Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının başlatdığı impiçment proseduru fonunda istefa vermək fikrində olmadığını bəyan edib.
“Mən heç yerə getmirəm. Düşünürəm ki, hamı istefa arzumu unutmalıdır. Mən olmalı olduğum yerdəyəm”, – S.Zurabişvili televiziya ilə müraciətində deyib.
Xatırladaq ki, sentyabrın 1-də ölkənin hakim partiyası prezidentə qarşı impiçment prosedurunun başlandığını elan edib. Buna səbəb S.Zurabişvilinin hökumətdən icazəsiz Avropaya səfəri, Almaniya və Fransa prezidentləri, eləcə də Avropa Şurasının rəhbəri ilə görüşməsi olub. Bununla da, S.Zurabişvili konstitusiyanı pozub. Belə ki, əsas qanuna görə, prezident xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız Nazirlər Kabinetinin razılığı ilə həyata keçirə bilər.
Prezidentin vəzifədən kənarlaşdırılması üçün parlamentdə səsvermənin nəticələrinə əsasən deputatların üçdə ikisinin, yəni 150-dən 100-nün səsi tələb olunur./Oxu.az/
www.yenicag.az