İŞİD Yaxın Şərqin ən güclü ordusudur?
“Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) İslam Dövləti ilə bağlı analitik
araşdırması
Bu gün bütün dünyanın nəzəri iki nöqtəyə zillənib: bir Ukrayna, bir də İraq və Suriyada
güclənməkdə davam edən İslam Dövləti (İD), əvvəlki adı ilə tanıyanlar üçün İraq və Şam İslam
Dövləti (İŞİD).
Araşdırmalar apararkən, Al-Arabiya televiziyasının baş meneceri Abdulrahman Al-Rashedin bir
sıra açıqlamalrı ilə tanış olduqdan sonra ciddi düşünməyə vadar eolduq. ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin (MKİ) hesablamalarına görə iki il öncə İD-in sıralarında bir neçə yüz döyüşçü olub.
Bir neçə ay öncə isə onların sayı 10,000 yaxınlaşıb. Amma, sentyabr ayı üçün MKİ etiraf etdi ki,
İD döyüşçülərinin sayı üç dəfə artaraq 30,000 çatıb.
Bu, təbii ki, həyacanlandırıcı məlumatdır. Məhz, bu kəşfiyyat məlumatlarından sonra ABŞ
Terrorla Mübarizə əleyhinə Koalisiya formalaşdırmağa başlayıb. Məsələnin qorxulu tərəfi
bundadır ki, məhz ABŞ və İngiltərə əsrilərinin başını kəsərək internetə yerləşdirən və bu
dövlətlərə müharibə elan edən kəslər elə ABŞ və İngiltərə vətəndaşlarıdır. Onların biri təmiz
Amerika ləhcəsində, o biri isə təmiz Şərqi London ləhcəsində danışır.
Düşündürücü fakt nədən ibarətdir? Demək olmaz ki, ABŞ və İngiltərədən Suriyaya döyüşməyə
gedən bu döyüşçülər pis həyat, ədalət axtarışı və daha yaxşı yaşamaq üçün ora gediblər. Verilən
məlumatlar onu deyir ki, Avropa və ABŞ-ı tərk edib gedənlərin maliyyə durumları çox yaxşı
olub. Əgər bu gün yaxşı və dinc həyatı atıb gedərək ölümlə üzbəüz qalmağı göz önünə alanlar
varsa, onlarla vuruşmaq çox çətindir. Onlar inandıqları dini ideologiya uğrunda savaşır və bu
yolda ölməyi şəhidlik zirvəsi qəbul edirlər. Bu baxımdan onlar üzərində tam qələbə çalmaq gün-
gündən çətinləşməkdədir.
Ən böyük İslam hərb təşkilatı?
Hazırda İD dünyada hərbə söykənən ən böyük islam təşkilatıdır. Onun hərbi potensialı Kuveyt
ordusundan iki dəfə böyükdür. İD maliyyə cəhətdən, gizlənmə yerlərinin çoxluğuna və
silahlarının müasirliyinə və sayına görə də regionun ən böyük terror gücüdür. Bu ordu həm
də döyüş səhnəsində ölməyi şəhidlik kimi qəbul etdiyinə və bundan sonra da birbaşa cənnətə
düşdüyünə inandığına görə dünyanın ən təhlükəli ordusuna çevrilib. İD-nin hər bir döyüşçüsü
ölməyi arzulayır. Amma, ölmədən öncə daha çox kafiri öldürməyi Allah qarşısında müqəddəs
borc bilir. Məlumatlar var ki, bir neçə yüz döyüşçü hazır vəziyyətdə özünü partlatmaq üçün
zamanını gözləməkdədir. Kəşfiyyat məlumatları təsdiqləyir ki, bir İD döyüşçüsü 10 sıravi əsgərə
bərabərdir. Hətta, təsdiq olunmamış məlumatlar da yayılır ki, İD-nin bu günkü gücünü müqayisə
etmək üçün onu yaxşı silahlanmış və müasir silahlara malik ABŞ ordusu ilə müqayisə etmək
lazımdır. Bu faktın özü onu təsdiqləyir ki, İD-nə qarşı aparılan müharibə heç də asan olmayacaq.
