Reklam: High Technic
hightechnic

“İran İsraillə heç vaxt müharibəyə başlamayacaq” – Rusiyalı politoloq

Rusiyanın tanınmış politoloqu Maksim Şevçenko Yeniçağ.Ru-ya müsahibəsində Yaxın Şərqdə cərəyan edən prosesləri dəyərləndirib.

– Suriyanın Menbiç bölgəsinə Amerika qoşunları yeridilib. Eyni zamanda, Suriyada Türkiyə, Rusiya, İran və İsrailin də hərbi qüvvələri var. Yəni demək olar ki, Suriya münaqişəsinin bütün əsas aktyorları öz yerlərini tutublar. Sizcə, bu dövlətlər arasında həlledici müharibə gözlənilirmi?

– Suriyada müharibə sözsüz ki, davam edəcək və gərginlik daha da artacaq. Məncə, İsrail “Hizbullah”a, Türkiyə isə kürdlərə qarşı açıq müharibəyə başlayacaq. İran isə İraq şiələrini müdafiə etməyə çalışacaq. Mən bu regionda müharibənin qarşısının alınması perspektivini görmürəm.

– Bəs İŞİD necə olacaq?

– İŞİD elə də mühüm faktor deyil. İŞİD həmin ölkələrin Suriyaya qoşun yeritmələri üçün bir bəhanədir. Hamı ora qoşun göndərməyini İŞİD-lə əlaqələndirir. İŞİD-i “Feyk piar” adlandırmaq doğru olmazdı – bu, belə deyil. Əlbəttə, İŞİD təhlükəli təşkilatdır. Ancaq İŞİD həmin dövlətlərin Suriya siyasətinin əsas motivi kimi görünmür.

– Bu münaqişədə Türkiyə hansı mövqeyi tutur?

– Əvvəla, Türkiyə öz sərhədlərinin təhlükəsizliyini terrorçulardan qorumaq niyyətindədir. Türkiyə siyasi kürd məsələsini kürdlərlə deyil, onların radikal təşkilatları – solçularla, yaxud da milliyyətçilərlə həll etmək istəyir.
Ankara daha sonra dünyanın ən vacib regionlarından biri olan Mosulu nəzarət altına almağı düşünür. Onlar Mosulda Türkiyəyə loyal münasibəti olan bir hakimiyyətin formalaşdırılmasını fikirləşirlər. Bundan başqa, Ankara Qafqazın cənubundan Qara və ya Aralıq dənizi istiqaməti ilə Türkiyədən keçən “İpək yolu”nun təhlükəsizliyini də təmin etməyi hədəfləyir.

– İranın indiki mövqeyi necədir? İranla İsrail arasında müharibənin başlaması mümkündürmü?

– İran İsraillə heç vaxt müharibəyə başlamayacaq, “Hizbullah” isə var gücü ilə İsraildən qorunmağa çalışacaq. Netanyahunun həyasızcasına dediyinin əksinə olaraq, “Hizbullah” İranın nəzarətində olmayan müstəqil qüvvədir. “Hizbullah” bir şiə təşkilatıdır. Şiələr Livanın cənubuna İslamın təşəkkülünün ilk əsrində gəliblər – o zaman İranda şiəlik yox idi. “Hizbullah” Livan xristianlarının və sünnilərinin də dəstəklədiyi müstəqil gücdür. O baxımdan, “Hizbullah”a yönələn təhlükə Livana qarşı təhdid hesab olunur. Mən müharibə arzulamıram, ancaq ona hazırlaşmaq lazımdır.

– ABŞ prezidenti İranı terrorçu dövlətlərin “qara siyahısı”na salıb. İran həm də Rusiyanın Yaxın Şərqdəki müttəfiqidr. Bu vəziyyətdə Rusiya İrandan uzaqlaşa bilərmi?

– Biz Rusiyanın İranı necə satdığını gördük. Medvedyevin vaxtında Rusiya İranla S-300 raketləri üzrə müqavilə imzalasa da, İsrail lobbisinin təzyiqi altında o sazişi pozdu. Bu, çox qəliz oyun və mürəkkəb tarixdir. İsrail lobbisinin Rusiyada siyasi qərarların qəbuluna təsir imkanı genişdir. Bu, mənim ölkəmin, Azərbaycanın, o cümlədən Avropanın maraqlarına ziyan vurur. İsrail yəhudi xalqının təmsilçisi yox, sadəcə, bir dövlətdir. Xaricdə daha çox yəhudi yaşayır, nəinki İsrailin özündə. İsrailin siyasəti yəhudilərin siyasəti deyil – bu, neomüstəmləkəçilik və neoimperializm siyasətidir. İsrail dövlətinin siyasəti İslam aləminin talan edilərək, qula çevrilməsinə yönəlib. O, siyasət dayandırılmasa, indiki müharibə və terror uzun müddət davam edəcək.

– Qeyd etdiniz ki, İran müharibəyə hazırlaşır…

– Deyiləndə ki, sənin dövlətin terror anklavıdır, o zaman müharibəyə hazırlaşmaq lazımdır. İran müharibəyə nə qədər ciddi hazırlaşarsa, savaş ehtimalı da o qədər aşağı olar.

 

Yeniçağ.Az

www.yenicag.az

112