Gürcüstanda seçki ərəfəsi gərginlik gözlənildiyindən də gərgin keçir. İstər hakimiyyət, istərsə də hökumət bütün gücünü səfərbər edib. Avropa xətti ilə Rusiya xətti arasında ciddi qarşıdurma var və bunun seçki günü və ondan sonrakı günlərdə daha da gərginləşəcəyini indidən demək olar.
Gürcüstanda kim qalib gələcək, kim uduzacaq, bunu qoyaq bir kənara. Baş verənlər regionumuza necə təsir edəcək? Heç şübhəsiz ki, Qərb institutları ilə yanaşı, region dövlətləri də Gürcüstandakı prosesləri yaxından incələyir və nəticələri hesablayır. Qərb ölkələrinin Gürcüstanla bağlı bəyanatları, bəzi qərarlarının iki səbəbi ola bilər. Birincisi, vizasız Avropanı görənləri daha da qıcıqlandırıb, mübarizəyə həvəsləndirmək.
İkincisi isə Qərb institutları düşünür ki, qalib gəlmək mümkün olmayacaq. Hər iki halda zərər görən Gürcüstan olacaq. Belə ki, Qərb uduzacağı təqdirdə, Gürcüstanı sıxışdırmaq üçün əlindən gələni edəcək. Rusiya uduzacağı təqdirdə isə Gürcüstan hərbi təhdid qarşısında qala bilər. Ən unikal variant kimi koalisiya kimi görünsə də, vəziyyət elə bir həddə gəlib ki, bunun olacağı gözlənilən deyil. Ancaq mümkün variantdır.
Azərbaycan üçün Gürcüstandakı seçkilərin nəticələri çox önəmlidir. Azərbaycanın tutduğu siyasi xəttə baxaq. Təkcə müqavilələr kifayət edir ki, Azərbaycanın siyasi yönünü göstərsin. Rusiya və Çinlə strateji tərəfdaşlıq bəyannamələri Azərbaycanın mövqeyini ortaya qoyur. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi iki dövlətin bir-biri ilə yaxınlığını ortaya qoysa da, siyasi çalarları azdır. Xüsusilə Çinlə imzalanan Bəyannamədə konkret siyasi mövqe nümayişi var – Tayvan Çindir!
Azərbaycanın Qərbə meydan oxuyurmuş kimi səsləndirdiyi bəyanatlara nəzərə alsaq, Qərbin Gürcüstanda qalib gəlməsi, Qərbin həm də Azərbaycan sərhədinə dayanması kimi də qiymətləndirilməlidir. Ona görə də, Azərbaycanın Gürcüstandakı seçkiləri diqqətlə izləməsi anlaşılandır. Ümumiyyətlə, Cənubi Qafqaz ölkələrin üçü də eyni xətti tutmadıqca regionda konflikt əskik olmayacaq. Təkcə Gürcüstanın Avropa İttifaqına, Ermənistan NATO-ya, Azərbaycan Rusiyaya yaxın olması regionda müharibə səbəbi ola bilər. Proseslərə bir qədər kənardan baxan tərəf isə Ermənistandır. Ermənistanın bu cür baxışı, əslində, pusquda durmaq anlamı daşıyır. Ermənistan nəticəyə görə hərəkət edəcək və sabah Ermənistanla Rusiyanın yaxınlaşması bizə təəccüblü gəlməməlidir.
Sual yarana bilər ki, Ermənistan bunu necə bacarır? Çox sadə cavabı var. Ermənistan səbrlə toxuyaraq, hörərək müəyyən həddə gəlib çatır. Azərbaycan isə hədəfə tez çatmaq üçün bütün imkanlardan istifadə edir. Yaranan ilk problemdə isə vəziyyət 180 dərəcə dəyişə bilir. Bir pilləni bərpa etmək asandır, ancaq sıfırı pik həddə çatdırmaq isə son dərəcə qəliz məsələdir. Hər sahədə öncə infrastruktur, türkiyəlilər demiş “alt yapı” çox önəmlidir.
Uşaq futbolu yoxdur, milli komandadan nəticə gözləyirik, ölkədə ən ciddi məsələləri belə lağlağıya qoyuruq, çəkilən filmlərin hamısı lağlağıdır, biz müharibə filmləri gözləyirik, olimpiya oyunlarında bir dəfə nəticə qazanana o qədər pul, para, mükafat veririk ki, eyni nəticəni təkrar edən idmançı tapa bilmirik, əvəzində hamısını kriminal aləmdə görürük. Buna o qədər misallar çəkə bilərik. Körpülər, yeraltı keçidlər tikiləndə tənqidləri düşmən dəyirmanına su tökmək kimi qiymətləndiririk, ancaq yağışdan sonra yeraltı keçidə dalğıc salmalı oluruq. Say, say bitməz.
Azərbaycana qarşı təhdidlər var? Nə qədər desək. Sabotajlar var? İstəmədiyimiz qədər. Misal üçün milli mənəvi dəyərlər ön plana çəkilir, Qərb dəyərlərinin yad olduğu deyilir, səhərisi gün biri çıxıb rahatlıqla “qızım ailə qurmazdan əvvəl başqa biri ilə yaşasa, ona pis baxmaram” açıqlaması verir. Dövlətin qarşısında bir nömrəli məsələ hərbi gücün artırılması olduğu bəyan edilir, ordunu didik-didik edirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir əməkdaşı rahatlıqla pensiyada olan bir polkovnikə “sizin pensiyanız çoxdur, dövlətin onu verməyə gücü çatmır” deyə bilir, pensiyalar hər ayın kefinə düşən günü verilə bilir. Sabotajın buynuzu, qulağı olur?
Regionda gərginlik artıqca təhdidlərin miqyasının daha da genişlənəcəyinin şahidi olacağıq.
www.yenicag.az