Bu yazdıqlarımızdan əlavə, “Associated Press” agentliynin yaydığı hesabat da reallığı ortaya
qoyub. Hesabatda bildirilir ki, qanunsuz neft gəlirləri sayəsində İŞİD tarixin ən varlı terror
təşkilatına çevrilib. Hazırda “İslam Dövləti” qruplaşması Suriya və İraq ərazisində 11 neft
yatağına nəzarət edir. Bu yataqlardan hasil olunan neft avtosisternlərlə İordaniya, Türkiyə və
İraqın qara bazarlarında satılır. “İslam Dövləti”nin satdığı neftin qiyməti bir barrel üçün 25
dollardan 60 dollara qədər dəyişir. Lakin, dünya bazarlarında neftin bir barrelinin qiyməti 100
dollara yaxındır. Biznes müharibə zamanlarında da öz şəxsi mənafeyini daha üstün tutub. Bu
gün ABŞ onların maliyyə imkanlarını kəsmək istəsədə, həm Türkiyədə, İraqın özündə, Suriya,
İordaniyada və digər region ölkələrində İD ilə hərbi və neft üzrə əməkdaşlığı edən hökumət və
biznes strukturları olacaq. İstisna etmək olmaz ki, elə ABŞ və İngiltərə şirkətləri arasında da
varlanmaq istəyənlər mövcuddur.
Bununla bərabər, İD işğal etdiyi ərazilərdə də kifayət qədər pul vəsaiti ələ keçirib. İyun ayının
10-da Mosul işğal olunan zaman İD şəhərin Mərkəzi Bankından 500 milyard İraq dinarı (429
milyon ABŞ dolları) ələ keçirmişdi. Əlavə olaraq, qiyməti milyonlarla ölçülən qızıl külçələr də
götürülmüşdü. Hələ o zaman, İD-nin dünyanın ən varlı terrorist təşkilatı olması vurğulanmışdı.
Bu deyilənlərə əlavə olaraq “İslam Dövləti” həmçinin soyğunçuluqdan, oğurladıqları insanların
əvəzinə aldığı puldan və qul alverindən də milyonlar qazanır.
Hava yoxsa Quru müharibəsi
Artıq Vaşinqtonda çox gözəl başa düşülür ki, hava zərbələri ilə İD-ni məğlubiyyətə uğratmaq
mümkün deyil. ABŞ ordusu Koalisiya qüvvələri ilə quru savaşına başladıqda isə verdiyi
qurbanların sayı birinci və ikinci İraq müharibəsində verdiyi qurbanlardan daha çox ola bilər.
Bunun üçün də, Koalisiya daha çox Kürdləri və Şiələri silahlandırmaqda və onlara dəqiq
koordinatlar verməkdə maraqlıdır. Çünki, Qərbin canlı itgilər verməsi onlara qarşı daxili
müxalifəti daha da gücləndirə bilər. Digər yandan, ABŞ üçün 3-cü İraq müharibəsi başlamaq
və bunu ictimaiyyətə qəbul etdirmək çox çətindir. Elə buna görə də İranın İraq şiələrini
silahlandırması və İD-nə qarşı döyüşlərdə iştirak etməsi ABŞ üçün qəbulediləndir. Digər
zaman olsaydı, İranın bu addımı beynəlxalq güclər tərəfindən İraqın daxili işinə qarışmaq kimi
dəyərləndirilə bilərdi. İran prezidenti və Böyük Britaniya baş naziri arasında keçirilən görüş də
İranın Koalisiyaya qoşulması və mümkünsə quru əməliyyatlarında iştirakını mümkün edə bilər.
