"İrəvanda da, Eçmiədzində də qazılığımız fəaliyyətini bərpa edəcək" - Şeyx
Vaxtilə İrəvanda da bütün Ermənistanı əhatə edən İrəvan qazılığı fəaliyyət göstərib və Qafqaz Müsəlmanları İdarəsinə tabe olub. Sonradan İrəvanda aparılan siyasət nəticəsində Azərbaycan milləti deportasiya edilib və orada həmyerlilərimiz yaşaya bilmədiklərinə görə qazılığımız da fəaliyyətini icbari şəkildə dayandırıb.
Yenicag.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.
“İnanırıq ki, Qərbi azərbaycanlılar dədə-baba torpaqlarına qayıdacaqlar. Həmin torpaqlarda çoxlu məscid, ziyarətgah, qəbiristanlıq var. Qərbi Azərbaycan İcması ilə məsləhətləşmələr apararaq mənəvi dayaq üçün İrəvan qazılığımızı bərpa etdik. Bu gün İrəvan qazılığı burada öz fəaliyyətinə başlayıbsa, ümidvaram ki İrəvanda da, Eçmiədzində də öz fəaliyyətini bərpa edəcək”, – deyə A.Paşazadə bildirib.