“Teokratik rejimlərdə seçkilər formal xarakter daşıyır”.
Bu fikri Yenicag.az-a açıqlamasında İranda keçirilən prezident seçkiləri, azərbaycanlı namizədin reytinqdə öndə olması və onun seçiləcəyi təqdirdə, İran- Azərbaycan münasibətlərinin necə olacağını şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Zəlimxan Məmmədli bildirib ki, islahatçı bir xətt ortaya qoyarsa, azərbaycanlı namizədin seçilməsi müsbət haldır.
“Məsud Pezeşkian şüarlarından cazibəli iki şey var, birincisi, türk olduğunu deyir, ikinci isə baş örtüyü məsələsinə də azadlıq verir. Dini lider də təməl prinsiplərdən kənara çıxanlara səs verməyin deyərək bəyanat verdi. Təməl prinsiplər türkçülüyün əlyeyhinədir və baş örtüyündə məcburiyyət var”, – deyə o qeyd edib.
Z.Məmmədli əlavə edib ki, teokratik rejimlərdə seçkilər formal xarakter daşıyır.
“Bu ölkədə prezidentin real siyasət həyata keçirmək, səlahiyyətlərindən istifadə edərək islahat aparmaq imkanları məhduddur. Rəisinin timsalında onu gördük. Onun aradan götürülməsi də proyekt idi. Konkret Azərbaycanla yaxınlaşmaqda o cəzasını aldı”, – deyə o bildirib.
O vurğulayıb ki, Məsud Pezeşkianın seçilməsinin tarixi, mənəvi, psixoloji əhəmiyyəti var:
“Onun şüarlarında türkçülüyün önə çıxarılması da əhəmiyyətli fikirdir. Bu region türk coğrafiyasıdır.
Ehtimal ki, o, seçiləcəyi təqdirdə, dini liderlə toqquşma halları da ola bilər. Siyasətə bu cür hallar mümkündür. İslahatçı bir xətt ortaya qoyarsa, azərbaycanlı namizədin seçilməsi müsbət haldır. Pislərin içərisində ən yaxşısı da deyə bilərik. Yaxud onun şüralarının gələcəkdə pozitiv dəyişiklər gətirə biləcəyi də mümkündür”.
Səxavət Məmməd
www.yenicag.az