Yuxarıda qeyd etdiyimiz kimi, NATO qüvvələri canlı itgilər vermək niyyətində deyillər. Amma,
İran buna hazıdır. O, bunu etməklə İranın beynəlxalq gücünü nümayiş etdirmək niyyətindədir.
İD-ə qarşı bəzi Ərəb ölkələri İraqa quru qoşunları göndərməyi də təklif edir. Bunu Yaxın Şərqə
səfərinin yekunları ilə əlaqədar ABŞ dövlət katibi Con Kerri də dilə gətirmişdi. Belə görünür
ki, yalnız hava zərbələri ilə İD-i məğlubiyyətə uğratmaq mümkün görünmür. Digər tərəfdən
isə, ABŞ öz əsgərlərinin İraq səhralarında ölməsini də istəmir. Bunun üçün də Kürdlər və
şiələrlə bərabər, İD-i ilə vuruşmaq istəyən istənilən ölkəni də silahlandırmağa və hərbi yardım
göstərməyə hazırdır.
Suriya barədə
ABŞ-ın Suriya ərazisində İD-nə hava zərbələri endirməsi Bəşər Əsəd rejiminin maraqlarına
uyğun varıantdır. Amerika prezidenti Barak Obamanın İD ilə bağlı bütün açıqlamalarında Suriya
müxalifətinə də yardım göstəriləcəyini vurğulayır. Azad Suriya Ordusunun (ASO) 3000 üzvünün
hərbi təlimlərə cəlb olunması və silahlandırılması nəzərdə tutulur. Hərbi təlimlərə və silahlara
ABŞ 500 milyon dollar pul ayırıb. Bu proses isə bir il yarım–iki il civarında davam edən
məsələdir. Belə görünür ki, Bəşər Əsədin bir il hakimiyyətdə qalması mümkündür. ASO-nun
silahlandırılması Bəşər rejimini qane etməsədə, İD-nin Suriyadan qovulması fonunda ona vaxt
qazandırır. Bu zaman ərzində Bəşər Qərblə münasibətlərini normal hala gətirməyə çalışmaqla
bərabər, Rusiyanın da onu daha ciddi səylə müdafiə edəcəyi düşüncəsindədir. Əlavə olaraq,
İran Bəşər Əsəd rejiminə və Bəşəri müdafiə edən Livanın Hezbollah təşkilatına ciddi hərbi və
maliyyə yardımı göstərməkdədir.
Digər bir maraqlı təzad da var. ASO-nun 3000 döyüşçüsü təlimlərdə iştirak edəcək, amma yalnız
Hezbollah təşkilatının Suriyada olan döyüşçülərini sayı 6 minə qədərdir. Onlar yaxşı silahlanmış
və yaxşı hərbi təlim görmüş, döyüş təcrübəsinə malik hərbiçilərdir.
Azərbaycan və İslam Dövləti
Bu məsələ çox da aktual olmadığına görə bu barədə çox yazmağa ehtiyac da yoxdur.
Amma, zaman-zaman İD Azərbaycana da sirayət etmək üçün fikirlər səsləndirib. Kəşfiyyat
məlumatlarında İD-nin hədəfində Azərbaycanın da olması göstərilib. Azərbaycandan yüzlərlə
insan döyüşmək üçün Suriyaya gedib və İslam Dövlətinə qoşulub. Sentyabr ayında (bir neçə
gün öncə) Azərbaycana Milli Təhlükəsizlik Nazirliyi 26 nəfəri həbs edib və onların Suriyada
döyüşlərdə iştirak etdiyi barədə də kadrlar yayımlanıb.
