Gürcüstan müxalifəti və onu dəstəkləyən qeyri-hökumət təşkilatları konstitusiya quruluşuna qarşıdır.
Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə Nazirlər Kabinetinin iclasında oktyabrın 26-da ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə Gürcüstan müxalifətinin və QHT-lərin reaksiyasını şərh edərkən bildirib.
Gürcüstan Nazirlər Kabinetinin rəhbəri növbəti dəfə hakim “Gürcü arzusu” partiyasının seçkilərdə qalib gəlməsinə diqqət çəkib.
“Ölkəmizdə seçkilər görünməmiş sakit şəraitdə keçib”, – deyən baş nazir Mərkəzi Seçki Komissiyasının fəaliyyətini də səmərəli adlandırıb.
Kobaxidze xatırladıb ki, Gürcüstan müxalifət partiyaları və onları dəstəkləyən QHT-lərin seçkilərin nəticələrini qəbul etməkdən imtina etdiyi vəziyyətlə ilk dəfə qarşılaşmır.
Eyni zamanda, Gürcüstan hökumətinin başçısı əmin edib ki, dövlət müxalifət və QHT-lərin ölkədə konstitusiya quruluşunu sarsıtmasına imkan verməyəcək.
Kobaxidze vurğulayıb ki, hökumət üçün prioritet Avropaya inteqrasiya kursudur.
O, iqtidar partiyasının seçkilərdə ən çox seçicidən ən çox dəstək alan müxalifət partiyasından 890 min çox səs topladığına diqqət çəkib.
Kobaxidze qeyd edib ki, müxalifət də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) seçki müşahidə missiyasının yaydığı məlumatlara qarşı çıxıb.
Nəsimi Ələsgərli
www.yenicag.az