Hərbçimizə qumbara atan erməni terrorçu niyə separatçılara verildi? – “Ermənistan tərəfinin törətdiyi təxribatlar…” – ŞƏRH

“Erməni təxribatlarının artmasına səbəb onların sülhməramlılar tərəfindən dəstəklənməsidir. Onlar cəzasız qalacaqlarından əmindirlər”.

Bu fikirləri Ermənistanın son günlər istər Qarabağın daxilində, istərsə də sərhəddə törətdiyi təxribatlara münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Ədalət Verdiyev bildirib ki, Rusiya münaqişədə tərəf olduğunu göstərdi:

“Zəfər gününün Şuşada qeyd edilməsi ərəfəsində və ondan sonrakı dönəmdə Ermənistan tərəfinin törətdiyi təxribatlar kifayət qədər intensivləşib. Təxribatlar həm rusların nəzarəti altında olan Qarabağda, həm də Şərqi Zəngəzurda – Azərbaycan-Ermənistan sərhədində daha çox edilir. Bu təxribatlara Arşak Karapetyanın Qarabağa səfəri, erməni mövqelərini gəzməsi, Azərbaycana qarşı tədbirlər planını nəzərdən keçirməsi, qumbara atılması, atəşkəsin pozulmasını misal çəkə bilərik. Bunlar son bir həftədə norma halına çevrilib.

Daşaltı postunda əsgərimizə qumbara atan Mirzoyan 44 günlük müharibə vaxtı da Azərbaycana qarşı fəaliyyət göstərib. Onun separatçılar arasında adının olmasından heç bir şübhəm yoxdur. Maraqlı olan odur ki, Mirzoyan Ermənistana yox, separatçı rejimə təhvil verilib. Əslində, o şəxs Azərbaycana təhvil verilməli idi, çünki hadisə Azərbaycan ərazisində baş verib. Rusiya sülhməramlıları artıq tərəfdir. Onların sülhməramlı fəaliyyətində ciddi şübhəmiz var idi və bir daha bu özünü doğrultdu. Mirzoyanın Azərbaycana təhvil verilməməsi qəbuledilməzdir. Hüquq Mühafizə orqanlarımız Mirzoyanın Azərbaycana təhvil verilməsi üçün əllərindən gələni etməlidirlər”.

Səxavət Məmməd