Holokostdan QƏZZAYA – Kanslerin mövqeyi REZONANS YARATDI
“Almaniya kansleri Fridrix Merzin bir müddət öncə Münhendə keçirilən tədbirdə antisemitizmlə bağlı söylədiyi fikirlər diqqət çəkib. Almaniya kanslerləri zaman-zaman İsraillə bağlı öz mövqelərini ifadə ediblər və bu mövqenin əsasında belə bir yanaşma dayanır: Almaniya özünü İsrail qarşısında borclu hesab edir və buna görə də birmənalı şəkildə onun mövqeyini dəstəkləyir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
O, Almaniya kansleri Fridrix Merzin Berlinin İsrailin Qəzzadakı əməliyyatları “soyqırımı” kimi tanımaması ilə bağlı səsləndirdiyi bəyanatı şərh edib.
Onun sözlərinə görə, vaxtilə Nasist Almaniyasının həyata keçirdiyi holokost, Almaniyanın bu soyqırımını qəbul etməsi, İsrailə təzminat ödəməsi, antisemitizmə qarşı sərt siyasət yürütməsi və İsrailin daim dəstəklənməsi İkinci Dünya müharibəsindən sonra bütün Almaniya hökumətlərinin siyasi xəttinin əsasını təşkil edib:
“Fridrix Merz də faktiki olaraq bu xətdən kənara çıxmayıb. Lakin onun Qəzzada baş verənlərə bu qədər soyuqqanlı yanaşması və törədilən hadisələri adekvat dəyərləndirməməsi təəccüb doğurub. Əslində, təəccübləndirici məqam məhz budur ki, Fridrix Merz Qəzzadakı proseslərə olduqca sakit reaksiya verir. Digər Avropa ölkələrinin – İspaniya, Fransa, Böyük Britaniya və başqalarının sərt reaksiyalarından fərqli olaraq, Almaniya kanslerinin bu məsələlərə daha soyuqqanlı yanaşması anlaşılmazlıq kimi qəbul edilir”.
Rafi Müslümov