“İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda, həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir. Güman edirəm ki, bu dönüş, yəni bu hadisə gələcək üçün çox gözəl əsasdır və bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik.”
Ümummilli lider Heydər Əliyev.
Ümumilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi və onun gərgin əməyi sayəsində ölkəmizin bir dövlət olaraq məhv olmasının, ərazilərimizin parçalanmasının qarşısı alınmış, müstəqilliyimiz təmin olunmuşdur. Siyasi hərc-mərcliyin, tənəzzülün vüsət aldığı bir dövrdə xalqın xahişi ilə hakimiyyətə qayıdan Ulu öndər ən çətin dövrlərdə belə, gənclərlə bağlı işə böyük əhəmiyyət verirdi. Gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi ilə yanaşı, onun idmana olan marağının artırılması, fiziki cəhətdən sağlam və savadlı Azərbaycan gəncliyinin yetişdirilməsi, dövlətini, xalqını, Vətənini sevən gənc nəslin formalaşdırılması Ulu öndərin bu sahədəki siyasətinin əsasını təşkil edirdi.
Fəxrlə deyə bilərik ki, Ümummilli liderin 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə ilk dəfə olaraq gənclər və idman sahəsinə diqqət ayrılmışdır. Gənclər siyasətilə yanaşı, bədən tərbiyəsi və idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, idmanın gələcək inkişaf perspektivləri diqqət mərkəzində saxlanılmışdı. Bu sahəyə ayrılan diqqətin nəticəsi olaraq, idmanda kütləvilik təmin edilmiş, gənclərimizin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunmuşdur. İdmanın maddi-texniki bazasının yaradılması üçün mühüm işlər görülmüş, yeni idman kompleksləri, zallar tikilmiş, meydançalar salınmışdır. Yalnız bir faktı qeyd etmək kifayət edir ki, 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmış, eyni zamanda 1973-cü ildə paytaxtda möhtəşəm idman sarayının təməli qoyulmuşdur. Nəticədə, ölkədə idman kütləviləşmiş, idman sahəsinə olan maraq artırılmışdı. Həmin dövrdə də Azərbaycan gəncləri SSRİ-də keçirilən yarışlarda yüksək yerlər tutur və ən nüfuzlu yarışların qalibi olurdular.
Gənc nəslin bədən tərbiyəsi və idmana marağının artırılması ilə paralel olaraq gənclərimizin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq məqsədilə göndərilməsi olduqca mütərəqqi bir addım idi. Hələ o dövrdə, ali təhsil almaq məqsədilə il ərzində Moskva Universitetinə 150 nəfər, Leninqrad Universitetinə 100 nəfər azərbaycanlı tələbə göndərilirdi. Eyni zamanda Moskvada 30-dək ali məktəbə azərbaycanlı tələbələr göndərilirdi ki, bu siyasətin də ana xəttində savadlı Azərbaycanlı gənclərinin yetişdirilməsi dayanırdı. Ali təhsil almış gənclərimizin yüksək vəzifələrə irəli çəkilməsi, mühüm dövlət orqanlarına yerləşdirilməsi bu sahədə aparılan siyasətin əsas cizgiləri idi.
Lakin təəssüflə qeyd etməliyik ki, sonrakı dövrdə dövlət idarəetməsində səriştəsiz rəhbərlərin atdığı addımlar nəticəsində gənclər siyasəti və idman sahəsi tamamilə tənəzzülə uğradı. İdman sahəsi də digər sahələrdə olduğu kimi çox ciddi böhrana düçar oldu. Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etmiş, habelə xalqımıza qalibiyyət sevinci yaşatmış peşəkar idmançıların bir çoxu ölkəmizi tərk etməyə məcbur oldular. Bütün sahələrdə yaranmış tənəzzülün nəticəsi olaraq, bədən tərbiyəsi və idmana maraq xeyli azaldı. Ulu öndər tərəfindən yaradılmış idman kompleksləri, salınmış idman meydançaları tamamilə sıradan çıxarılaraq istifadəsiz hala salındı. Azərbaycanın ən böyük futbol stadionu da bərbad vəziyyətə düşdü.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə digər sahələrlə yanaşı, bədən tərbiyəsinin və idmanın da inkişafı üçün yeni və uğurlu siyasi kurs müəyyən edildi.
Ali Sovetin Sədri kimi Heydər Əliyev 1993-cü il sentyabrın 22-də parlamentdə gənclərin nümayəndələri ilə görüşərək onlarla fikirlərini bölüşdü. Ölkədə cərəyan edən ziddiyyətli ictimai-siyasi proseslər fonunda ölkə başçısınn gənclərə vaxt ayıraraq, onların problemləri və qayğıları ilə maraqlanması, çətinliklərini diqqət mərkəzində saxlaması gəncliyə verilən ən böyük qiymət idi.
Gənclər siyasətini əsas xətt olaraq müəyyən edən Ulu öndər ölkəmizi gənclər ölkəsi adlandırır, bu səbəbdən də gənclərə daha da geniş imkanlar yaratmaq lazım olduğunu bildirirdi. Gənclərin əmək fəaliyyətinə, dövlət, hökumət işlərinə cəlb olunması dövlətin əsas vəzifələrindən biri hesab olunurdu. Gənclərin Azərbaycanın dövlət siyasətinə dəstəyinə və bu siyasətin həyata keçirilməsində fəal iştirakına böyük önəm verilirdi.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə sağlam və vətənpərvər gəncliyin yetişdirilməsi, gənclərin bədən tərbiyəsi və idmana maraqlarının artırılması, idmanın kütləviləşdirilməsi əsas məqsədlərdən biri kimi müəyyən edilərək 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı.
