Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İcra başçılarının pulla imtahanı – “Sessiya” hələ bitməyib – Səxavət Məmməd yazır

Belə bir el deyimi var: Allah heç kimi övladı ilə sınağa çəkməsin. Bu gün bir tanışın əsəbindən gülə-gülə danışdığı söhbət bu el deyimini xatırlatdı. Deməli, uzun zamandır, obyekt açmaq üçün icazə sənədi ala bilməyən, icra hakimiyyəti tərəfindən süründürülən həmin tanışım deyir ki, hansı sənədi dedilər, gedib gətirdim, amma hər dəfə yenə başqa bir sənəd tələb etdilər. İş o yerə çatıb ki, daha tələb olunası sənəd qalmayıb. Axırda ona deyiblər ki, get, bu qədər gətir, məsələni həll edək.

Hadisəni danışan şəxs deyir ki, əvvəl o məmurlara vətəndaş hüquqlarını xatırlatdım, amma faydası olmadı. Nəticədə verilən məsləhətlərdən sonra onların tələb etdiyi məbləği düzəltdim. İki gün öncə getdim ki, pul hazırdı, sənədi verin. Dedilər, başçı rüşvət götürmür. Dedim, a kişi, siz dediniz axı bunu mənə. Cavab verdilər ki, nə pul, sən DTX-ya işləyirsən? Adam çarəsiz qalaraq, başçıya xəbər göndərib ki, o pulu rüşvət kimi vermirəm, “hörmət” edirəm, sənədi verin. Bu “qarantiya”nın da xeyri olmayıb. Başçı öz cavabında “hörmət- zad hərləmirəm”, – deyib. Maraqlıdır ki, bütün sənədlər düz olduğu halda, sənədə doğruluqla da imza atmır.

Bu vəziyyətə bir növ “qəfil imtahan” kimi də baxmaq olar. Düşünə bilərik ki, başçı orucluq vaxtı və DTX-nin məlum əməliyyatlarının vüsət aldığı ərəfədə öz nəfsini imtahana çəkir. Bu, həm də, bir ümiddir. Bir yandan pulu götürməyib, digər yandan da sənədə imza atmamaqla, ümid edir ki, bu proses bəlkə dayanacaq və nəhayət, o pulu ala biləcək.

Xəbərlərə baxın, icra başçıları bahalı maşınlarını satır və yaxud da evdə qoyur, onların yerinə isə detalları xaricdən gətirilib, Azərbaycanda yığılan “milli maşınlar” alırlar. Yəqin ilk icra başçısının həbsi yadınızdadır. Həbsdən dərhal sonra qorxuya düşən digər icra başçıları axışdılar küçələrə, harada nənə gördülər, əllərini öpdülər. Özlərini xalq adamı kimi göstərdilər. Bu kampaniyanı çox iyrənc şəkildə, camaatın ətini tökməklə, deputatlığa namizədlər də təkrarladılar. O üzdən, seçki vaxtı “nənəsiz namizədlər” barmaqla sayılacaq qədər az idi.

Əslində, ilk əməliyyatdan sonra bir çoxları düşünürdü ki, bu addımlar müvəqqəti xarakter daşıyır. Ardınca ikinci, üçüncü, dördüncü əməliyat… Artıq dördüncü əməliyyatdan sonra insanlar düşünməyə başladı ki, “gözü çıxarılan yoldaşını görən” icra başçılarının başını da kəssən, kabinetində kimsədən pul almazlar. İmişlinin icra başçısı Vilyam Hacıyevin həbsindən sonra məlum oldu ki, yox, rüşvətə öyrəşən ələ tövbə yox imiş. İcra hakimiyyətlərində keçirilən 5 əməliyyatın videolarına baxın. Rüşvətin alınması eyni mexanizmlə həyata keçirilir.

Gələk, məsələnin digər tərəfinə. Mətbuatda icra başçılarının rüşvətxor, korrupsioner olmaları ilə bağlı yüzlərlə, hətta minlərlə desəm, yalan olmaz, məqalələr, araşdırmalar var. Hüquq-mühafizə orqanlarına cinayət işi açmaq üçün yararlana biləcəkləri əsaslardan biri də mətbuatda gedən yazılardır. Bu günə qədər hansı yazıya görə cinayət işi açılıb? Şəxsən mən birini belə xatırlamıram. Ancaq rüşxvətxor, korrupsioner məmurdan yazdığı üçün neçə jurnalist təhdid edilib, döyülüb, söyülüb, həbs olunub, hələ də məhbəsdə olanları var? Saydıqca, bitməz.

İctimaiyyətdə belə bir fikir formalaşmışdı ki, hansı jurnalist bir məmur haqqında nəsə yazırsa, ondan pul almaq niyyətindədir. Pul alan jurnasitlərə də “reket” adını yapışdırıblar. Sual çıxır, məmur yazını sildirmək üçün pul verirsə, bu, cinayətin etirafı deyil? İndiki zamanda yalana görə kim kimə pul verər? Siz icra başçılarını bu qədər başıboş hesab edirsiniz? İcra başçılarının hamısının evindən, kabinetindən qutu-qutu pullar çıxdı. 300-500 manat alan jurnalist “reket”dirsə, bəs birdəfəyə on minlərlə manat rüşvət alan icra başçısına nə ad qoyaq? Dəfələrlə olub ki, mediada çox sayda məmurun rüşvətxorluğu, korrupsiyaya bulaşdığı ifşa edilib, ancaq həmin yazılar müəmmalı şəkildə “yoxa çıxarılıb”. Bunun mənası nədir?

İcra başçısı talayır, heç kimin də bundan xəbəri olmur – düz başa düşdüm? Yaxşı, 5 rayonun icra başçısı ifşa edildi, həbsə göndərildi. Gedin, həmin rayonlardan Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə, prokurorluğa göndərilən şikayət məktublarını qaldırın. Sual yaranır, əgər icra başçısı işlədiyi rayonu söküb talayırdısa, müvafiq dövlət qurumları hara baxırdı? Demirəm, əlbir olublar, ancaq bu qədər cinayətləri görməyiblərsə, deməli, vəzifələrini icra edə bilməyiblər. Vəzifəsinə səhlənkar yanaşanlar niyə cəzasız qalmalıdırlar?

Hər rayonda yerli rəhbərliyin müntəzəm “başlarını açdıqları” restoranlar, əyləncə məkanları var. Hər məclisdə rayonun rəhbər vəzifələrini tutan şəxslər bir masanın ətrafında əyləşirlər. Bu da şübhəli gəlmir? Xüsusi bir əməliyyata, araşdırmaya da ehtiyac yoxdur. İstənilən rayona gedirsən, görkəmli bir binanı görəndə, yolla keçən birindən “bura kimindir”, – deyə soruşursan və hər şey ortaya çıxır. Xarici filmlərə baxırıq, onların məmurları rüvşət almaq üçün nə oyunlar çıxarırlar? Polis işin üstünü açmaq üçün nə qədər baş sındırır. Bizdə isə her şey göz önündədir, aşkarlıqdır, hər kəs hər şeyi bilir, bir tək aidiyyatı qurumlardan başqa…

Deyirlər, proses başlayıb. Bizə düşən isə bu prosesin mövsümi xarakter almamasına ümid etməkdir.

Səxavət Məmməd

www.yenicag.az

454