“40 ilin müəllimini imtahan adı ilə kənarda qoymaq hörmətsizlikdir” – Deputatdan nazirliyə SƏRT REAKSİYA – VİDEO
“40 ilin müəllimini imtahan adı ilə kənarda qoymaq hörmətsizlikdir”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Tənzilə Rüstəmxanlı deyib.
O, çıxışında təhsil ilə bağlı bir sıra məsələləri işıqlandırıb.
Deputat qeyd edib ki, rayonlarda məktəb həyatı başqadır:
“Şəhərlərdə o qədər də çətin deyil, lakin uzaq kəndlərdə şərait mühüm məsələ kimi aktuallığını qoruyur. Ağır şəraitə rəğmən sevindirici haldır ki, bu il çox yüksək nəticələr əldə edilib. Buna baxmayaraq, təhsildən narazılıq da çoxdur. Xüsusilə müəllimlər mənimlə öz problemlərini bölüşdülər. 5-ci sinfin Azərbaycan dili dərsliyində adını belə çətinliklə deyə bildiyimiz xarici yazıçıların və şairlərin əsərlərindən nümunələr verilir. Məsələ ondadır ki, həmin nümunələr qüsurlu tərcümə ilə ərsəyə gəlir. Müəllimlərin istəyi dərsliklərdə Azərbaycan müasir uşaq ədəbiyyatından, Azərbaycanın yazıçılarından, həm də klassiklərindən nümunələrin daha çox olmasıdır. Çünki Ədəbiyyat dərsliklərində onsuz da xarici ədəbiyyatdan nümunələr mövcuddur. Lakin dərslik Azərbaycan dilidirsə bu dildən ədəbi nümunələr göstərmək lazımdır”.
T. Rüstəmxanlı söyləyib ki, digər məsələ isə dərsliyi hazırlayanların üstünlüyü öz hekayələrinə verməsidir:
“Azərbaycanda yazılmış elə təmiz ədəbiyyat nümunələri var ki, onlar dərsliklərə daxil edilməlidir. Müəllimləri narahat edən digər məsələ isə sertifikasiya ilə bağlıdır. 30-40 ilini bu peşəyə qurban verən, xüsusilə qadın müəllimlər çox utanaraq “bizi hörmətdən salırlar” dedilər. Axı xalq arasında müəllim adı hər zaman yüksək tutulub. Belə məsələlərə daha ehtiyatlı yanaşma vacibdir. 40 ilin müəllimini imtahan adı ilə kənarda qoymaq hörmətsizlikdir”.
Nəsimi Ələsgərli