Binəqədidə XAOTİK VƏZİYYƏT: “İcra başçısı Elxan Allahverdiyevin 200 qoçusu kasıbın başının üstünü kəsirlər ki...”
“Təxminən 6 aya yaxındır ki, DSK yolunda tikilən MİDA evlərinə çəkilən kanalizasiya xətlərinə görə şəhər tamam iflic vəziyyətə düşüb. İlk 2 ayda bizim evləri çirkab suları basdı, sonra internet, işıq, su xətlərimizi sıradan çıxardılar. Hamısını öz hesabımıza təmir etdik”.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, “7NEWS.az” xəbər portalının rəhbəri, media eksperti Səbuhi Abbasov özünün şəxsi “Facebook” hesabında paylaşım edib.
Onun sözlərinə görə, uzun şikayətlərdən sonra onlara deyiblər ki, kanalizasiya xəttini podratçı şirkət edir və 72 gün ərzində işlər tamamlanacaq, yollar asfaltlanacaq:
“Bu sözün üstündən 172 gün keçib, Binəqədi şosesi, demək olar ki, 90 faiz bağlanıb. Hər gün o yolda yüzlərlə maşın tıxacda qalır. Demək olar ki, oradan keçəndə müxtəlif mübahisələrin şahidi oluram. Mühəndis fəhlə ilə, fəhlə traktor şoferi ilə dalaşır, hamı bir-birinə günahı atır, söyür, batırır”.
“Bir yeri qazıb boru qoyurlar, 2 gün sonra yenidən qazıb o borunu çıxarıb başqa boru qoyurlar. Yəni kanalizasiyanın “K”sından anlayışı olmayan bir sürü adam millətin həyatına “oturub”. Məktəblərin də açılmasına sayılı günlər qalıb. Aidiyyatı qurumlar isə nədənsə ortada yoxdur. Bir məsul qurum və ya şəxs ortaya çıxıb nə normal açıqlama vermir, nə də tələb eləmir ki, sənə verilən müddətdən 6 ay keçib, bu yoldan nə istəyirsiniz?”, – deyə o, əlavə edib.
Jurnalist həmçinin “Azəriqaz” İB-dən gələn rəsmi açıqlamanı da paylaşıb:
““Binəqədidə qaz verilişi dayandırılıb. Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib. Hazırda təmir-bərpa işləri aparılır”.
Rayon avtopilot rejimdə işləyir. Bir daşı bir daşın üstünə qoyan kimi, icra başçısı Elxan Allahverdiyevin 200 qoçusu dərhal kasıbın başının üstünü kəsirlər, 6 aydır rayon xarabalığa çevrilib, bir adamın tükü tərpənmir. Ortada isə dövlət büdcəsi talanır, insanlar isə yolda qalır…”