Son vaxtlar sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də iş yerində psixoloji basqıların və qısnamaların artmasıdır.
Yenicag.az xəbər verir ki, insanlar gileylənirlər ki, bir çox hallarda işdəki vəzifəli şəxslər özlərindən aşağı vəzifə tutan işçilərə qarşı basqılar edirlər.
Birbaşa iş prosesinə dəxli olmayan vasitələrlə, məsələn, “stolun üstünə kitab qoyma, rəis xoşlamır”, “çox gülmə, rəisin acığı tutar”, “saçını belə yığma, rəis əsəbiləşər” və digər bu kimi ifadələrlə vəzifəli şəxs iş atmosferini korlayır. Hətta belə qısnamalar bəzi işçilərin əsəb sarsıntısı keçirmələrinə səbəb olur. Bir sözlə vəzifələri şəxslərin qısnama və basqıları insanlarda ciddi mənəvi-psixoloji problem yaradır.
Bəs vəzifəli şəxslərin bu cür basqı və qısnamaları hansı hüquqi məsuliyyəti yaradır?
Suala Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib. Bizim.media-ya açıqlamasında o bildirib ki, psixoloji basqı və qısnama işçinin sağlamlığında ciddi fəsadlar yaratmayıbsa, o zaman bu məsələ intizam qaydasında həll olunur:
“Basqıya məruz qalan şəxs basqı edən şəxs barədə rəhbərliyə şikayət edir. Ondan həmin işçi barədə ölçü götürməsini xahiş edir. Bu məsələdə digər hallar da var. Əgər basqı və qısnamadan kimsə zərər görübsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər. İşçi qısnamaya görə məruz qaldığı mənəvi zərərə görə məhkəməyə mülki qaydada müraciət edə bilər.
İddiaçı aldığı mənəvi zərəri sübut edə bilsə ki, ona olan psixoloji təzyiqdən onun səhhətində problemlər yaranıb, onda CM-in 293-cü maddəsi ilə cinayət işi açıla bilər. Daha doğrusu 293-cü maddənin 3 bəndindən biri qarşı tərəfə tətbiq edilə bilər.
Əgər psixoloji basqı sıravi işçi tərəfindən törədilibsə, onda həmin şəxs dörd min manatdan altı min manatadək cərimə oluna və yaxud iki ilədək azadlıqdan məhrum oluna bilər. Əgər psixoloji basqı vəzifəli şəxs tərəfindən törədilibsə və sağlamlığa ciddi zərər vurubsa, onda həmin şəxs 293-cü maddənin digər bəndləri ilə üç ildən altı ilə və yaxud səkkiz ildən 11 ilə qədər cəza ala bilər”.
www.yenicag.az