"Heç kim ailəsinə görə məsuliyyət daşımır, amma..." – İcra başçısının müavinini istefaya nə məcbur etdi?
“İcra başçısının müavini öz öhtəsinə düşən vəzifəni öz ailəsinə aşılaya bilmədiyi üçün işdən könüllü çıxmağa məcbur qalıb.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında hüquqşünas, politoloq Xəyal Bəşirov bildirib.

Politoloq son zamanlar dəbdə olan bir nüansı şərh edib. Azərbaycanda son illərdə hər hansı vəzifəli şəxs öz ailə üzvünün atdığı hansısa hərəkətə görə cəmiyyətdə qınaq yaratdığı üçün işdən çıxmağa məcbur qalır və ya məcbur edilir. Azərbaycan qanunvericiliyində iş verən qurumun bu addımı atmaq hüququ varmı? Vəzifəli şəxslər niyə öz ailə üzvlərinin səhv hərəkətinə görə vəzifədən getmək qərarına gəlirlər? Bu sualların cavabını hüquqşünasdan almağa çalışdıq:
“Hər bir cəmiyyətdə həm hüquq-qanun var, həm də mental dəyərlər. Baxmayaraq ki, Azərbaycan hüquqi dövlətdir, Azərbaycanda bütün ictimai münasibətlər qanunlarla tənzimlənir, amma Azərbaycan xalqının ənənəvi dəyərlər sistemi var, Azərbaycanın mental dəyərləri var ki, biz istəsək də, istəməsək də bu dəyərlər özünü mütləq şəkildə büruzə verir. Qanunvericiliyimizə görə, Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir və hər kəs öz əməlinə görə özü məsuliyyət daşıyır. Heç kim nə ailə üzvlərinin, nə həyat yoldaşının qanun pozuntularına görə məsuliyyət daşımır.”
Hüquqşünas Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşının çəkdirdiyi qeyri-etik videoya görə işdən çıxmasını da şərh edib:
“Əslində o videoda Azərbaycan xalqına qarşı, inanclılara qarşı hörmətsizlik edilib. Belə baxanda orda icra hakimiyyəti başçısının müavininin həyat yoldaşı ümumilikdə konkret olaraq qanuna zidd hərəkət etməyib. Əgər bunu etsəydi, məsuliyyətə cəlb ediləcəkdi. Hər bir halda bildiyim qədərilə inanclı insanlara qarşı hörmətsizlik edilib və o da bizim dəyərlərimizə ziddir. Həmin dəyərlərimizə zidd hərəkət etdiyinə görə həyat yoldaşı işdən azad olmaqla bağlı ərizə yazıb. Onu heç kim işdən azad etməyib. Nə rayon icra başçısı, nə də hansısa vəzifəli şəxs. Şəxs özü həyat yoldaşının Azərbaycan xalqının inanclı kəsiminin duyğularına hörmətsizlik ehtiva edən addım atdığına görə bu addımı atıb.
Hər bir vəzifəli şəxs o dəyərləri öz ailə üzvlərinə ilk növbədə aşılamalıdır. Hər bir vəzifəli şəxs öz hərəkətləri ilə cəmiyyətə nümunə olmalıdır. Görünür, o qadın da bu dəyərləri öz ailə üzvlərinə aşılaya bilmədiyini anlayıb. Ona görə də, iş fəaliyyətini davam etdirmək haqqı olmadığını düşünərək bu addımı atıb. Görünür, qadın gələcəkdə rayonun ikinci şəxsi kimi ərinin bu hərəkətlərinə görə qınaq obyekti olmamaq üçün bu addımı atmağa məcbur qalıb. Belə vəzifəli şəxslər adətən düşünürlər ki, onlar öz vəzifələrini və öhdəliklərini layiqli formada yerinə yetirsəydilər, ilk növbədə bu prosesdən öz ailə üzvləri yararlanardı. Ona görə də, düşünürəm xanım buna görə bu addımı atıb.”
Nurlan Cəfəri












