“Erməni uşaqlar Ağrı dağının harada yerləşdiyini bilmir” – İrəvanda qəribə VƏZİYYƏT
“Nikol Paşinyan reallıqların Ermənistan cəmiyyətinə çatdırılması baxımından son dövrlər kifayət qədər cəsarətli mövqe nümayiş etdirir. Təbii ki, Baş nazirə qarşı revanşist qüvvələr əks-təbliğat aparmaqla onu nüfuzdan salmağa və seçkilərdə məğlub olmasına çalışırlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) İdarə Heyətinin üzvü, siyasi ekspert Əli Zülfüqaroğlu deyib.
O bildirib ki, buna görə də Paşinyan mütəmadi olaraq Qarabağ məsələsinin Ermənistan üçün fəlakətə səbəb olduğunu, eləcə də ölkənin inkişafını ləngitdiyini cəmiyyətə çatdırmaq ehtiyacı duyur:
“Çünki ona qarşı davamlı şəkildə kampaniya aparılır və Baş nazir Azərbaycanın diktəsi ilə hərəkət etməkdə günahlandırılır, Ermənistanın maraqlarını satmaqda ittiham olunur. Paşinyan bildirir ki, əgər revanşist qüvvələrin hakimiyyəti zamanı Qarabağ işğal olunmasaydı, Ermənistan bu qədər ciddi problemlərlə üzləşməzdi. O, “Real Ermənistan” konsepsiyasını ortaya atmaqla ölkəsinin qonşularla normal münasibətlər qurmasına, dövlətçiliyin möhkəmlənməsinə və iqtisadi inkişafın təmin edilməsinə səy göstərir. Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının qurultayında çıxışı zamanı bildirdi ki, orta məktəb şagirdləri ilə görüşəndə məlum olub ki, bir çox erməni uşaqlar Ağrı dağının Ermənistanda olmaması barədə məlumata malik deyillər. Bu isə kilsənin gənc nəslin düşüncəsinə necə zərərli təsir göstərdiyini ortaya qoyur. Paşinyan bunun Ermənistan dövlətçiliyinə və cəmiyyətinə ciddi zərər verdiyini vurğuladı”.
Ekspert vurğulayıb ki, Paşinyan bu tip məsələləri mütəmadi olaraq gündəmə gətirməklə ona qarşı aparılan təbliğatın əsassız olduğunu sübut etməyə çalışır:
“Hesab edirəm ki, bu, onun kifayət qədər cəsarətli mövqe nümayiş etdirdiyini göstərir. İkinci Qarabağ müharibəsində Ermənistan ciddi məğlubiyyətə uğradıqdan sonra belə Paşinyanın keçirilən seçkilərdə qalib gəlməsi onu göstərir ki, Ermənistan cəmiyyəti artıq Azərbaycanla müharibənin acı nəticələrini anlayır və bir daha övladlarının təhlükəyə düşməsini istəmir. Həmçinin Ermənistan dövlətinin mövcudluğunun sual altına düşməməsi üçün cəmiyyət əvvəlki dönəmdə olduğu kimi tamamilə revanşistlərlə eyni mövqedə deyil. Bu da onu deməyə əsas verir ki, Paşinyan Ermənistan daxilində mühüm addımlar atıb. Revanşist qüvvələr və kilsə müəyyən təbliğat apara bilər, amma düşünürəm ki, bunun ciddi nəticəsi olmayacaq”.
Məlik Məlikov