İqtidarla müxalifətin dialoqu sonunda baş tutacaqmı?! – Rəylər
İqtidarla müxalifətin dialoq məsələsi yenidən gündəmə gəlib. Siyasi ekspertlər, ictimai xadimlər o cümlədən media rəhbərləri məsələyə fərqli yanaşırlar. Beləliklə, Yenicag.az-ın “İqtidar və müxalifət dialoqu baş tutacaqmı?” sualına cavabları təqdim edirik.
Könül Əliyeva: Müsavat partiyasında Ali Məclis üzvü, Qubadlı rayon təşkilatında təşkilatı məsələlər üzrə müavin: “ İqtidar müxalifətlə heç bir dialoqa getmək istəmir. Bu göz önündə deyilmi. Azərbaycandakı siyasi məhbus məsələsi bu qədər gündəmdəykən bunu inkar edirsə , insanların azad toplaşma hüququ yoxdursa, ölkədə məmur özbaşınalığı bu qədər həddin aşaraq günü-gündən diapozonundan çıxırsa bu və ya digər məsəllər sürətlə cərəyan edirsə və buna iqtidar göz yumursa hansı dialoqdan söhbət gedə bilər ?!”
Amil Hacıyev: Publika.az saytının baş redaktoru “İqtidar həmişə dialoqa açıq olduğunu deyir. Amma müxalifət yüksək çinli partiya nümayəndələrinin gəlişini tələb edir. Məncə bunun baş tutması üçün tərəflər güzəştə getməlidirlər. Ən azı bir neçə belə dialoq baş tutsa davamı gələcək. Amma müxalifətin başı öz aralarında mübahisəyə qarışdığından digər məsələlər arxa plana keçir. Nəticədə isə əsas məsələlər yaddan çıxır. Məncə dialoq elə birinci müxalifətin öz arasında olmalıdır. Daha sonra iqtidarla dialoqa getmək olar”.
Natiq Miri, Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq: “Hakimiyyətdə və müxalifətdə bu görüşü istəməyənlər mövcuddur. Çünki dialoq, anlaşma onların mövqelərini təhdid edir. Bu qüvvələrə qarşıdurma lazımdır ki, onların gərəkliliyi, mövcudluğu mümkün olsun. Amma bunlara rəğmən bu dialoqun baş tutması daha çox çox hakimiyyətdən asılıdır. Çünki müxalifət adına təşəbbüs göstərənlər artıq öz seçimini etmiş kimi görünürlər və cəmiyyətin önünün açılmasını məhz dialoq mühitinin formalaşmasında, anlaşmalarda görürlər. Müxalifət artıq topu hakimiyyətin meydanına atıb. Söz artıq hakimiyyətindir, gözlər məhz iqtidarın üzərindədir. Ona görə də dialoq təklifindən imtina etmək hakimiyyət üçün o qədər də asan olmayacaq Çünki dialoqdan imtina üçün heç bir ciddi səbəblər yoxdur və olduğu təqdirdə həm daxili, həm də beynəlxalq ictimai rəydə hakimiyyət uduzacaq, qınaq obyektinə çevriləcək. Ona görə indiki şəraitdə ən doğru addım müxalifətlə görüşüb bir çox taleyüklü məsələləri müzakirə etmək olardı. Bunu dövlət və milli maraqlar da zəruri edir. Düşünürəm ki, bu görüş hakimiyyət üçün həssas bir məqamda baş tutacaq. Bu görüş Dünya Azərbaycanlıların həmrəylik günü ərəfəsində olması uyqun olardı. Amma bu görüşün daha çox 2015-ci ilə baş tutacağı real görünür.”
Ərəstun Oruclu Şərq-Qərb araşdırmalar mərkəzinin direktoru: “Məncə belə bir dialoq üçün şərait hələ yetişməyib. Əvvəla, hələ iqtidar buna hazır görünmür, çünki cəmiyyətdə özünə real opponent qüvvə görmür, ikincisi isə, müxalif düşərgə son dərəcə ziddiyyətlər və pərakəndəlik yaşayır. Bu isə real siyasi dialoq üçün zəmin olmadığını deməyə əsas verir”
Bəxtiyar Hacıyev. İctimai fəal.siyasətçi. “Hazırda Azərbaycanda iqtidar-müxalifət dialoquna ehtiyac yoxdur. İqtidar öz problemlərini də, həll yollarını da çox gözəl bilir. Dialoqda maraqlı olan müxalif partiyaların isə elə resursları, qeyri-adi ideyaları, təklifləri, dövlət idarəçiliyində, xarici siyasətdə təcrübələri yoxdur ki, iqtidar-müxalifət dialoqu nəticəsində onların təklifləri iqtidar tərəfindən qəbul edilsin. (Təbii ki, Sərdar Cəlaloğlunun Albert Eynşteynin Nisbilik nəzəriyyəsində tapdığı səhvləri müzakirə etməkdən başqa.)Dialoq yalnız bir halda baş verə bilər. İqtidar öz səhvlərini düzəltmək, eyni zamanda simasını qorumaq üçün müxalif partiyalarla görüş keçirə, s
onra isə sanki bu görüşün nəticəsi kimi müəyyən addımlar ata bilər. Məsələn, siyasi məhbusları xarici təzyiqlərə görə yox, məhz “iqtidar-müxalifət dialoqu” nəticəsində azad etdiyini bildirə bilər.”
Anar Əhmədov Axar.az saytı: “Xeyr, baş tutmayacaq. İndiyə qədər bəlli səbəblərdən baş tutmayan bu dialoqun bundan sonra da reallaşacağına inanmıram. Həm də artıq bu dialoq məsələsi çox köhnəlib və bunun gündəmə gətirilməsi belə mənasızdır”