Ümummilli liderin göstərişi əsasında gənclər arasında əlaqələrin genişlənməsi, gəncliyin cəmiyyətin əsas aparıcı qüvvəsinə çevrilməsi və gəncliyə daha çox diqqətin ayrılması məqsədilə 1996-cı ilin 2 Fevral tarixində ölkəmizdə Azərbaycan Gənclərinin I Forumu keçirildi. Ulu öndərin 1997-ci ildə imzaladığı Sərəncamla Forumun keçirildiyi 2 Fevral günü ölkəmizdə “Gənclər günü” olaraq elan edildi. Ulu öndərin siyasi varisi Prezident İlham Əliyev Gənclər gününün 10-cu ildönümü ilə əlaqədar gənclər təşkilatlarının nümayəndələri ilə görüşündə bu məsələyə toxunaraq demişdi: “Gənclər gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olmuşdur. O bu məsələlərə daim böyük diqqət göstərmişdir. Hələ 1970-ci illərdə Azərbaycanda gənc nəslin yetişdirilməsi üçün böyük işlər görmüşdür. Yəqin bilirsiniz ki, o illər ərzində Azərbaycan gəncləri Sovet İttifaqının aparıcı ali məktəblərinə oxumağa göndərilmişdir. Həmin insanlar bu gün müstəqil Azərbaycana ləyaqətlə xidmət edirlər”.
Ulu öndər Heydər Əliyevin idman sahəsini daim diqqət mərkəzində saxlaması bu sahənin yenidən dirçəlməsi ilə nəticələndi. Hər zaman özü qədər inandığı cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə Prezident təyin edilməsi idman sahəsində görülən işlərin daha da dinamik, hərtərəfli inkişafını təmin etdi. İdman sahəsinə ayrılan diqqət və qayğının, bu sahənin sistemli inkişafının nəticəsində idmançılarımız nüfuzlu yarışlardan qələbəylə geri döndülər.
Ulu öndər Heydər Əliyev 2000-ci ildə olimpiyaçılarımızı yolasalma mərasimində Azərbaycan idmançılarının Yay Olimpiya Oyunlarında böyük uğurlar qazanacağına və Azərbaycanın şan-şöhrətini daha da yüksəldəcəyinə əminliyini ifadə edərək bu oyunlarda müstəqil ölkə olaraq iştirak etməyimizin böyük nailiyyət olmasını diqqətə çatdırmışdı.
Ölkəmizdə aparılan idman siyasəti çərçivəsində 2000-ci ildən etibarən regionlarda idmana olan marağın artırılması, bədən tərbiyəsi və idmana əlçatanlığın təmin edilməsi məqsədilə müxtəlif bölgələrdə də müasir tipli olimpiya- idman komplekslərinin tikilib istifadəyə verilməsinə başlandı.
Sonrakı illərdə Ümumilli liderin əsasını qoyduğu gənclər və idman siyasəti bütün sahələrdə olduğu kimi cənab Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildi. Bədən tərbiyəsinə marağın artırılması, idmanın kütləviləşməsi nəticəsində sağlam, dövlətini, xalqını, Vətənini sevən gənc nəsil formalaşdı. Ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edən idmançılarımız yetişdi. Məhz fiziki cəhətdən sağlam olan, ölkəsinə, xalqına bağlı olan Azərbaycan gəncliyi öz üzərinə qoyulmuş tarixi missiyanın öhdəsindən çox böyük uğurla gəldi. Əzəmətli gəncliyimizin Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyilə Vətən müharibəsində döyüş meydanında göstərdiyi şücaət bizə tarixi Zəfəri bəxş etdi.
Azərbaycan gəncliyinin istər ön cəbhədə göstərdiyi qəhrəmanlıqlar, istərsə də arxa cəbhədə orduya yardımı, ölkə başçısı tərəfindən müəyyən edilmiş siyasi kursun, habelə həqiqətlərimizin dünyaya çatdırılması nəticəsində tariximizin ən Şanlı səhifəsi yazıldı və 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımız düşmən işğalından birdəfəlik azad edildi.
Bu gün də idmançılarımız döyüş meydanında qazanılmış Zəfərimizi beynəlxalq olimpiadalarda və yarışlarda uğurla davam etdirir, bayrağımızı göylərə ucaldırlar.
Ulu öndər tərəfindən əsası qoyulmuş idman siyasəti ötən illər ərzində həm də ölkəmizi dünyada idman brendinə çevirdi. Avropa Oyunları, İslam Olipiadası, Formula-1 kimi beynəlxalq yarışların ən yüksək səviyyədə təşkilatçısına cevrilən ölkəmiz, Euro 2020 kimi dünyanın ən mötəbər idman turnirinin oyunlarına da ev sahibliyi edir.
Bütün bunlar əminliklə deməyə əsas verir ki, Azərbaycan gəncliyi bundan sonra da cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin daha da inkişaf etdirilməsinə öz dəyərli töhfələrini verəcəkdir.
Milli Məclis Sədrinin müavini Adil Əliyev
www.yenicag.az