!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır” - Anar Əsədli ilə MÜSAHİBƏ

!Reklam – Yazi

Sabah Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı Soyqırımının 29-cu ildönümüdür. Qarabağımızda şəhidlərimizin qanı, ordumuzun gücü və dövlət başçısının möhtəşəm planları ilə dünyanı mat qoyan bir qələbə qazandıq. Amma “düşmənin başı tam əzildi” demək olmaz. Azərbaycan cəmiyyətini narahat edən, düşündürən məqamlar, suallar qalmaqdadır.

Yenicag.az xəbər verir ki, Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli , Bizimyol.info-nun suallarını cavablandırıb.

– Xocalı soyqırımının ildönümünün ən üst səviyyədə Xocalıda qeyd olunması nə zaman mümkün görünür? Türkiyə Prezidenti cənab Ərdoğanın vəd etdiyi kimi bu il 26 fevralda Xocalıya gəlişi nə dərəcədə realdır?

– Hazırda həmin ərazilər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində deyil. Orada əsas missiya Rusiyanın sülhməramlılarının öhdəsindədir. 10 noyabr 2020-ci il razılaşmasına əsasən, indiki durum hələlik reallığı əks etdirən bir mənzərənin yaranmasına səbəb olub. Bu mənada Xocalı şəhərində soyqrımının ildönümü ilə əlaqədar tədbir keçirilməsi bugünkü reallıqdan yola çıxanda mümkün görünmür. Sabah reallıq dəyişərsə, o zaman təbii ki, bu da olacaq. Onsuz da bu məsələnin geci-tezi var. Yəni ancaq zaman məsələsidir. Biz bütün tədbirlərimizi Xocalıda da, Xankəndində də, Xocavənddə də keçirəcəyik. Bundan heç kimin şübhəsi olmasın.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın bu aralar Qarabağa gəlməsi üçün hazırda yetərincə təhlükəsizlik təminatı və zərurət yoxdur deyə düşünürəm. Bu məsələ də öz həllini şərtlər bundan daha əlverişli olanda tapacaq, inancındayam.

– Hazırda Dağlıq Qarabağdakı vəziyyəti, rusların ermənilərə verdiyi dəstək, Türkiyə sülhməramlılarının gəlişindən sonra dəyişən münasibətlər balansını necə qiymətləndirirsiniz?

– Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır, bunu hamı görür. Ancaq, bu çəkişmədən kimin əsəbləri daha dözümlüdürsə, o, qalib çıxacaq. Təxribat xarakterli məlumatları biz də eşidirik. Bu məlumatların çoxu gerçəkdir. Ancaq əsas həqiqəti bu kiçik gerçəklər dəyişə bilməz. Həqiqət budur ki, Azərbaycan tam qələbə qazanıb və hazırda həmin qələbənin rəsmiləşdirilməsi ilə məşğuldur. Bu məsələdə də güc və doğruluq Azərbaycan tərəfindədir. Güc balansının ağır tərəfi bizik. Bunu Rusiyanın da, Ermənistanın da, beynəlxalq qurumların da daxilində hamı etiraf edir. Kimsə bu balansı dəyişmək istəsə, ancaq özünə zərər verər.

Türkiyənin sahədə olması şübhəsiz bizim lehimizədir və iki ölkə birlikdə hələ çox nataraz balansları pozacaq və yerində ədalətli müvazinətli münasibətlər sistemi inşa edəcəklər, düşüncəsindəyəm.

– Bir sıra ekspertlər yaxın aylarda yenidən hərbi əməliyyatların başlanması ehtimalını irəli sürürlər. Bu barədə fikriniz?

– Sülh müqaviləsi imzalanmayana və beynəlxalq qurumlar ilə vasitəçilərin qarantiyası altında sülh prosesinin güclənməsi gerçəkləşməyənə qədər müharibənin yeni qaynar fazasının başlaması hər zaman mümkündür. Biz qələbəni Qarabağ ərazisində qazanmışıq. Ancaq Ermənistan ərazisində hələ də region üçün təhlükəli qüvvələrin olduğunu bilirik. Əgər onların əlinə hakimiyyət, onunla birlikdə müxtəlif resurslar keçərsə və onlar tərəfindən yenə hücumlar başlayarsa, o zaman heç bir kollektiv müqavilələr və ikitərəfli qarantiyalar Ermənistanı tam məğlubiyyətdən qurtara bilməz. Azərbaycan silahlı qüvvələri düşməni yuvasına qədər təqib edərək məhv edə bilər. Bununla belə, yeni hərbi əməliyyatların keçiriləcəyinə dair məlumatlar hələlik heç bir ciddi hazırlıq faktları ilə doğrulanmayıb. Fikrimcə, bütün bunlar zəfər qazandığımız son müharibənin əks-sədalarıdır.

