Ukrayna yalnız BURAXILDI? – Alyaskadakı razılaşmanın GİZLİN SƏBƏBLƏRİ
“Nə Avropa, nə də Zelenski Alyaskada Putinlə Trampın razılaşdırdığı şərtləri dəyişmək gücündə deyillər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
O, ABŞ Prezidenti Donald Trampın konkret addımlar atmaq üçün Rusiya Prezidenti Vladimir Putinə iki həftə vaxt verməsinin mümkün nəticələrindən danışıb.
Politoloq bildirib ki, əslinə qalsa, Tramp iki həftəlik müddəti həm Putinə, həm də daha çox Ukrayna Prezidenti Volodimir Zelenskiyə verib:
“Alyaskadakı görüşdə Putinlə Tramp arasında çox ciddi razılaşmalar əldə olunub. Hətta ABŞ-nin yüksək vəzifəliləri Rusiyanın çox ciddi güzəştlərə getdiyini, Zelenskinin də müəyyən güzəştlərə getməli olduğunu dilə gətirirlər. Rusiyanın “güzəştə getməsi” deyəndə, əvvəllər dörd vilayət inzibati sərhədləri ilə birlikdə tələb edilirdisə. indi yalnız iki vilayət, Donetsk və Luqanskın tələb olunması nəzərdə tutulur. Zaporojye və Xersonda isə Rusiya işğal olunan ərazilərdə dayanmağa razılıq verib”.
Onun sözlərinə görə, Rusiya həmçinin ərazi mübadiləsinə də hazır olduğunu bildirir:
“Bunu ABŞ-də böyük məmnunluqla qarşılayır. Söhbət Sumı, Dnepropetrovsk və Xarkovun müəyyən ərazilərinin mübadiləsindən gedir. Amma bu ərazilər Donetskdən tələb olunan torpaqların müqabilindəmi veriləcək, yoxsa başqa tələblər gündəmə gətiriləcək? – hələlik dəqiq deyil. Reallıq iki həftəlik müddətin daha çox Zelenskiyə verilmiş ultimatum olmasından ibarətdir. ABŞ və Rusiya açıq deməsələr də faktiki olaraq eyni mövqedən çıxış edirlər. Hətta Rusiya XİN rəhbəri Sergey Lavrov “bizim Alyaskada əldə etdiyimiz razılaşmaları Zelenski pozur” deyir”.
“İki həftə müddətlə, eyni zamanda Tramp Ukraynaya hədə yağdıraraq “geri çəkiləcəyik” deyir. Yəni söhbət yardımların dayandırılması və Ukraynanın Rusiya qarşısında yalnız buraxılmasından gedir. Bir sözlə, indidən sonra nə Avropa, nə də Zelenski Alyaskada Putinlə Trampın razılaşdırdığı şərtləri dəyişmək gücündə deyillər”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli