Naxçıvanda imtahan prosesi POZULDU: Mühasiblər narahat, DİM isə susqundur
Dekabrın 21-də Naxçıvan şəhərində təşkil olunan peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) gözlənilməz texniki problemlə üzləşib. Məlumata görə, server sistemində yaranan nasazlıq səbəbindən imtahanı davam etdirmək mümkün olmayıb. Nəticədə proses dayandırılıb və imtahanın növbəti ilə keçirilməsi barədə qərar qəbul edilib.
Baş vermiş hadisə ilə bağlı Yenicag.az-a daxil olan çoxsaylı şikayətlərdə namizədlər ciddi narahatlıqlarını ifadə ediblər.
Bakıdan və digər regionlardan imtahan üçün Naxçıvana gedən şəxslər təyyarə biletləri, otel və yol xərclərinin boşa getdiyini bildirirlər.
Namizədlər ödədikləri 100 manat məbləğində imtahan haqqının taleyindən narahatdırlar. Bu vəsaitin növbəti imtahanda keçərli olub-olmayacağı barədə hələ rəsmi açıqlama verilməyib.
Ən böyük qeyri-müəyyənlik isə imtahan sualları ilə bağlıdır. Belə ki, 2026-ci ildən qüvvəyə minəcək yeni qanunvericilik dəyişiklikləri mühasibləri çətin seçim qarşısında qoyur:
“Biz aylardır, mövcud qanunvericilik üzrə hazırlaşırıq. İmtahan gələn ilə qaldığı üçün suallar yeni redaktədə olan Məcəlləyə əsasən salınacaq, yoxsa köhnə proqramla? Bu suala aydın cavab verilməməsi hazırlıq prosesimizi iflic edir”, – deyə namizədlər bildiriblər.












