“Son zamanlar Rusiyanın postsovet ölkələri ilə münasibətlərin qurulmasında müəyyən dəyişikləri, hətta yumşalmaları mövcuddur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Nadir Şəfiyev deyib.
Siyasi təhlilçi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya sərhədçilərinin Ermənistan ərazisindən çıxarılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
N. Şəfiyevə görə, Rusiya rəhbərliyi hazırda elə münasibətlər qurur ki, bu, həmin dövlətlərin rəhbərləri razılaşdırılır və bunlar, əsasən, hərbi sahədə özünü göstərir.
“Bu baxımdan, Ermənistanın öz ərazisindən rusiyalı hərbçiləri çıxarmaq istəyi onun müstəqil seçimidir. Burada ikinci məqam isə odur ki, Rusiya sərhədçilərinin Azərbaycanla sərhəddən, “Zvartnots” Beynəlxalq Hava Limanı və Ermənistanın cənub bölgəsini tərk etməsi o demək deyil ki, Rusiya Ermənistanı tərk edir. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan söyləmişdi ki, rəsmi İrəvan Rusiya tərəfindən Türkiyə ilə sərhəddən çıxmağı təklif etməyib”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə isə digər dövlətlərlə yanaşı, Rusiyaya da sərf edir ki, hazırda bu bölgədə sülh bərqərar olunsun:
“Sülhün əldə olunmasının əsas yolu isə delimitasiya-demarkasiya prosesindən keçir. Sözügedən proseslər keçirilirsə, təbii olaraq, həmin sahələrdə Azərbaycan və Ermənistan sərhədçilərinin yerləşdirilməsi labüddür. Bu məsələyə başqa cür yanaşmaq olmaz. Əgər Azərbaycan Ermənistanla sərhədlərini müəyyənləşdirirsə, deməli, hər iki tərəf təhlükəsizliklə bağlı üzərinə öhdəliklər götürür. Çünki hər iki tərəfdə yaşayan mülki əhalinin təhlükəsizliyi təkcə öz dövləti tərəfindən yox, o cümlədən, qarşı tərəfdən də təmin olunmalıdır. Yəni bu öhdəlikləri Azərbaycan və Ermənistan hakimiyyətləri öz üzərinə götürürsə, burada başqa bir problem olmayacaq”.
“O ki qaldı rus hərbçilərin “Zvartnots”u tərk etməsi məsələsinə, doğrudan da, burada çox absurd bir vəziyyət yaranmışdı. Ermənistan sənəd üzərində müstəqil bir dövlət sayılsa da, İrəvanın yeganə beynəlxalq hava limanında xaricdən gələnləri Rusiya sərhədçiləri yoxlayıb buraxırdı. Ona görə də Paşinyan Ermənistanın müstəqilliyinin atributlarından biri kimi rusların orada çıxarılmasını istədi. Rusiya da bu məsələyə başqa cür yanaşmır”, – deyə o, əlavə edib.
Mütəxəssisin fikrincə, Rusiyanın bölgədə təmsil olunmasına gəldikdə isə Gümrüdə müvafiq hərbi baza var və onun çıxarılması ilə bağlı söhbət yoxdur və ola da bilməz:
“Çünki Moskva və İrəvan arasında 49 illik müqavilə imzalanıb ki, bu baza hələ Ermənistanda uzun müddət qalacaq. Həmin bazanın çıxarılması isə artıq təhlükəsizlik baxımından birbaşa Rusiyaya olan təsir və təzyiq ola bilər. Əgər 102 nömrəli baza Ermənistandan çıxarılacaqsa, bu, bölgədə başqa hərbi qüvvələrin yerləşdirilməsi anlamına gələcək. Bu isə təbii olaraq Qərbin hərbi qüvvələri olacaq. Çünki nə İran, nə də Türkiyənin hərbi birləşmələrini ermənilər Gümrüdə yerləşdirmək istəməyəcəklər. Çox güman ki, onlar Fransa və digər Qərb qüvvələrini gətirəcəklər ki, bu da Rusiyanın qlobal siyasətinə və strateji hədəflərinə bir zərbə ola bilər. Ona görə də bu sahədə Rusiya geriyə heç bir addım atmayacaq”.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, İrəvan Moskvaya sərhədçilərin “Zvartnots” hava limanı, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd məntəqəsi və Sisyan (Qarakilsə -red.) ilə Gorusdakı Rusiya sülhməramlılarına 2 dəstək bazasından geri çəkməyi təklif edib.
Erməni rəsminin sözlərinə görə, Rusiya tərəfi bu təklifi qəbul edərək, İrəvanın sərhədçilərin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən də çıxarılmasını təklif edib-etmədiyini soruşublar. Rəsmi İrəvanın cavabını səsləndirən A. Qriqoryan əlavə edib ki, orada razılaşmalar var və hazırda Ermənistan hakimiyyəti hələlik geri çəkilmə məsələsini müzakirə etmir.
Rafi Müslümov
www.yenicag.az