İranın yeni prezidenti olmağa əsas namizəd, İran parlamentinin sədri, SEPAH-ın keçmiş komandiri, 12 il Tehran meri çalışmış texnokrat, islahatçı qanada müəyyən yaxınlığı olan Məhəmməd Baqir Qalibafdır. Lakin əsas sual budur ki, Xamneyi bir texnokratın prezident olmasına maraqlı olacaqmı?
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşri məlumat yayıb.
Agentlik həmçinin əlavə edib ki, İranın ali dini liderinin oğlu Müctəba Xamneyi prezident İbrahim Rəisinin ölümündən sonra atasının yerinə əsas namizəd oldu.
İranda yeni prezidentin kim olacağına dair səslənən iddialar fonunda iranlı jurnalist Araz Əzizi “The Atlantic” nəşri ilə söhbətində qeyd edib ki, ola bilsin, Əkbər Haşimi Rəfsəncani və Xamneyi arasında anlaşma olduğu kimi, Müctəba və Qalibaf arasında da anlaşma olsun.
“İran İslam İnqilabının rəhbəri sayılan Ruhulla Xomeyni 1989-cu ildə vəfat etdikdən sonra Seyid Əli Xamenei ali dini lider olmuşdu. Bundan sonra isə o, Rəfsəncanini prezident etdi, həmin dövrdə konstitusiya dəyişiklikləri edildi və Rəfsəncaninin səlahiyyətləri artırıldı. Belə bir mexanizm indi də ola bilər, lakin bunun üçün SEPAH-ın rəyi və son sözü önəmli olacaq. Lakin reallıq budur ki, Müctəba artıq ali dini lider olmaq üçün əsas namizəd oldu”, – deyə iranlı jurnalist bildirib.
Rafi Müslümov