Təbii ki, məsələ bununla bitmir. Bəlkə də yüzlərlə azərbaycanlı Suriyada döyüşüb və qayıdıb,
qalanları isə döyüşməkdədir. Onlar Azərbaycana dönəndən sonra, burada İD-nin sözçüsünə
və gizli ordusunun nümayəndələrinə çevriləcəklər. İstənilən an, onlar bu və ya digər məqsəd
üçün istifadə oluna bilərlər. Bunun üçün də, təhlükə Azərbaycan üçün qalmaqdadır və daha
ciddi tədbirlərin görülməsi ölkənin təhlükəsizlik konsepsiyasına daxil edilməlidir. Xüsusən,
sosial şəbəkələrdə İD-ni təbliğ edən yüzlərlə profillər var və onlar başqa adlar altında fəaliyyət
göstərirlər. Əlavə olaraq, minlərlə İD-nin öz zamanını gözləyən tərəfdarları var və hər zaman
göstəriş gəldiyi zaman hərəkətə keçə bilərlər.
Bu gün Azərbaycanda bir çoxlarını düşündürən məsələ həm də Azərbaycanın İD-nə qarşı
formalaşdırılan Anti-terror Koalisiyasına ABŞ tərəfindən dəvət olunub olunmaması məsələsidir.
Azərbaycan iqtidarı İD üzvlərini həbs etməklə, dəvət olduğu təqdirdə Koalisiyaya qoşulacağı
mesajını göndərmiş oldu. Lakin, ABŞ tələsmir. Məsələ burasındadır ki, Azərbaycan son
zamanlar insan hüquqları və demokratiya barəsində ciddi tənqid olunmaqdadır. ABŞ prezidenti
Barak Obamanın “Klintonun Qlobal Təşəbbüsü” konfransındakı çıxışında birbaşa Azərbaycanı
hədəf alması bu dəvətin reallaşmayacağından xəbər verir. ABŞ və NATO üzvlərinin İD-ni
vurmaq üçün dəstək aldığı kifayət qədər müsəlman ölkəsi var və Azərbaycana ciddi ehtiyac
duyulmur.
Nələr ola bilər?
Belə görünür ki, Suriyada vəziyyət İraqdakından daha çətin olacaq. Çünki, Kürd Pəşmərgə
qüvvələri, bir sıra potensial Ərəb dövlətlərinin qoşunları və hətta İran quru əməliyyatlarında
İraq ordusuna İD-nin ölkədən tam qovulmasına qədər tam dəstək verəcəyi kimi görünür. Amma,
Suriyada Koalisiya qüvvələrinin quru qoşunlarının əməliyyat aparması hələ ki, real görünmür.
Bunun üçün də İD-nin Suriyada Bəşər Əsəd qədər ömrünün olacağı mümkündür.
Qərb başqa bir yolu da sınaqdan keçirə bilər. Çünki, ABŞ prezidenti bəyan edib ki, İD heç
bir yerdə təhlükəsiz yaşaya bilməyəcək və onlar bütün dünyada ovlanacaq. Suriyada ABŞ-ın
yalnız hava zərbələri ilə İD-ni məğlub etməsi mümkün deyil, Bəşər Əsədin qüvvələrinin quru
əməliyyatlarına dəstək də verilməsi qəbuledilməzdir və bu Bəşər rejiminin ömrünü uzadardı.
Koalisiya qüvvələrinə isə Rusiya və Çin Suriya ərazisinə girməyə imkan tanımır.
Belə olan halda, ABŞ və müttəfiqləri nə barədə razılığa gələ bilərlər? Bəşər Əsədin
hakimiyyətdən uzaqlaşdırılması və yeni hökümətin ABŞ və müttəfiqlərini ölkəyə dəvət etməsi.
Bu zaman Rusiya və Çinin edəcəyi bir imkan qalmamaqdadır. Vacib olan məsələ İranın Bəşər
Əsədin arxasından geri çəkilməsinə nail olmaqdır. Bəlkə də 1979-cu ildən bəri ilk dəfə Böyük
Britaniyanın baş naziri David Kameron və İran prezidenti Həsən Ruhani arasında Nyu Yorkda
baş tutan tarixi görüş də buna hesablanıb…