İki dövlətli həll tarixi geridə QALDI – İsrailə qarşı cəbhə alanların sayı ÇOXALIR – İLGİNC DETALLAR
“İsrailin HƏMAS-a qarşı antiterror əməliyyatı olaraq başlatdığı, insanlığa qarşı cinayətlərlə dolu, ən müasir dünya tarixinə qara ləkə kimi düşən müharibə dünyada Fələstinlə bağlı siyasi mövqenin qətiləşməsinə gətirib çıxardı”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
O bildirib ki, İsrail artıq “iki dövlətli həll” modelini rədd edir:
“Bu model hələ 1948-ci ildən mövcud idi. Lakin ərəb dövlətlərinin İsrailin yaradılması və genişlənması faktını qəbul etməməsi səbəbilə yaşanan bir neçə müharibə və hərbi-siyasi toqquşmalar, bunun ardından İsrailin öz “təhlükəsizlik zolağı”nı genişləndirmək istiqamətində apardığı regional xarici siyasət modeli bugünkü reallığı doğurdu. İsrailin Fələstində həyata keçirdiyi dağıdıcı siyasət konkret olaraq oradakı idarəetmənin total məhvinə yönəlib. Amma İsrailin qeyri-bərabər güc və qeyri-insani davranış sərgiləməklə yaratmağa çalışdığı reallıq dünyada, hətta Avropada da sərt qarşılanmaqdadır. Hazırda Avropa İttifaqının İsrailə qarşı iqtisadi təzyiq barədə təklifləri müzakirə olunur. İspaniya hərbi yardımla bağlı qəti addım ataraq müvafiq qadağalar tətbiq etdi. İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası da dünya birliyini İsrailə qarşı kollektiv davranışa səslədi və bunun fonunda artıq 151 ölkə Fələstini tanıyır”.
Ekspert ABŞ Dövlət katibi Marko Rubionun sözlərini xatırladaraq bildirib ki, Fələstinin tanınması neqativ nəticələrə gətirib çıxaracaq:
“7 oktyabr 2023-cü ildə müharibənin başlamasında sonra Fələstini tanıyanlar siyahısına İrlandiya, Norveç, İspaniya, Sloveniya, Ermənistan və Meksika əlavə olunmuşdu. Dünən – sentyabrın 21-də Kanada, Avstraliya, Böyük Britaniya və Portuqaliya da Fələstini dövlət kimi tanıdı. Fransa və Belçika kimi ölkələrin isə oxşar addımı sentyabrın sonuna kimi atacağı gözlənilir. Lakin əsas sual budur: bu tanınma Fələstinə nə verəcək? Dünya ictimaiyyəti vaxtilə Azərbaycanın da ərazi bütövlüyünü tanıyırdı, amma 30 illik işğal dövründə ölkəmizin məruz qaldığı beynəlxalq hüquqa zidd vəziyyəti sonlandırmaq üçün Azərbaycana heç bir yardım göstərilmədi”.
“Fələstinin müstəqil dövlət olaraq beynəlxalq münasibətlər arenasına qədəm qoyması üçün bu faktın İsrail tərəfindən qəbul edilməsi lazımdır. Bu isə yalnız o halda baş verə bilər ki, ABŞ rəsmi Təl-Əvivi buna vadar etsin. Lakin hazırkı administrasiya sona qədər İsraili dəstəkləyəcək. Burada ABŞ Dövlət Katibi Marko Rubionun sözlərini xatırlatmaq olar. O deyir ki, Fələstinin tanınmasının neqativ nəticələri olacaq. Başqa sözlə, Tramp hakimiyyəti dövründə belə bir tanınmanın olmayacağı, qlobal çağırışların İsrailə qarşı hərbi-siyasi konsolidasiyа gətirib çıxarmayacağı, tanınmanın “simvolik” xarakter daşıyacağı aydındır”.
Məlik Məlikov