindən bir həftə keçsə də, yenə də F.Mehdiyev gündəmdədir və bəzi aktivistlər onu çevrilişə dəstək verməkdə ittiham edirlər. 

Bu barədə Yenicag.az-a açıqlama verən Fərhad Mehdiyev isə bu iddiaları qəbul etmir: “Azərbaycan cəmiyyəti müxtəlif və müasir cəmiyyətdir. Ölkəmizdə fərqli dinlər, mədəniyyətlər və etnək qruplar sülh içində yaşayır. Müxtəlif siyasi ideologiyalar qanun və pluralizm qaydaları daxilində birarada mövcuddur. Bu vacib demokratik prinsiplərə sadiq qalınmalıdır.

Lakin müxtəliflik və siyasi pluralizm, hər hansı ölkədə qanun və dövlətdən gizli şəbəkələrin, gizli dini camaatların, dövləti ələ keçirib qeyri-demokratik quruluş yaratmaq istəyən qruplara haqq qazandıra bilməz və bu cür qrupların qadağan edilməsi vacibdir.

İnkişaf elm və müasirliklə gəlir, hansısa dini cərəyan ya da təriqətə üzvlük isə, gerici bir təsirə sahib olur. Bu cür təriqətlərin dövlətə sızması və parallel dövlət xülyaları və cəhdləri isə yolverilməzdir. Demokratik cəmiyyətin seçki və Konstitusiya ilə formalaşan idarəçilik orqanları olur ve dövlət hakimiyyətini ancaq bunlar təmsil edə bilər. Gizli planlarla dövlət vəzifələrini ələ keçirib avtoritar, qeyri-demokratik, qeyri-dünyevi, dini dövlət qurmaq qanunsuzdur, hər kəs kimi mən də buna qətiyyətlə qarşıyam. Toplumda əmin-amanlıq və inkişafı təmin edən məhz demokratiya ve dünyəvilikdir.

“Gülən şəbəkəsinin” dövləti ələ keçirmək istəməsi ilə bağlı ortada kifayət qədər ciddi iddialar mövcuddur və bunlar da araşdırılıb soruşdurulmalıdır. Dövləti ələ keçirmək kimi qanunsuz cəhdlərin də qarşısı qətiyyətlə alınmalıdır. Mənim şəxsi qənaətim də budur ki, “Gülən şəbəkəsinə” aid olduğu deyilən bütün qurumların və ordaki şəxslərin fəaliyyəti araşdırılmalı və konkret şəxslərin bu iddialarla əlaqəsi ortaya qoyulmalıdır, dövləti ələ keçirməyə, mövcud höküməti qeyri-konstitusion yollarla yıxmağa cəhd edənlər cəzalandırılmalıdır.

Bər hüquq professoru olaraq, “Gülən şəbəkəsi” daxil olmaqla, mənim hərhansı şəbəkə ilə mənəvi ya da ideoloji-prinsipal bağım olmayıb və olmayacaq. Həmin şəbəkəyə bağlı olduğu qurumda çalışmağım da, sadəcə peşəkar akademik fəaliyyət ilə bağlı olub, parallel dövlət qurmaq istəyən şəxslərlə heç bir birliyim, əməkdaşlığım olmayıb. ABŞ XİN xətti ilə 3 dəfə Amerikada akademik məzuniyyətdə olsam da, heç vaxt Pensilvaniyaya getməmişəm və istəməmişəm də. Bir hüquqşünas olaraq, din adamları ilə hər hansı bir əməkdaşlıq aparmaq niyyətim olmayıb və olmayacaq.

Daim qüvvədə olan qanunvericiliyə uyğun yaşamış, dövlətin maraqlarına zidd hər hansı əməl törətməkdən uzaq durmuşam. Məruzə və dərs dediyim tələbələrə ancaq və ancaq demokratik hüquq disiplinləri təlim etmiş, əsla onları “Gülən camaatı” daxil olmaqla hansısa qeyri-formal birliyə dəvət etməmişəm.

Türkiyədə mövcud olan siyasi böhranla onu qeyd etməliyəm ki, bu gün etibarıyla Türkiyənin qanuni və legitim höküməti, 1982 Konstitusiyasına uyğun seçilən və Baş nazir Binali Yıldırımın başçılıq etdiyi Nazirlər Kabinetidir. İctimaiyyəti aldadaraq, dövlət televiziyası olan TRT üzərindən qanunsuz olaraq TSK adına bəyanat verən qiyamçılar isə, qanun qarşısında təqsirkardır və məsuliyyətə cəlb edilməlidir.

Bununla belə ifadə azadlığının sərhədlərini pozmadan, plüralizm qaydaları daxilində siyasi prosesslərlə bağlı analitik fikir və tənqidlərimi bölüşməyim, hansısa partiya ya da şəbəkəyə aidiyyət kimi başa düşülməməli, akademik azadlıq və siyasi pluralizm olaraq görülməsini qeyd etməliyəm. Bundan sonra da, normativ və elmi təhlillərə əsaslanan, tərifləyici, tənqidi ya da təhlili fikir bildirməyim davam edəcəkdir, fəaliyyətim şəffaf olacaq və dövlət maraqlarına ziddiyət kəsb etməyəcəkdir”.

Elçin

Yenicag.az

COP29