– Türkiyə Qarabağdakı hazırkı post-müharibə vəziyyətindən məmnundurmu?

– Türkiyə Azərbaycanın məmnun olduğu hər vəziyyətdən məmnundur. Ona görə də sual budur ki, Azərbaycan məmnundurmu? Siyasətdə və xüsusi ilə geosiyasətdə məmnun – qeyri-məmnun bölgüsü ilə baxmırlar məsələlərə. Daha çox qarşıda qoyulan məqsədlərə hansı dərəcədə çatılıb, bu məqsədlərə çatmaq üçün hesablanandan nə qədər artıq resurs istifadə olunub, əldə olunan nəticələr irəliyə aparacaq xarakterdədirmi? Belə suallarla baxanda bəli, böyük ölçüdə Qarabağdakı vəziyyət sizin sözünüzlə desək, məmnuniyyət kəsb edir. İndi əsas məsələ bu vəziyyəti daha da sabitləşdirmək, belə demək mümkündürsə, fiksasiyasını təmin etmək və maksimum fayda götürməkdir.

– Ermənilər birgəyaşayışı qəbul etməmişkən onlara dəhlizlər, kommunikasiyalar açmaqla gücləndirməyimiz nə dərəcədə doğrudur?

– Əvvəla, söhbət dəhlizlərdən getmir, cəmi bir dənə dəhlizdən gedir. İkincisi, biz dəhlizi açmamışıq, əksinə, onların nəzarətsiz istifadə etdiyi dəhlizi sadəcə bağlamamışıq ki, imzaladığımız sənədə uyğun hərəkət edək. Həmin sənəddə biz də Ermənistandakı yoldan istifadə edəcəyik. Biz onu, yəni Laçın dəhlizini bağlasaq, o zaman Mehri yolundan istifadə etməyi unutmalıyıq. Bu mənada hələlik bu anlaşma üzərindən hərəkət etdiyimiz üçün vəziyyət hamının razılığına əsasən belədir.

Birgəyaşayış məsələsinə gəlincə isə onun alternativi yoxdur. Ermənilər onu qəbul etməyib nə edəsidirlər ki? Qaldı ki, onların güclənməsi məsələsi bir az gülməlidir. Qarabağdakı erməni separatçı-terrorçu dəstələri Ermənistan ordusu ilə birlikdə heç nə edə bilmədilər və darmadağın oldular. İndimi nəsə edəcəklər? Onların gücü nə qədər olursa olsun, Azərbaycan ordusunun bir alayı qədər eləməz. Özlərini aldatmasınlar.

– Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərə, müharibə iştirakçılarına sosial müavinətləri Azərbaycan ödəməlidir?

– Harada görünüb ki, öz ölkəsinə qarşı silahlı üsyan qaldıran, ölkəni bölmək istəyən, xarici işğalçı qüvvə ilə əməkdaşlıq edən insanlar bütün bunlara qarşı savaşmış və vətənin, dövlətin, millətin bütünlüyü üçün özünü fəda etməyə hazır olan müharibə iştirakçıları ilə bir cərgəyə qoyulsun? Qarabağ erməniləri arasında Azərbaycan Respublikasına qarşı vuruşmuş heç bir insan müavinət filan ala bilməz. Əksinə, uzun illər həbs hökmü ala bilər, almalıdır.

Ancaq deyək ki, mülki əhalidən kimsə müharibədən zərər çəkibsə, və Azərbaycan vətəndaşı olaraq yaşamaq arzusunu bildirib, heç bir silahlı fəaliyyətdə də iştirakı isbatlanmayıb, bəli, belələrinə Azərbaycan dövləti dəstək ola bilər. Onsuz da, biz kimin harada yaşamasından asılı olmayaraq, bütün torpaqlarımızda abadlıq və yenidənqurma işlərini aparacağıq. O cümlədən indi ermənilərin kompakt yaşadıqları ərazilərdə də. Ancaq bunun hələlik zamana ehtiyacı var.

www.yenicag.az

1754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv