Hulusi Kılıç: "Azərbaycanlı valideynlərin böyütdüyü övladlar Qarabağı azad etdilər"
“Bu gün can Azərbaycanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu əlamətdar gün münasibətilə bütün uşaqlarımızı və onları böyüdən valideynləri ürəkdən təbrik edirəm”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç deyib.
“Uşaqlarımıza uğur və xoşbəxt bir həyat arzulayıram. Uşaqlar bizim gələcəyimizdir.
Bu günün uşağı sabahın böyüyüdür. Uşaqlarımızı düzgün yetişdirməli, onlara ailə, vətən, bayraq, xalq və millət sevgisini aşılamalıyıq. Can Azərbaycanın valideynlərinin böyütdüyü övladlar Qarabağı azad etdilər”, – deyə bildirən H.Kılıç mayın 31-də Bakıda keçirilən tədbir barədə məlumat verib.
“Bu günə qədər iştirak etdiyim ən mənalı tədbir idi.
“Dünyada Uşaqların Mühafizəsi” adlı xeyriyyə rəsm sərgisi böyük marağa səbəb oldu.
Sərgidə uşaqların çəkdiyi yüzdən artıq rəsm nümayiş etdirildi. Bu rəsmlər uşaqların daxili dünyasını əks etdirirdi.
Bu mənalı xeyriyyə sərgisi “Asterias” Təlim və İnkişaf Mərkəzinin təsisçisi Nərgiz Çalbayın təşəbbüsü, Azərbaycan-Türkiyə İş Adamları Birliyi və Leykemiya ilə Mübarizə İctimai Birliyinin əməkdaşlığı ilə baş tutdu.
Sərginin məqsədi uşaqlarda emosional bağ və sosial dəyər formalaşdırmaq. Bu çərçivədə Nərgiz xanımın bu dəyərli təşəbbüsü uşaqlar arasında empatiya və sosial məsuliyyət hissini inkişaf etdirərək gələcəyin həm vicdanlı, həm də sosial baxımdan fəal Azərbaycan vətəndaşlarını formalaşdırmağı hədəfləyib. Eyni zamanda, layihə cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı insani və mərhəmət hisslərini, anlayış və həmrəylik bağlarını gücləndirməyə yönəlib”, – deyə sabiq səfir qeyd edib.
Hulusi Kılıç onu da bildirib ki, sərgi xeyriyyə məqsədilə təşkil olunub:
“Sərgidə satışa çıxarılan bütün rəsimlərdən əldə olunan gəlir leykemiya ilə mübarizə aparan uşaqlara və uşaq sığınacaqlarında yaşayan azyaşlılara bağışlanacaq.
Bu qədər mənalı və önəmli təşəbbüsü həyata keçirən, bu sərgini yorulmadan təşkil edən, qəlbi sevgi və mərhəmətlə dolu olan Nərgiz xanıma dərin təşəkkürümü bildirirəm. Həmçinin başda Nərgiz xanımın həyat yoldaşı Ayxan bəyə göstərdiyi dəstəyə və komandasına xidmətlərinə görə təşəkkür edirəm”.