Hər birimizin əsəbini tarıma çəkən məqamlar var. Nə gizlədim, mən də uzun zamandır televiziya və digər mətbuat orqanlarının tutulduğu “manıslıq bəlası”ndan əziyyət çəkirəm.
Qəzavü-qədər belə gətirib ki, indi yaşadığım evdə nə internet var, nə də “krosnı”. Yəni ki, milli televiziyanın ümidinə qalmışam. Allah düşmənımə də göstərməsin!..
Bir ortabab mahnı ilə “tutuzduran” müğənni təbəqəsi, televizyalarda daha çox aldıqları yeni maşın, təzə ev, istirahət etdikləri məkan, ailə problemləri, övlad sərgüzəştləri ilə görünürlər. İki ildən bir klip çəkdirib, dörd ildən bir disk çıxarmaqla deyil, musiqi arxivimizə yaddaqalan, səviyyəli mahnılarla yox, toy qazanmaq naminə yaratdıqları süni qalmaqal, şou-küsmələr, yalançı evlənib-boşanmalarla çıxırlar.
Günah kimdədir, əcəba?! Mahnı əvəzinə süni qalmaqal yaradan müğənnilərdə, saxta küsüşmələri maraqla izləyən kütlədə, yoxsa kütlənin maraq dairəsində siçan kimi dövrə vuran televiziya rəhbərlərində?!
Ən böyük auditoriyası olan televiziya incəsənətdən yetim qalıb…
Axı bu verlişləri onların da övladları izləyir. Verlişlərin səviyyəsini, aşıladığı cılız prinsipləri gördükcə, kanalın bir küncündə “DİQQƏT! BEYİNƏ ZƏRƏRLİDİR!” xəbərdarlığının olmasını tələb etməyim gəlir.
Keçən il Ukraynada tanınmış universitetlərdən birinin teatr və kino fakültəsi dekanının müsahibəsini oxumuşdum. Adam yerli televiziya kanallarının acınacaqlı vəziyyətindən şikayətlənirdi. Sonra da əlavə edirdi ki, “çox danışmayım, sizin televiziyalara baxdım, elə eyni bəladayıq”.
Nə deyəsən? Bu hala yalnız müsəlmansayağı şükür etmək olar ki, bu gündə təkcə biz deyilik.
Kütləvi informasiya vasitələrinin son zamanlar dezinformasiya qaynağı olmağı ölkə rəhbərliyini də narahat edir, bu, başqa mövzudur. Amma iyirmi dörd saatlıq toyxana rejimi cahil kütlədən qeyri hər kəsi narahat etməkdədir.
Səhər proqramlarında – manıslar. Günorta ¬yenə onlar. Axşam şou və maqazin proqramları – yenə bu tayfa. Bir xəbər proqramımız var idi, ona da basqın ediblər. Bilmirsən bu manıs tayfasından necə qurtulasan?!
Xaricdən gələn bizim kanallara baxan olsa, elə bilər ki, əlimizdən mahnı oxumaq və dingildəməkdən başqa heç nə gəlmir.
Nədir bu epidemiyaya səbəb? Niyə bütün kanallar yemək bişirmə proqramlarında belə qarnir olaraq müğənni təklif edir? Sağlam qidalanmaq üçün dietoloq, həkim məsləhəti vermək yerinə niyə bu verilişlərin qazanı müğənnilərlə qaynayır?
Səbəb, çox güman ki, ölkənin Qarabağ problemindən sonra bir nömrəli bəlası olan cahillikdə… Bununla mübarizə aparırlır, çarxlar, layihələr hazırlanır. Ümidimiz var, inanırıq ki, nə vaxtsa müğənnilər qalmaqallardan pul çıxara bilməyəndə əsl sənətlə məşğul olmağa başlayacaqlar.
Axı onlara örnək olacaq müğənnilər az deyil. Azərbaycanın adını musiqi sənətiylə bərabər bütün dünyada tanıdan Alim Qasımov, Sevda Ələbərzadə kimi sənətçilərimiz də var. Təəssüf ki, belə peşəkarlar barmaqla sayılası qədərdir.
Azərbaycanda şöhrət – var-dövlətdən daha bahalı lüksdur. Bizdə alimlik, yazarlıqla məşhur olmaq perspektivi müəmmalı, hətta bir az da kobud desəm, müşkül məsələdir. Məşhur olmaq üçün gərək ya idmançı olasan, ya manıs.
Səhər proqramlarında boşluğu dolduran, günorta proqramlarında vaxt aparan, axşam proqramlarında gözə girən bu tayfanın oxuduğu, qulağa, mənəviyyata təcavüz edən mahnıları bir yana, arada verilən iki-üç suala verdikləri cavablar ümumiyyətlə “üzə çıxılası” deyil.
Əl-qərəz, bu yazımın yazılma səbəbindən, yəni səbr kasamı daşıran son damcıdan danışmaq istəyirəm.
Dünən axşam evdə iki meyxanaçının iştirak etdiyi verilişə baxırdılar. Nə qədər ahıldayıb, ufuldadım, kanalı çevirtdirməyə müvəffəq olmadım. Yorğun iş günündən sonra belə stress ata bilirlərmiş. Baxırsan, ali təhsilli ziyalı adamlar, siyasətin altını-üstünü, tarixin cikini-bikini bilirlər, gəl ki, bu manısların fotoşopda işlənmiş şəkillərinə baxib stress atırlar. Şəkillər də nə şəkillər!
Bircəciyini deyim. Deməli orta yaşlı, kilosu doxsanı aşmış bir meyxanaçı qadının (adlarını da bilmirəm ki, yazam) boynuna, arıq, kəkilini burnuna doğru darayan bir cavan kişini, belə türkün sözü, pis çıxmasın, mindiriblər. Anlaşılmaz oldu?! Bir dəqiqə izah edim. Deməli, iki güləşçinin fotosunu götürüb, birinin başını kəsib yerinə meyxanaçı qadının, o birinin başını da kəsib yerinə oğlanın şəklini yapışdırıblar. Bunlar da baxıb şəklə şərh verirlər. Studiyadakı, gözünün quşunu alnına qədər uzadan iki-üç xanım da qəşşş edib uğunurlar.
Bax, nə deyəsən?! Heç nə, nə deyə bilərik ki, camaatımız stress atır…
Rəfdən bir kitab götürüb, mətbəxə keçdim. Bir-iki cümlə oxuyandan sonra düşündüm ki, ilahi pərvərdigara, nə yaxşı ki, hamı bu manıs bəlasına düçar deyil. Kitab yazan, mənəviyyatın səviyyəli və sağlam qidalanmasına çalışan ruh sahibləri var.
www.yenicag.az