Səbinə Salmanova: “Mehriban xanım Azərbaycan Qadını obrazının parlaq nümunəsidir”
Böyük və nadir insanlar dünyaya gəldiyi andan yüksək və ali missiyanın daşıyıcıları olurlar. Müdriklər deyirlər ki, anadan olarkən insana qoyulan ad onun taleyinə də sirayət edir. Həyat prinsipi mehribanlıq, qayğıkeşlik xalqa və Vətənə sədaqət olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə milyonların qəlbində taxt-tac qurub. Bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəməyib. Təsadüfi deyil ki, bu gözəl qadının adının mənası da “xeyirxahlıq, şəfqət, səmimiyyət” deməkdir.
Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və şərqşünas alim Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açaraq, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ocağından nur alıb. Onun həyat müəllimləri isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva olmuşlar. Bu ocaq Azərbaycan xalqının iki minillik tarixinin zəfər salnaməsini yazmış, xalqımızı dünyaya Qalib Xalq kimi tanıtmış, çağdaş dünyanın yenilməz və qüdrətli liderlərindən biri,Müzəffər Ali Baş Komandan, Respublikamızın Prezidenti möhtərəm cənab İlham Əliyevi yetiribdir. Prezidentin ömür-gün yoldaşı, xanımı olmaq alın yazısıdır. Amma xalqın sevimli övladı olmaq, millətin sevgisini qazanmaq taleyin, qismətin işi deyil – bu məhəbbəti, sevgini qazanmaq lazımdır. Tək-tək adama nəsib olan bu sevgini o öz əməlləri, ağlı, iradəsi, qabiliyyət və bacarığı ilə qazanıb…
Mehriban xanım aktiv ictimai fəaliyyətə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başladı. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis etdi. Bu jurnal sayəsində milli irsimiz, musiqimiz, incəsənətimiz və tarixi dünyada daha geniş auditoriyaya çatdırılmağa başlandı.
Xeyirxahlıqdan, nəcib əməllərdən danışarkən Mehriban xanım Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 21 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirməkdədir.
Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür.
Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Sonsuz qürur və fəxarət hissi ilə deməliyik ki, doğma Qarabağımızın erməni işğalı altında olduğu dövrdə möhtərəm Mehriban xanım Əliyeva, istər ölkəmizdə, istərsə də, ölkə hüdudlarından kənarda ən mötəbər kürsülərdə Qarabağ həqiqətlərini və tariximizin qan yaddaşı və bəşəriyyət üçün ləkə olan Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaqla, insanlığın haqq və vicdan səsinə çevrildi. Onun dilə gətirdiyi ən gözəl “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” duası isə uzun illər Azərbaycan xalqının qəlbində kök salan müqəddəs arzuların ifadəsi idi.
Bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsindən, dünya mirasının bir parçası olan Azərbaycan xalqının mədəni irsinin qəddarcasına dağıdılmasından, Ermənistan silahlı qüvvələrinin təcavüzündən danışan Azərbaycanın Birinci xanımı xoşməramlı səfir kimi, bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırırdı. Mehriban xanımın rəhbərliyi və təşkilatçılığı ilə ölkəmizdə və xaricdə davamlı olaraq keçirilən mötəbər tədbirlərin hər birində Respublikamızın Birinci vitse- prezidenti Xanqızı Xurşud Banu Natavanın əmanəti olan Qarabağın görən gözü və səsi idi. Bütün bunların məntiqi nəticəsidir ki, Qarabağın dünya ictimaiyyəti tərəfindən Azərbaycanın ayrılmaz torpağı kimi qəbul edilməsində, möhtərəm Mehriban xanım Əliyevanın uğurla həyata keçirdiyi mədəniyyət diplomatiyasının böyük rolu oldu. Doğma Vətənimizin ayrı-ayrı bölgələrində, eləcə də, bəzi xarici ölkələrdə bir cox müqəddəs abidələrin və müxtəlif inanclara məxsus dini məbədlərin bərpa olunması da məhz Mehriban xanım Əliyevanın əvəzolunmaz zəhməti və adı ilə bağlıdır. Nəcib əməlli Mehriban xanım Əliyeva həm Azərbaycanda, həm də beynəlxalq aləmdə mədəniyyətin, sənətin himayədarı və dostu kimi, böyük şöhrət və sonsuz rəğbət qazanmışdır.
Milli Məclisdəki fəaliyyəti dövründə də Mehriban xanım Əliyeva humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut etmişdir. Onun təşəbbüsü ilə hazırlanmış Amnistiya aktları 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən qəbul olunmuş, nəticədə, ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilmişdir.
2017-ci il fevralın 21-də isə hörmətli Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi idi. “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”, – həmin vaxt dediyi bu sözlərə sadiq qalaraq dövlətçiliyə layiqincə xidmət edir, üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur. O, gündəlik fəaliyyətində mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, milli-mənəvi dəyərləri daim uca tutur.
Birinci vitse-prezident təyin olunarkən Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı kimi milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, o, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrin rifahının yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinin və qazilərimizin qayğıları ilə yaxından maraqlanır. Yaralanmış hərbçilər Fondun xətti ilə müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin müharibə zamanı sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.
Postmüharibə dövründə Qarabağa çoxsaylı səfərlər, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili birinci xanımın xidmətləri sırasında müstəsna yer tutur. Yaxud Mehriban xanımın təşəbbüsü olan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yüzlərlə məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə bir sıra uşaq müəssisəsi əsaslı təmir edilib.
Səhiyyə sahəsinə gəlincə, Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Mehriban xanım Əliyeva həm də gözəllik, xeyirxahlıq, sədaqət və analıq kimi ülvi keyfiyyətləri özündə birləşdirən Azərbaycan Qadını obrazının parlaq nümunəsidir. O, yalnız parlaq ictimai xadim və dövlət rəhbərinin ən yaxın silahdaşı deyil, həm də fədakar həyat yoldaşı, qayğıkeş ana və şəfqətli nənə kimi şərəfli missiyanı böyük ləyaqətlə yerinə yetirir.
Onun ailəyə, övladlara və nəvələrə olan qayğısı ictimai və siyasi fəaliyyətlə harmoniya təşkil edir. Hər iki sahəni yüksək səviyyədə, peşəkarlıqla yerinə yetirmək isə yalnız iradəli, səbirli və müdrik xanıma xas bir məharətdir.
Dövlətin ali vəzifələrini daşıyan, beynəlxalq miqyasda tanınan bir şəxsiyyətin sadə, müasir Azərbaycan qadını kimi ailəsinə və doğmalarına sevgi ilə bağlılığı hər birimiz üçün örnəkdir. Mehriban xanım Əliyeva həm siyasətdə, həm ictimai həyatda, həm də ailə mühitində Azərbaycan qadınının böyüklüyünü, mərhəmətini və fədakarlığını təcəssüm etdirir. Onun timsalında biz analıqla dövlətçilik, ailə ilə ictimaiyyət, sevgi ilə fədakarlığın mükəmməl vəhdətini görürük.
Avqustun 26-sı Azərbaycan xalqının sevgisini qazanmış, alicənab, insanpərvər və zəngin erudisiyaya malik Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günüdür. Hörmətli Bir İnci xanımımıza cansağlığı, ailə səadəti və ölkəmizin inkişafı və rifahı naminə fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram!
Dərin sayğı və səmimiyyətlə,..
SƏBİNƏ SALMANOVA,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü