!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın hərəkətlənməsi fonunda Ankara-Tel-Əviv YAXINLAŞMASI: “İsrail müdafiə nazirinin Türkiyəyə səfəri…” – ŞƏRH

!Reklam – Yazi

“Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması prosesi yaxın vaxtlara qədər Azərbaycan üzərindən həyata keçirilirdi”.

Bu fikirləri İsrailin müdafiə naziri Benni Qantsın Türkiyəyə gələn həftə baş tutacaq səfərinin mümkün səbəblərini dəyərləndirən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, Türkiyə ilə İsrail arasında münasibətlərin böhranlı dönəmində də bu ölkələr arasında hərbi və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq davam etdirilib:

“Əlbəttə, hazırda regionda olduqca ciddi proseslərin getdiyi bir vaxtda nə Türkiyə, nə də İsrail bu axından kənarda qalmağı düşünmür. Ciddi proseslər dedikdə, həm də İranın bölgədə hərbi iştirakını artırmaq cəhdlərini, eyni zamanda, o ölkənin Ukrayna savaşına qarışaraq Rusiyaya kamikadze-dronlar göndərməsini qeyd edə bilərik. O baxımdan bu şərait Türkiyə ilə İsrail arasında yaxınlaşmanı şərtləndirir.

Əslində, Türkiyə ilə İsrail arasında münasibətlərin böhranlı dönəmində də bu ölkələr arasında hərbi və təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın dayandırılmadığını bilirik. Tərəflər bu sahələrdə işbirliyinin əhəmiyyətini tam ciddiliyi ilə başa düşdükləri üçün qarşılıqlı təmasları kəsməmişdilər.

Vurğulanan səbəblərə görə, İsrail müdafiə nazirinin Türkiyəyə planlaşdırılan səfəri ciddi hadisədir və çox mühüm məna kəsb edir. Fikrimcə, tərəflər regiondakı mövcud vəziyyəti dəyərləndirərək, uyğun qərarların qəbulunda ortaq məxrəcə gələ biləcəklər.

Bir məqamı da qeyd etmək istərdim ki, Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması prosesi yaxın vaxtlara qədər Azərbaycan üzərindən həyata keçirilirdi. Ancaq göründüyü kimi, bu ölkələr artıq birbaşa təmaslar vasitəsilə prosesi irəli aparmaqdadırlar. Bu səfər prosesin sürətləndirilməsi baxımından, çox önəmlidir. Aparılan müzakirələrdən sonra atılacaq addımlar mümkün anlaşmalar barəsində daha konkret fikir bildirməyə imkan verəcək”.

A.Zeynalov

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv