Gizli hərbi blok İFŞA OLDU: İran, Çin və Rusiya birlikdə necə hərəkət EDƏCƏK?
“İran, Çin, Rusiya artıq qeyri-rəsmi də olsa blok şəklində hərəkət edirlər”.
Bu sözləri İranın Rusiyadan MiQ-29 qırıcıları, S-400 hava hücumundan müdafiə sistemləri alması, eyni vaxtda Çinlə hərbi yöndə əməkdaşlığı və bunun yeni blokun yaranmasına gətirib çıxarma ehtimalını Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
O, bildirib ki, İranın Rusiya və Çinə üz tutmasının səbəbkarı Qərbdir:
“İsrailin İrana hücumu zamanı elə düşünülürdü ki, İran ağ bayraq qaldıracaq. Netanyahu ilk günlər sevincli idisə, artıq toqquşmanın 10-cu günü ABŞ-dən xahiş edirdi ki, İranla danışılsın və toqquşma dayandırılsın. İran toqquşmaları zamanı çox operativ işləyib. Həm Çinlə, həm də Rusiya ilə daimi əlaqədə olub və özünə lazım olan vasitələri alıb”.
Onun sözlərinə görə, əvvəl elə düşünülürdü ki, Rusiya S-400-ləri İrana satmaqdan imtina edib:
“Ancaq məlum olur ki, Rusiya ilə razılığa gəlinib. Belə bir məlumat da var idi ki, döyüşlər gedən zaman Çindən “Hongqi-10” (HQ-10) hava hücumundan müdafiə (HHM) sistemləri alınıb. Göründüyü kimi, İranın müdafiə qabiliyyətini artırması yüksələn xətlə gedir. Həm Çindən, həm Rusiyadan, həm də Pakistandan döyüş təyyarələri və HHM sistemlərinin alınması yönündə addımlar atılır. İran hava hücumundan müdafiə sahəsinə önəm vermirdi, artıq bu səhvlərini düzəltməklə məşğuldurlar”.
Müsahibimiz əmindir ki, bütün bunlara baxdıqda deyə bilərik ki, hər hansı bir blok rəsmi olaraq qurulmasa da, qeyri-rəsmi blok mövcuddur:
“İran, Çin, Rusiya artıq qeyri-rəsmi də olsa blok şəklində hərəkət edirlər. İrana qarşı gələcəkdə hansısa bir təcavüz olacaqsa, Çin və Rusiya onlara yardım edəcək”.
Səxavət Məmməd